Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan Qərbi Roma imperiyasının süqutunu oxuculara təqdim edirik.

“Respublika".

 

Qərbi Roma imperiyasının süqutu

Bəşəriyyətin təkamülünə səbəb olmaqla dünya tarixinin gedişatına təsir edən ən mühüm hadisələrdən biri də Roma kimi əzəmətli bir imperiyanın süqutudur. Bu imperiyanın süqutu ilə  qədim dünya tarixi də sona çatmışdır.

Nəinki Avropada, bütünlükdə dünya  sivilizasiyasının yaranmasında və formalaşmasında müstəsna rolu olan bu dövlətin tarixini təhlil etmək fonunda günümüzün reallıqlarının dərk edilməsi də xeyli asanlaşır. Yəqin buna görədir ki, antik dövrdən tutmuş, bizim eranın III minilliyinin başlanğıcına qədər çoxları qədim Roma tarixinə müraciət etmiş, onun çiçəklənməsi və süqut etməsinin səbəblərini araşdırmaqla hər kəs öz dövrünün problemlərinə də məhz bu kontekstdə cavab axtarmışdır.

Qədim Romanın başlanğıcından süqutuna qədər olan tarixi mərhələləri nəzərdən keçirərkən burada insan təbiətinin ən uca mənəvi zirvələrini də, rəzilliyin ən dərin uçurumlarını da görmək mümkündür. Burada vətənin mənafeyini hər şeydən üstün tutan yenilməz insanlarla yanaşı, miskin mənəviyyat sahibləri də az deyildi.

Qədim Roma elə bir əzəmətli imperiya idi ki, onu yalnız özü məhv edə bilərdi. Tənəzzülü sürətlənən imperiya, sümükləri  kövrəkləşdiyindən azacıq yıxılanda qol-qılçası çilik-çilik olan bir qoca  kimi, kənardan olan zərbələrə heç də davam gətirmək iqtidarında deyildi.

Yəqin ki, İntibahdan sonrakı Avropanın iti baxışlarını antik dünyaya dikməsi, qədim  Romanı öyrənməyə girişməsi təsadüfi deyildi. Renessans elmi, mədəniyyəti və ədəbiyyatı inkişaf etdirmək üçün ilk növbədə bu nəhəng xəzinədən faydalanmağa başladı. Antik dövrün dərk edilməsi, adamların şüurunu orta əsrlərin mistizmindən azad edir, onları reallığı müşahidə etməyə, təbiəti, cəmiyyəti, insanın özünü öyrənməyə sövq edirdi. Antik fəlsəfi fikrin əsasında müasir fəlsəfə təşəkkül tapdı. Antik dövrün öyrənilməsi təbiət qanunlarının dərk edilməsinə, onlardan istifadəyə şəriat yaratdı. Bu dövrün dövlət quruluşu formaları ilə yaxından tanışlıq yeni cəmiyyət münasibətlərinin, idarəetmə prinsiplərinin meydana gəlməsinə yol açdı.

Kiçik bir kəndli icmasından başlanğıcını götürən Roma bir qədər sonra qədim dünyanın ən güclü dövlətinə çevrilmiş, çox sayda yad ərazilər onun əyalətləri sırasına daxil olmuş, digərləri isə ondan asılı olan dövlətlər rolunu oynamaq məcburiyyətində qalmışdılar. Roma imperiyası özünün uzunömürlülüyü ilə, Makedoniyalı İsgəndərin qısa müddət ərzində  parçalanıb, məhv olan imperiyası ilə müqayisə edilə bilməz. Ərazi etibarı ilə Roma dünyanın ən böyük imperiyalarından biri olmuşdur.

Qədim romalılar İtalyan (Apennin) yarımadasını tədricən işğal etdikdən sonra, öz ərazilərini bütün Aralıq dənizi hövzəsinədək genişləndirdilər, öz imperiyalarını Avropada Atlantik okeanının sahillərinə qədər böyütdülər. Onların işğalları təkcə ağalıq etməyə deyil, həm də çox sayda xalqları sivilizasiyalaşdırmağa imkan verdi. Bu xalqlara onlar uzun müddət davam edən təsir göstərdilər. Bir çox regionlara latın dili və Roma hüququ dərindən nüfuz etdi. Bu, romalıların mədəniyyətinin qeyri-adi və uzun müddət davam edən uğurlarının təsadüfi hal daşımamasına parlaq sübutdur. Latın dili bir sıra Avropa xalqlarının dilinin yaranmasında müstəqil rol oynamışdır. Roman hüququ bu elmin yaranmasında, inkişafında mühüm rol oynamış, müasir hüquqşünaslığın bünövrəsini təşkil etmişdir.

