Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Barmaqlarımız şəxsiyyətimizdən xəbər verirmiş

Günü-gündən inkişaf edən elm hər mənada bəşəriyyətə xidmət etməkdədir. Son zamanlar aparılan şəxsiyyət və xarakter yönümlü araşdırmalar mütəxəssislərin ən çox maraqlandığı tədqiqat mövzusudur. Psixologiyaya töhfə verən bu araşdırmalar insanların da bir-birini təhlil edə bilmələri baxımından çox əhəmiyyətlidir. Bu yaxınlarda Avstraliyanın Kvinslend Universitetinin Psixologiya Departamentinin alimləri bədən formasına görə şəxsiyyəti analiz edərkən üzük və şəhadət barmağının uzunluq fərqinin insan xarakterinə təsir etdiyini ortaya çıxarıblar. Barmaqların formasının xarakterə təsir etdiyini bildirən tədqiqatçılar onların izi qədər uzunluğunun da əhəmiyyətli olduğunu deyirlər.

Elm adamlarının gəldiyi qənaətə görə, üzük barmağı şəhadət barmağından uzun olan insanlar həssas, ətraf mühitə tez uyğunlaşan, risk etməkdən qorxmayan və həddindən artıq aqressiv olurlar. Alimlər belə insanların musiqi duyumunun digərlərindən daha yüksək olduğunu, futbol, basketbol və qaçış kimi idman növlərində müvəffəqiyyət qazandıqlarını deyirlər. Həmçinin aktiv həyat tərzi keçirən bu insanlar başqalarının fikir və mənafelərinə biganə qalmaları ilə də seçilirlər.

Üzük barmağı şəhadət barmağından qısa olan insanların isə inzibati işlər, ev dekorasiyası və tibb sahəsində daha çox uğur qazandıqları ortaya çıxıb. Bundan əlavə, belə formaya daha çox qadınlarda rast gəlindiyini söyləyən alimlər onların gənc yaşlarda süd vəzi xərçənginə tutulma, özünə qapanan və qorxaq olduqları üçün şizofren olma ehtimalının yüksək olduğunu vurğulayıblar.

Üzük barmağı şəhadət barmağına bərabər olan insanlar inadkar olmaqla yanaşı, ətrafdakıları özlərinə inandırmaqda mahir olurlar. Əsəblərini öz daxilində boğmağa üstünlük verən bu insanlar heç kəsə inanmır, yalnız öz bildiklərini edir, olduqları mühiti tez-tez dəyişdirməyi sevirlər.

Onu da qeyd edək ki, kişilərdə üzük barmağının işarə barmağından uzun olması, testosteron (kişi hormonu), qadınlarda isə estrogen (qadın hormonu) səviyyəsinin yüksək olduğuna işarədir.

 

Nanə nə üçün sərinlik hissi yaradır?

Hər kəsə məlumdur ki, nanəli saqqız çeynədikdən və ya konfet yedikdən sonra bir stəkan su içdikdə onun adi haldan daha soyuq olduğunu hiss edirik. Bəs bunun səbəbinin nə ilə əlaqəli olduğunu bilirsinizmi? Gəlin görək elm bu barədə nə deyir?

İlkin olaraq qeyd edək ki, nanənin kəskin qoxusu və ona xoş sərinlik hissi verən acılığı tərkibindəki mentoldan qaynaqlanır. Mentolun sərinlik hissi həm də onun keyidici, uyuşdurucu xüsusiyyəti ilə əlaqəlidir.

Məlum olduğu kimi, dilimizdə dörd əsas dad duyğusuna (şirin, duzlu, acı və turş) həssas olan reseptorlar var. Bunların hər biri fərqli duyğu hissinə malik olsalar da, istiliyə qarşı hamısı həssasdır. Maraqlıdır ki, nanə və ya tərkibindəki mentol soyuq reseptorlara deyil, isti reseptorlara təsir edərək ağız boşluğunda sərinlik hissi yaradır.

Əslində ən aşağı səviyyədə olan bütün sinir ucları davamlı olaraq zəif bir siqnal verir lakin beyin bu siqnallara məhəl qoymur. Mentolun uyuşdurucu təsiri ağızdakı soyuq reseptorlara toxunmasa da, isti reseptorlara təsir edir. Beyin isə bu siqnallardan xəbərdar olmağa başlayır və bunu ağızda sərinlik varmış kimi qəbul edir.

Qeyd edək ki, istiliyi qəbul edən hüceyrələr təkcə ağız boşluğumuzda deyil, dərimizdə də mövcuddur. Belə ki, üzə mentollu təraş məcunu çəkildikdə də eyni hiss yaranır.

İnformasiya "Popular Science" jurnalında yayımlanıb.

 

Qadın və kişi geyimləri niyə fərqli düymələnir?

