Qəhrəmanlar unudulmur
Region

Qəhrəmanlar unudulmur

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmaqla qələbə sevincini xalqımıza yaşadan igid oğullarımızın şəhadətinin iki ili tamam olur. Respublikanın bütün guşələrində olduğu kimi, Tərtər rayonunda da şəhid ailələri ziyarət olunur, onların xatirələri anılır.

İcra başçısı Vətən müharibəsi şəhidi Şahbazov Ruslan Mahir oğlunun ölümünün ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birgə şəhidin ildönümü mərasimində iştirak edib, ailəsinə başsağlığı verərək, səbir diləyib.

Ruslan Mahir oğlu Şahbazov Azərbaycan Silahlı Qüvvələrinin giziri idi. O, 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub.

2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. O, 2016-cı ilin 2-5 aprel döyüşlərin iştirakçısı olub. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində isə Talış, Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Düşmənin 5 tankını, xeyli canlı qüvvəsini məhv edib və Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub, Ələsgərli kəndində dəfn olunub.

Ruslan Şahbazov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan bayrağı" ordeni, "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Azərbaycan Ordusunun 100 illiyi" medalları ilə təltif olunub.

Ruslan Şahbazovun adına doğulduğu kənddə bulaq tikilib. Tərtər şəhərində isə adına küçə verilib, beləliklə əziz xatirəsi əbədiləşdirilib.

***

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birgə şəhid Bağırlı Mirsədi Mircəfər oğlunun ailəsini ziyarət edib, onlara başsağlığı verib. Cümə Məscidinin imamı Sadıq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

Əslən Tərtər rayonunun Umudlu kəndindən olan kiçik gizir Mirsədi Bağırlı 12 iyun 2000-ci ildə Bərdə rayonunun Mehdixanlı kəndində anadan olub. 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olan Mirsədidə sərhədçi peşəsinə maraq yaranıb. O, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edib. 2020-ci il fevralın 8-də xidmətə qəbul edilib, az vaxtda hərbi hissənin etimadını qazanıb.

44 günlük Vətən müharibəsində Mirsədi snayperçi kimi iştirak edib. Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə cəsarətlə vuruşmuşdur. O, Hadrut istiqamətində gedən şiddətli döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub.

Kiçik gizir Mirsədi Bağırlı ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Mirsədi Bağırlı qardaşına göndərdiyi son səs yazısında: "Mən şəhid olsam ağlamayın, fəxr edin ki, qardaşım şəhid olub, Tanrı dərgahında imamlarımızın, peyğəmbərlərimizin yanındadır", - deyir.

Mirsədi dediyi kimi, Tanrı dərgahında şəhidlərin yeri başqadır, onlar Ulu Tanrının sevdiyi bəndələrdir.

Vəli VƏLİYEV,

"Respublika".