Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

10 oktyabr 2020-ci il

Müdafiə Nazirliyi gecə boyu cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqlayıb. Ermənistan tərəfi də vəziyyətin gərgin olaraq qaldığını bildirib. Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 "Zastava" zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib. Cəbhədə şiddətli döyüşlər davam edib. Düşmənin ağır döyüş texnikaları bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb. Oktyabrın 10-u səhər saatlarından başlayaraq düşmən Tərtər şəhərini və ətraf kəndlərini artilleriya atəşinə tutub. Nəticədə mülki evlərə ziyan dəyib. Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyub. Ordumuz tərəfindən düşmənə qarşı cavab tədbirləri görülüb. Düşmənin daha bir zirehli tank bölməsi darmadağın edilib.

Düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası məhv edilib. Ordumuzun məhv etdiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulurdu. Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşündə Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunub. Ermənistan ordusu günorta saatlarında atəşkəs rejimini pozaraq, Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib. Cəhdlərin qarşısı alınarkən baş vermiş döyüş toqquşması nəticəsində düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib. Türkiyənin nüfuzlu "TRT Haber" telekanalı Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və son təxribatları nəticəsində gərginləşmiş hərbi vəziyyətə dair növbəti xüsusi proqram yayımlayıb.

Qeyd olunub ki, Ermənistanın terror, hiyləgərlik və riyakarlıqla təxminən altı il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti ilə zəbt olunmuş Azərbaycan torpağının beşdən birinin müəyyən hissəsini Azərbaycan Ordusu 13 gün ərzində azad edib. Bu, müzəffər Azərbaycan Ordusunun hansı gücə malik olduğunu bütün dünyaya göstərən danılmaz faktdır. Bölgədə siyasi-diplomatik və hərb meydanındakı üstünlüklər Azərbaycana məxsusdur.

 

11 oktyabr 2020-ci il

Gecə ərzində Azərbaycan Ordusunun keçirdiyi fəaliyyət nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 "Qvozdika" özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilmiş və sıradan çıxarılmışdır. Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ermənistan Silahlı Qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. "Gecə və səhər saatlarında (oktyabrın 9-dan 10-na keçən gecə - red.) mən erməni qüvvələrinin bir çox istiqamətlərdə irimiqyaslı əks-hücum cəhdləri haqda məlumat aldım: həm Hadrutu, həm Cəbrayılı geri almaq, həm şimal istiqamətində itirdiklərini geri qaytarmaq cəhdləri haqda. Onlar görəndə ki, Moskvada tərəflər razılaşma əldə edə bilər, itirdikləri və onlara məxsus olmayan əraziləri maksimum geri qaytarmağa cəhd etdilər. Ona görə də atəşkəs rejiminin möhkəmliyi üçün başlıca amil bundan ibarət olmalıdır ki, Ermənistan həmin ərazilərin bizə məxsus olduğu ilə barışmalı, həmin torpaqları bir daha heç vaxt görməyəcəyini dərk etməli və onları geri qaytarmaq cəhdlərini dayandırmalıdır", - Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK agentliyinə müsahibəsində belə deyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında Ermənistan humanitar yardım çərçivəsində yeni "Smerç" raketləri alması ilə bağlı paylaşım edib. Paylaşımda qeyd olunub ki, gecəyarısı Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb. İndiyə qədər qadınlar da daxil olmaqla yeddi nəfərdən çox mülki şəxs öldürülüb, 33 nəfər ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir. Ermənistan silahlı qüvvələri şəhəri atəşə tutub və günahsız mülki şəxsləri öldürüb. 11 oktyabr 2020-ci il tarixində baş verən hücum nəticəsində qadınlar və uşaqlar həlak olub. Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Instagram" hesabında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini atəşə tutması ilə bağlı paylaşımında məlumat verib.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan yenicə azad olunan Daşkəsən kəndinin videogörüntüsünü yayımlayıb. Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndlərini atəşə tutmuşdur. Həmçinin Ermənistan ordusunun "Kub" zenit raket kompleksinin məhv edildiyini göstərən videogörüntü yayımlanıb. Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədi rayonunun Haramı düzü adlanan ərazisi və Yuxarı Qiyaməddinli kəndi ağır artilleriyadan intensiv atəşə tutulub, top mərmilərinin partlaması nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib. "Baxın, görün indi Paşinyan necə rəzil vəziyyətdədir. Alçalır, zəng edir, yalvarır, daha kimlərə zəng etmir. Avropa İttifaqı hökumətlərinin başçılarına". Prezident İlham Əliyev bu fikirləri Rusiyanın RBK telekanalına müsahibəsində səsləndirib.

"Respublika".