Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Milli Xalça Muzeyi

Bakının mərkəzində Dənizkənarı Bulvarda yerləşən Azərbaycan Milli Xalça Muzeyi şəhərin ən tanınan memarlıq simvollarından biridir. Əsası 1967-ci ildə qoyulan muzeyin yeni binası avstriyalı memar Frans Yans tərəfindən layihələndirilib və 2014-cü ildə ictimaiyyətə təqdim olunub.

Yuvarlanan xalçaya bənzəyən orijinal muzeydə 6000-dən çox eksponat toplanıb ki, bu da Azərbaycan xalçalarının dünyada ən böyük kolleksiyasıdır. Hazırda ölkənin müasir memarlıq tikililərindən biri olan Azərbaycan Milli Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir.

Muzeydə olan xovlu və xovsuz xalçalardan başqa, burada müxtəlif xalça məmulatları, dekorativ qabartma, metaldan, keramikadan, şüşədən, ağacdan və toxunma əşyalar, geyimlər, tikmə və zərgərlik məmulatları saxlanılır. Sərgi zalında xalq sənətkarlarının, o cümlədən əfsanəvi ustad, xalçaçı Lətif Kərimovun həyat və yaradıcılığı ilə tanış olmaq, həmçinin muzey mağazasından suvenir almaq mümkündür.

2010-cu il noyabrın 16-da muzey UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2017-ci ildə Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən "Ən yaxşı təcrübə" mükafatına və "Avropanın ən yaxşı muzeyi - 2018" müsabiqəsində "Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə" sertifikatına layiq görülüb.

 

"La Seine Musicale" musiqi mərkəzi

F ransanın Bulon-Billancourt qəsəbəsində "La Seine Musicale" musiqi mərkəzi 2017-ci ildə öz qapılarını ictimaiyyətin üzünə açdı. Fransız Jan de Qastin və yapon Şiqeru Ban tərəfindən layihələndirilən futuristik konsert kompleksi Seqin adasında yerləşir. Obyektin tikintisi "Bouygues" şirkəti tərəfindən həyata keçirilib. Layihənin memarları həm Parisin bu ucqar hissəsi üçün güclü simvol yaradıb, həm də şəhərsalma planına uyğun möhtəşəm kompleks hazırlayıblar.

Kürə şəklində inşa olunan kompleksin içərisində klassik musiqi üçün yumurta şəklində zal, böyük modul tipli konsert zalı, məşq otaqları və binanın damında geniş park fəaliyyət gösətirir. 7000 kvadratmetr sahəsi olan ictimai park "Bellini" adlanır. Kürənin ətrafında isə hərəkət edən fotovoltaik panellərdən ibarət "yelkənli" sferik auditoriya mövcuddur. Obyektin gündəlik enerji ehtiyaclarının çoxu daha kiçik auditoriyanı əhatə edən geniş, mobil, əyri günəş panelləri ilə təmin edilir. 2,35 hektar ərazidə yerləşən bina sahil boyu təxminən 280 metr uzanır. 1150 yerlik auditoriya natiqlər və tamaşaçılar arasında vizual və akustik yaxınlığı təmin etmək üçün nəzərdə tutulub. Binaya həmçinin çoxməqsədli konsert zalı, kiçik klassik musiqi məkanı, məşq və səsyazma studiyaları, ticarət mərkəzləri də daxildir. 36500 kvadratmetr ərazini əhatə edən "La Seine Musicale" konsert kompleksinin tikintisi üç il davam edib. 170 milyon avroya başa gələn və 1150 tamaşaçı auditoriyası olan binanın karkası taxtadan, fasadı isə şüşə panellərdən ibarətdir. Daxili divarlar və tavanlar müxtəlif ağac formaları və ornamentlərlə örtülmüşdür ki, bu da isti və rahat atmosfer yaradır. Musiqi mərkəzinin əsas konsert zalı 4000-dən 6000-ə qədər tamaşaçı tutumuna malikdir. Belə ki, musiqi mərkəzində eyni vaxtda 6 konsert proqramı təşkil etmək mümkündür.

 

"Borobudur" məbədi

Yava adasının mənzərəli bölgələrindən birində - müqəddəs Kebu vadisində - Yoqyakartadan 40 kilometr məsafədə yerləşən "Borobudur" məbədi Buddist ziyarətgahları arasında ən qədimi hesab olunur. Uzun müddət Yavanın sıx cəngəllikləri arasında vulkan külünün altında batmış qədim abidə yalnız XIX əsrin əvvəllərində yenidən işıq üzü görmüşdür. Tikinti işləri 75 il çəkən abidənin memarı Qunadharmadır. Məbədin adının mənşəyi hələ də sirr olaraq qalır, tarixçilər bir neçə fərziyyələrə əsaslanaraq məbədin mənasını çözməyə çalışırlar. Bir çoxları "Borobudur" sözünün qədim İndoneziya dilindən tərcümədə "Minlərlə Budda" mənasını verdiyini iddia edir. Məbəd kompleksin nə zaman tikildiyi barədə dəqiq məlumat olmasa da təməl daşının 800-cü ildə qoyulduğu ehtimal olunur.

Ümumi ərazisi 1,5 hektar olan "Borobudur" 2 milyon daş blokdan ibarət nəhəng bir pillə şəklində ucaldılıb. Məbədin bünövrəsi hər tərəfi 118 metr olan dördbucaq formasında hazırlanıb. 6 dördbucaq və 3 dairə olmaqla 9 pillədən ibarət məbədin sahəsi yuxarı qalxdıqca azalır. Yerdən 30 metr yuxarı qalxan abidə piramida formasında tikilib. 32 şir heykəli ilə bəzədilmiş tağlı qapıların altından pilləkənlər keçir. Hər bir tağın yuxarı hissəsində Kalinin başı, yan tərəfində isə mifik dəniz canavarlarının heykəlcikləri var. Kilsə zəngi formasında inşa olunan deşik hasarların arxasında Budda heykəlləri qoyulub. Stupaların içərisində 504 Budda heykəli və dini mövzularda 1460 barelyef var. İnanca görə, əgər ziyarətçilər əlini həmin deşikdən içəri salıb buddanın daş barmaqlarına toxunsa, o zaman həyatı xoşbəxt və uğurlu olacaq.

Məbəd İndoneziya orta əsr memarlığının nümunəsi kimi tanınır və buna görə də 1991-ci ildən 522 saylı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Keçən əsrin 70-80-ci illərində UNESCO-nun himayəsi altında məbədin əsaslı şəkildə yenidən qurulması işləri aparılıb. Belə ki, effektiv drenaj sisteminin qurulması və onun yerləşdiyi təpənin möhkəmləndirilməsi məqsədilə məbəd sökülərək yenidən tikilib.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".