Qədim Romanın xarabalıqları belə, antik dövrün zəngin və dəbdəbəli həyatından xəbər verir. Bu dövlətin tarixi heç də qurumuş mumiyalar sərgisi olmayıb, ehtirasları və coşqunluğu ilə insanı heyrətə salan cəmiyyətdən xəbər verir. Elə bil ki, bu əbədi şəhərin o dövrlərdəki abad küçələrində və meydanlarında baş verən canlı hadisələrin şahidi olursan, çoxlu tanış sifətləri seyr edirsən. O dövrdə cərəyan edən hadisələr elə bil ki, bu gün dünyada baş verən kataklizmlərlə səsləşir. Ona görə də Roma əhvalatları bəşəriyyətin təkcə keçmişindən deyil, yüksəkliyi, nəcibliyi və dəhşətləri, harınlığın yekrəngliyi və bədbəxtliyin rəngarəngliyi, həyatın dinamikası, təzadları ilə həm də bu gündən xəbər verir.

Romalılar incəsənət sahəsindəki yaradıcılıqları, elmi axtarışları və ya fəlsəfi fikir meydanındakı nailiyyətləri ilə sələfləri olan qədim yunanlarla müqayisədə zəif olsalar da, öz doğma torpaqlarına möhkəm vurğunluğu və inzibati təşkilatçılıq məsələsində xüsusi qabiliyyətə malik idilər.

Başlanğıcda kəndli və əsgər xalq olan romalılar yunan polisi timsalındakı şəhər sivilizasiyasına yüksəlməyə qadir oldular. İncəsənət və müdrikliyə yiyələnməkdə romalılar yunanların varisləri olmaqla yanaşı, siyasi dühası, düşüncə tərzi və nümunəvi dindarlığı bu xalqa belə bir möhkəm inam vermişdi ki, guya onlar allahlar tərəfindən dəstəklənir və idarə olunurlar. Bu, onlara işğal edilmiş ərazilərdəki xalqları özündən aralı məsafədə saxlamaq, bu xalqların həyatında və inkişafında bir işğalçı kimi iştirak etmək əvəzinə, möhkəm quruluşa malik olan imperiya yaratmağa imkan verdi.

Bəs necə oldu ki, vaxtilə bütün Aralıq dənizini idarə edən Qədim Romanın qalığı olan Qərbi Roma İmperiyası süqut etdi? Şərqi Roma İmperiyası (Bizans) daha min il yaşayarkən Qərbi Roma necə tənəzzülə uğradı?

Roma İmperiyası keçmişdə dəfələrlə inzibati cəhətdən bölünmüş, Şərqi və Qərbi ayrı-ayrı imperatorlar idarə etmişdilər. 395-ci  ildə isə  Roma imperatoru imperiyanı iki oğlu arasında bölüşdürmüş, paytaxtı Konstantinopol olan Şərqi Roma (Bizans) və paytaxtı Roma şəhəri olan Qərbi Roma imperiyaları yaranmışdır.

Romada sərkərdələr arasında gedən mübarizədə Konstantin (306-337) qalib gəlmişdi. O, Romanı sevmirdi və şərqdə yaşayırdı. Konstantin Bosfor boğazının Avropa hissəsində yerləşən qədim Vizanti (Bizans) yunan şəhərini paytaxt seçmişdi. 330-cu ildə paytaxt Vizantiyə köçürülmüş, şəhər Konstantinopol (indiki İstanbul) adlandırılmışdı.

