Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

14 oktyabr 2020-ci il

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu ilə sərhəd zonasında yerləşdirilmiş Ermənistanın bir neçə ballistik raket kompleksini məhv etdiyini bildirib. Məlumata görə, bu raket sistemləri Gəncə, Mingəçevir və Azərbaycanın digər şəhərlərindəki mülki əhaliyə və infrastruktura yönəlmişdi. "Bu dəfə də bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad edib". Bunu Prezident İlham Əliyev "Habertürk" kanalına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, işğaldan azadetmə əməliyyatımız uğurla davam edir: "Bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Biz daha böyük əzmlə, iradə ilə düşmənə qarşı vuruşacağıq. Daha əzmlə, iradə ilə öz torpaqlarımızı azad edəcəyik. Azərbaycan bayrağını bütün işğal edilmiş torpaqlarda qaldıracağıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Azərbaycan Silahlı Qüvvələrinin kamikadze-dronu Ermənistan silahlı qüvvələrinin "İsgəndər" əməliyyat-taktiki raket sistemini məhv edib. Azərbaycan mətbuatının yazdığına görə, bunların arasında ən azı üç əməliyyat-taktiki raket sistemi, pilotsuz təyyarədən çəkilmiş fotoşəkilə əsasən bir "Tochka-U" və iki "İsgəndər" əməliyyat-taktiki raket sistemi olub. Ermənistan silahlı qüvvələrinin taktiki raket sistemlərinin Kəlbəcər rayonu ərazisində yerləşdirildiyi və onlardan ən azı birinin birbaşa olaraq istifadədən dərhal əvvəl məhv edildiyi qeyd olunub. Ermənistan silahlı qüvvələri Tərtər rayonunun mərkəzi hissəsini raket atəşinə tutub. Atılan raketlərdən biri şəhərin mərkəzində yerləşən iri ticarət mərkəzinə düşüb.

"Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır, mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir". Bunu Prezident İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdü: "Bu dəfə də bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndi işğaldan azad edib və işğaldan azadetmə əməliyyatımız uğurla davam edib. Ermənistan hərbi-siyasi rəhbərliyinin Gəncədəki mülki obyekt və şəxslərə qarşı törətdiyi terror aktını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Avropa İdman Şəhərləri və Paytaxtları Federasiyasına, Avropa Gənclər Forumuna, müxtəlif illərdə Avropanın gənclər paytaxtları olmuş 12 şəhərin merlərinə, habelə Koreyanın Qvanqju şəhərinin rəhbərliyinə məktub göndərilib. Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib ki, bu müddət ərzində bizim çox böyük itkilərimiz var. Son günlərdə ordu bir qədər geri çəkilib. Biz anlamalıyıq ki, çox ağır vəziyyət yaranıb.

Prezident İlham Əliyev Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan yaşayış məntəqələrini elan edib: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

"Respublika".