Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda "Palladium Defence and Security Solutions" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin şikayətini, cavabverən orqan Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri K.Abiyevanın, Azərbaycan Respublikasının iqtisadiyyat naziri M.Cabbarovun və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri A.Bağırovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini, habelə iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinin mənasına görə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinin tələbləri həmin Qanunun 11.1-ci maddəsində göstərilən əsasa görə baş tutmayan tenderə şamil edilə bilməz.

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Məsələ qanunvericilik qaydasında həll edilənədək, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsində göstərilən əsasa görə baş tutmayan, lakin tender üzrə iştirak haqqını ödəmiş və iddiaçı kimi qeydiyyatdan keçmiş iştirakçıların iştirak haqqının həmin Qanunun 11.5-ci maddəsinə əsasən keçirilən növbəti tenderdə əvəzləşdirilməsi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş qaydada təmin edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

AZƏRTAC