Heç düşünmüsünüzmü qadın və kişi geyimlərinin müxtəlif istiqamətdə düymələnməsinin səbəbi nədir? Əslində bu məsələ ilə bağlı müxtəlif dövrlərə aid fikir ayrılıqları var və izahına dair daha çox 3 əsas versiya üzərində dayanılır.

Əvvəla, qadın geyimlərinin müxtəlif istiqamətlərdə bağlanması fikrinin orta əsrlərdə meydana çıxdığı ehtimal edilir. Belə ki, həmin dövrlərdə Avropada düymələr bəzək əşyası kimi istifadə edildiyinə görə, bahalı metallardan hazırlanırdı. Fil dişi, gümüş və qızıldan hazırlanan bu düymələr, cəmiyyətdə yüksək təbəqəni təcəssüm etdirirdi. Belə israfçılığı yalnız adlı-sanlı insanlar edirdilər. Kübar cəmiyyətə mənsub olan qadınların isə o zaman müstəqil şəkildə geyinməsi qəbul edilmir, bu səbəbdən də qulluqçuları onlara kömək edirdilər. Qulluqçuların da düymələri sağ tərəfdən bağlayıb açması daha rahat olduğu üçün geyimlərdə sol tərəfdən tikilirdi.

Kişilər isə nə qədər yüksək təbəqəyə aid olsalar da, çox zaman paltarlarını özləri geyinirdilər. Buna görə də düymələrin sağdan tikilməsi onların işini asanlaşdırırdı. Digər bir səbəb isə onların tez-tez müharibələrdə iştirak etməsi ilə bağlıdır. Belə ki, soyuq havalarda silah tutan sağ əlin donmaması üçün sol tərəfdən paltarın altında qızdırmaq imkanı vardı.

Digər bir versiyaya görə, qadın və kişi geyimlərini fərqləndirmək üçün düymələr müxtəlif tərəflərdən tikilib.

Qadın paltarlarının soldan sağa düymələnməsinin başqa bir səbəbi isə anaların körpələrinə süd verməsi ilə əlaqəlidir. Belə ki, uşağı sol əllə saxlayan qadının sağ əli digər işlərin öhdəsindən gələ bilmək üçün azad olmalı idi. Bu, həmçinin sağ əllə uşağı soyuqdan qorumaq üçün də əlverişli idi.

 

Beynimizi sakitləşdirən qoxular

Heç kəs üçün sirr deyil ki, hər hansı bir insanın sağlamlıq vəziyyətinə və əhvalına müəyyən bir ətir, qoxu təsir edə bilər. Qədim dövrlərdən bəri bəzi qoxuların insan psixikasına və fiziki vəziyyətinə təsir etdiyi məlumdur. Bu səbəbdən də tibb aləmində bir çox metodlarla yanaşı, özünəməxsusluğu ilə fərqlənən aromaterapiya - qoxu ilə müalicə üsulu xüsusi yer tutur. Alimlər bəzi qoxularla ağır zehni yorğunluqdan sonra beyini sakitləşdirməyin mümkün olduğunu söyləyirlər. Ətirlərin beynə təsirlərini araşdıran elm adamları darçın, vanil, sitrus meyvələri, yasəmən və qızılgülün beyinə sakitləşdirici təsir etdiyini deyirlər.

Darçın ən effektiv və güclü sakitləşdirici gücə malik bitkilərdən biri hesab edilir. Araşdırmalar göstərir ki, həm ətri, həm də çayı ilə insana müsbət enerji verən bu bitki, beyin fəaliyyətini artırdığından sinir sistemi üçün yaxşı bir tonikdir. Təzyiqi müalicə edir, yaddaş itkisinin qarşısını alır. Ən əsası isə darçın qoxusu yaddaşa, zehni performansa yaxşı təsir edərək oyanıqlığı və konsentrasiyanı artırır.

Yasəmən də belə sakitləşdirici bitkilərdən biri sayılır. Belə ki, gərgin zehni fəaliyyətdən sonra və ya yuxu problemi olanların yatmazdan əvvəl bu gülün çiçəklərini qoxulaması sinir sistemini rahatlaşdırır.

Sitrus meyvələrinin ətri insanın əhvalını yaxşılaşdırır, stressi azaldır. Bu səbəbdən də mütəxəssislər səhərlər günə başlamazdan əvvəl bir fincan qəhvə yerinə portağal suyu tövsiyə edirlər.

Vanilin çox qədim dövrlərdən bəri xoşbəxtliyi artırdığı və əhvalın yüksəlməsinə yardımçı olduğu məlumdur. Onun ətri insana rahatlıq verir.

Qızılgülün ətri isə ən yaxşı təbii antidepressant hesab olunur. Bu gülün ətri, həmçinin əhvali-ruhiyyəni yüksəltmək, baş ağrısını azaltmaq xüsusiyyətlərinə də malikdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".