Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

12 oktyabr 2020-ci il

Səhər saatlarında Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Gecə boyu həyata keçirilən fəaliyyət nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib sıradan çıxarılıb. Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib. Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən Ermənistan ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri də olub. Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. 12 oktyabr tarixinə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 PUA-sı, Ağdam rayonu istiqamətində 1 PUA-sı hava hücumunda müdafiə bölmələrimiz tərəfindən məhv edilmişdir. Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Süleymanlı kəndinin videogörüntüsünü yayımlayıb. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə yaşayış binasına Ermənistan silahlı qüvvələri tərəfindən edilən raket hücumu "Elbrus" ballistik raketi (SCUD) ilə həyata keçirilib. Raketin üzərində onun növünü müəyyənləşdirməyə imkan verən "8K14" yazısı aşkarlanılıb.

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı bütün dünya ölkələri tərəfindən diqqətlə izlənilir. ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil Azərbaycan Ordusunun pilotsuz uçuş aparatlarını uğurla istifadə etməsini misal göstərib. "Qarabağda pilotsuz uçuş aparatlarının aktiv istifadə olunması ABŞ Ordusunun, xüsusən, Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsinin vacibliyini ortaya qoyub. Qarabağdakı döyüşlərdə ölümcül PUA-larla üzbəüz gələcəyik". ABŞ komandanlığı Qarabağdakı döyüş əməliyyatlarının nümunələri əsasında özünün Hava və Raket Hücumundan Müdafiə sistemlərinin təkmilləşdirilməsini müzakirə edib. Pentaqon rəhbərliyi düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etməyə malik PUA-ların XXI əsrdə müharibələr zamanı əsas silah olacağını əlavə edib.

Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını almaq, qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək, Qarabağ və işğal olunmuş ərazilərin erməni işğalından azad olunması uğrunda cavab tədbirləri zamanı Ermənistan Silahlı Qüvvələrinə məxsus xeyli sayda hərbi texnika sıradan çıxarılıb. Ermənistan ordusunun Dağlıq Qarabağda verdiyi itkilərin maliyyə dəyəri milyonlarla dollarla ölçülür. Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 11-dən 12-nə keçən gecə gedən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmağa çalışıblar. Bu məqsədlə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstəriblər. Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.

Ermənistanın Azərbaycana qarşı son təxribatları nəticəsində Dağlıq Qarabağda başlayan döyüşlər zamanı düşmənin hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb. Qeyd olunub ki, sentyabrın 27-dən sonra Qarabağda baş verən müharibənin ilk iki həftəsi separatçıların hava hücumundan müdafiə sistemlərinin irimiqyaslı itkilərinə səbəb olub. Mənbə bildirir ki, bu dövrdə S-300 "Favorit" kimi qabaqcıl zenit-raket kompleksləri də daxil olmaqla, Dağlıq Qarabağ ərazisində Ermənistana məxsus qısa, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinin 80%-i Azərbaycan Ordusu tərəfindən məhv edilib. Məlumata görə, döyüşlərin əvvəlində Azərbaycana məxsus PUA-lar işğal edilən ərazilərin üzərində taktiki gedişlərin həyata keçirilməsində çətinlik çəksə də, hazırda Azərbaycan Ordusunun PUA-ları Qarabağın bütün ərazisini asanlıqla tədqiq edə bilir. Separatçıların bu cür hədəflərlə mübarizə aparmaq üçün hərbi vasitəsi yoxdur.

Müdafiə Nazirliyi ötən gecə cəbhədə gedən döyüşlər zamanı Ermənistan ordusunun 10-cu dağatıcı diviziyasının komanda-idarəetmə məntəqəsinə ordumuzun aviasiya zərbəsi endirdiyini, nəticədə düşmənin çoxsaylı itkilərinin olduğunu açıqlayıb. Sosial şəbəkələrdə həmin komanda mərkəzinin Azərbaycan aviasiyasının zərbəsindən sonrakı vəziyyətinə dair kadrlar yayılıb. Üstəlik söhbət pilotsuz kəşfiyyat təyyarəsinin çəkdiyi görüntülərdən deyil, bilavasitə dağıntılar arasından çəkilmiş kadrlardan gedir. Həmin kadrlara əsasən beton-torpaq qatı ilə möhkəmləndirilmiş komanda mərkəzi darmadağın olub, ehtimal ki, ora böyük dağıdıcı gücə malik aviabomba düşüb. Və erməni hərbçilər dağıntılar altından meyitləri çıxarıb daşımaqla məşğuldur. Başqa sözlə, ordumuz düşmənin Gəncəyə endirdiyi və çoxsaylı dinc sakinin həlak olmasına gətirib çıxaran xain, iyrənc hücumuna görə qisası onun əsgər və zabitlərindən alıb.

"Respublika".