Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından İsmayıllı Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

İsmayıllı Dövlət Təbiət Yasaqlığı

İsmayıllı rayonu 24 noyabr 1931-ci ildə yaradılmışdır. 1939-cu ildən 1977-ci ilədək İsmayıllı rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi 7 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək İsmayıllı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il Fərmanına əsasən İsmayıllı Rayon Xalq Deputatları Soveti ləğv edilmiş və onun əvəzində İsmayıllı Rayon İcra Hakimiyyəti yaradılmışdır. Rayon Böyük Qafqazın cənub ətəklərində yerləşir. Şimaldan Quba, şimal-şərqdən Şamaxı, cənub-qərbdən Ağsu, cənubdan Kürdəmir, cənub-qərbdən Göyçay, qərbdən və şimaldan isə Qəbələ rayonu ilə əhatə olunub.

İsmayıllı Dövlət Təbiət Yasaqlığı 1969-cu ilin iyul ayında təşkil edilmişdir. Yasaqlıq əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində yerləşir. Əvvəl sahəsi 34400 hektar olmuş, müvafiq dövlət qərarı əsasında isə 23438 hektara qədər azaldılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır. Yasaqlıq dəniz səviyyəsindən 800-2250 metr yüksəklikdə yerləşir. Ərazinin 87 faizi meşəlik, 4 faizi subalp çəmənliyidir. Çay vadiləri və dağ yamacları vasitəsilə bir neçə sahəyə bölünür. Ərazinin landşaftları şaquli qurşağa uyğun olaraq paylanmışdır. Yarımsəhralarda boz və boz-çəmən torpaqları yayılmış, yovşan, kəngiz, yulğun, şoran bitkiləri və efemerlər inkişaf etmişdir. Bitkilər torpaq səthinin 30-40 faizə qədərində örtük əmələ gətirirlər. Bitki örtüyü alp və subalp dağ-çəmən, meşə bitkilərindən ibarətdir.

Ərazidə düzən-meşə-çəmən, çəmən bataqlıq landşaftları geniş sahə tutur. Bəzi sahələrdə lianalar çox sıx meşəliklər yaratmışdır. Dağ-meşə landşaftları ortadağlığın enliyarpaqlı meşə və meşədən sonrakı çəmən-kol, alçaqdağlığın və dağ ətəklərinin enliyarpaqlı meşələri əhatə edir. Bu qurşağın təqribən 1200 metrədək olan hissəsi mülayim-isti, daha yüksək qurşaq hissəsi isə soyuq iqlim şəraitində formalaşmışdır. Meşələrin yuxarı hissəsini fıstıq və vələs, aşağı hissəsini isə quraqlığadavamlı palıd və digər ağaclar təşkil edir. Endemik bitkilərdən ardıc, qaracöhrə, xarı bülbül, dazıotu, şabalıdıyarpaq palıd və s. vardır.

Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Ərazidə sürünənlər, gəmiricilər və həşaratlarla yanaşı, heyvanlardan təkə, cüyür, maral, köpgər, çöl donuzu, vaşaq, canavar, tülkü, dovşan, çaqqal, meşə pişiyi, yenot, porsuq, dələ, quşlardan kəklik, qırqovul, bildirçin, turac, alabaxta, Qafqaz uları, yaşılbaş ördək, cürə, ağ və boz vağ məskunlaşmışdır.

Kamil İSMAYIL,

"Respublika".