IV əsrin sonlarından başlayaraq barbarların Roma imperiyasına hücumu gücləndi. Roma imperatorları barbarlara xərac verməyə məcbur olur, bəzən barbar tayfalarından muzdla istifadə edirdilər. IV əsrin sonunda Xəzərətrafı çöllərdən hunlar qərbə doğru hərəkət etdilər. Onlar Qara dənizin şimalında yaşayan ostqot tayfalarını qərbə sıxışdırdılar. Ostqotlar Dunay sahillərinə çəkildilər. Roma imperatoru imperiyanın sərhədlərini müdafiə etmək üçün ostqotlara imperiya sərhədlərində məskən salmağa icazə verdi və onları ərzaqla təmin etməyi öhdəsinə götürdü. Lakin imperator vədini yerinə yetirmədi, bir parça çörək üçün oğlunu və özünü satmağa məcbur olan ostqotlar üsyan etdilər. 378-ci ildə üsyançılar imperator qoşununu məğlub etdi və imperator Valenti öldürdülər. Yeni imperator Böyük Fedosi üsyançılarının başçısını ələ alıb üsyanı yatırdı.    

Qotları Balkan yarımadasının şimal-qərbində yerləşdirdi. İmperator Böyük Fedosi ölümündən əvvəl imperiyanı iki oğlu arasında bölüşdürmüşdü. 395-ci ildə Roma imperiyası Qərb və Şərq imperiyalarına ayrıldı. Balkan yarımadası, Misir və Asiyadakı Roma torpaqları Şərq imperiyasına, yəni Bizansa daxil idi. Paytaxt Konstantinopol oldu. Bizansın başında kiçik qardaş Arkadi dururdu. Qərb imperiyasına İtaliya, Qərbi Avropa və şimali Afrikadakı qərb əyalətləri daxil idi. Ona böyük qardaş Honori başçılıq edirdi.

Roma imperiyasının zəifləməsindən istifadə edən Alarixin başçılığı ilə qotlar Yunanıstan və Makedoniyanı tutdular. Onlar təcrübəli döyüşçü Alarixin başçılığı altında hücumu davam etdirib İtaliyaya soxuldular. 410-cu ildə onlar Romanı tutdular. Avropa, Asiya, Afrika xalqlarını itaətdə saxlayan Roma barbarların hücumuna dözə bilmədi. Qullar, kəndlilər və kolonlar barbarlara kömək edirdilər. Şəhər üç gün qarət edildikdən sonra qotlar çıxıb getdilər. Qotlarla yanaşı, Roma imperiyasına başqa xalqlar da hücum edirdi. Vandallar Qalliyanı, daha sonra İspaniyanı tutdular, Afrikaya köç edib burada Vandal Alan krallığı yaratdılar. V əsrin əvvəllərində hunlar Romaya hücum etdilər. 451-ci ildə hun imperatoru Atilla ilə Roma sərkərdəsi Aetüs arasında Fransa ərazisində gedən Katalaun vuruşmasında hər iki tərəf böyük itki verdi. Bir ildən sonra 452-ci ildə Atilla Roma şəhərini mühasirəyə aldı. Roma papası I Leon başda olmaqla nümayəndə heyəti şəhərə aman verilməsini xahiş etdilər. Atilla onların xahişini yerinə yetirdi. Bandal-Alan kralı Kayzerix 455-ci ildə Afrikadan İtaliyaya keçib Romanı ələ keçirdi və talan etdi. Vandallar heykəlləri sındırır, kitabları yandırır, incəsənət əsərlərini məhv edirdilər. Vandalların hücumundan sonra Romada cəmi 7 min əhali qalmışdı. Qeyd edək ki, Romanın qarət edilməsindən sonra «vandalizm» sözü də buradan meydana çıxmışdır. Bu söz incəsənət və digər maddi-mədəniyyət abidələrinin amansızlıqla məhv edilməsi mənasında işlənir.

Roma imperiyasında ağalıq edən barbar başçıları imperatorlarla oyuncaq kimi rəftar edirdilər. Onlar imperiyada istədikləri kimi davranır, imperatorlara məhəl qoymurdular. 476-cı ildə german qoşununun başçısı Odoakr sonuncu Roma imperatoru Romul Avqustu taxtdan saldı, imperatorluq nişanını Şərqi Roma imperiyasına göndərdi və Roma imperiyasının məhv olduğunu elan etdi. Bizans imperiyası isə çətinliklə olsa da barbarlara qarşı müqavimət göstərir və öz varlığını qoruyurdu.

Beləliklə, 476-cı ildə Qədim Roma imperiyası süqut etdi, Qərbi Romada quldarlıq quruluşu dağıldı, qədim dünya tarixi sona çatdı. Bununla da orta əsrlər tarixi başlandı...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".