Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

İvan Sergeyeviç Turgenev

İvan Sergeyeviç Turgenev maraqlı xarakterləri ilə yaddaqalan yazıçılardandır. Ədibin məşhur “Mumu” povesti nəinki  orta məktəbin hər bir şagirdinə, həm də rus ədəbiyyatına az-çox bələd olan hər kəsə məlumdur.

O, çox qəribə də olsa, özünü dünyada ən iri başı olan insan hesab edirdi. Doğrudan da yazıçının beyni 2000 qram həcmində idi, bu, adi insan beyni üçün qat-qat böyük göstəricidir. Yazıçının beynindəki sümük o qədər incə idi ki, sanki bir zərbəyə qırılıb düşə bilərdi.

Gənclik illərindən müəyyən yaş dövrünədək Turgenev yaddaşsızlıqdan çox əziyyət çəkirdi. Yazıçı o qədər huşsuz idi ki, bəzən  tanışlarını evinə qonaq çağırır, ertəsi gün isə onları qapıda görəndə təəccübdən yerindəcə donub qalırdı. Əlbəttə ki, tanışlar bundan çox əsəbiləşir və narazılıq edirdilər. Hətta küsüb onunla salamlaşmayanlar da var idi.

Bir dəfə növbəti belə səhvini düzəltmək üçün Turgenev onlardan üzr istəyir, yenidən dostlarını evinə qonaq çağırır və nahar üçün şərab alır. Evə gələn qonaqlar yenə də onu tapmırlar.

Belə hallar yəqin ki, Turgenevin həyatında çox olub.

Gur saçı, qızıl düymələri olan göy frakı, ağ jileti, rəngli qalstuku və dama-dama şalvarı yazıçıya ayrı bir görkəm verirdi. Bu, onun özünəməxsus üslubu  idi və hər kəsdən seçilirdi.

Tələbəlik illərində  əyləncələrə  çox böyük üstünlük verən Turgenevi daim ziyafətlərdə görmək olardı. Almaniyada oxuduğu illərdə isə  yazıçının bütün əyləncəsinə xərclənən pulu qohumları göndərirdi. Bu isə yazıçını o qədər rahatlaşdırmışdı ki, pul qazanmaq haqqında heç düşünmürdü. Lakin qohumlar pul göndərməyi kəsən kimi, Turgenev ağıllandı və bu işlərə son qoymağa başladı.

Yazıçının musiqi üçün yararlı səsi vardı, amma bu işə girişmək istəmirdi. Bu səbəbdən, bircə notu belə öyrənə bilmədi. 

Həyatı boyu heç vaxt evlənməyən Turgenev  bir müddət tanınmış rus yazıçısı Lev Tolstoyun bacısı, daha sonralar isə müğənni Polina Viardo adlı evli bir xanımla  eşq yaşayıb. Qeyd edək ki, Tolstoyun bacısı ilə yaşadığı qeyri-qanuni münasibətə görə bu yazıçılar arasında insident yaranmış, hətta münaqişə  duelə qədər gedib çıxmışdır.

  Ömrünün son bir neçə ilini onurğa xərçəngindən əziyyət çəkən yazıçı 64 yaşında dünyasını dəyişib.

 

Tomas Conston Lipton

Yəqin ki, bu milyarderin adı kiçikdən-böyüyə çay həvəskarlarının çoxlarına tanışdır. 8 dollarla   səyahətə çıxan və vətəninə milyarder olaraq geri dönən bu adam 25 yaşında iş adamına, 35 yaşında isə brend sahibinə çevrilmişdir. Söhbət dünyaca məşhur çay brendinin yaradıcısı Tomas Conston Liptondan gedir...

8 yaşında evlərinin zirzəmisində yerləşən baqqal mağazasında işləməyə başlayan şotlandiyalı Lipton praktiki olaraq ticarətin əsaslarını da elə burada öyrənir. Qardaş və bacısının dünyasını dəyişməsi ilə əlaqədar ​oxumağın daşını atan Tomas köynək satışı ilə məşğul olan mağazada satıcı işləyir. Daha sonra isə  gəmidə işə düzəlir və biznesdən uzaqlaşır. Əslində, bu, onun həyatında dönüş nöqtəsi olur. Belə ki, uzaq səyahətə çıxmaq haqqında düşünməyə başlayan Tomas 14 yaşında cibindəki 8 dollarla gəmiyə əyləşib Amerikaya yola düşür. İlk vaxtlar Amerikada özünə iş tapa bilmir. Bu səbəblə də  Vircin adalarında tütün plantasiyalarında işləməyə yollanır. Buradan da Cənubi Karolinadakı düyü plantasiyalarına keçir. Beləliklə, ən aşağı işlərdə işləyib gündəlik çörəkpulunu qazanan Liptonun 4 ildən sonra  şansı üzünə gülməyə başlayır. Belə ki, Nyu-Yorkda mağazalardan birində kargüzar vəzifəsinə işə düzələn gələcəyin milyarderi məhz burada  biznesini qurmaq üçün məktəb keçir. 2 ildən sonra 180 funt kapitalla Qlazqoda kiçik bir dükan açır. 

25 yaşında isə Şotlandiyanın qərbində 20-dən çox mağazaya sahiblənir. Daha sonralar isə çay biznesinə başlayan iş adamı Seylonda 5 çay plantasiyası almaqla təcrübələr aparır. 35 yaşında "Thomas Lipton J. Company" adlı məşhur çay şirkətini yaradan milyarder artıq Çikaqoda məhsulların qablaşdırılması və saxlanması üçün fabrik satın alır.  

Yeri gəlmişkən qeyd edək ki, Lipton sıfırdan işə başladığını heç vaxt unutmurdu. Bu, onun işçilərə münasibətində də özünü göstərirdi. Onlara yaxşı maaş verir, normal yaşayışla təmin edirdi.

Futbolun böyük bir pərəstişkarı olan məşhur iş adamı bu oyunu Avropada populyarlaşdırmaq istəsə də, təəssüf ki, buna nail ola bilmir. Belə ki,  İtaliyada şəxsən böyük bir turnir təşkil etsə də, İngiltərə Futbol Federasiyası bu təşəbbüsü qəbul etmir. Lakin bütün bunlara baxmayaraq, onun Lipton fabrikinin işçilərindən ibarət həvəskar qrupu ingilis komandasını məğlub edərək kuboku qazanmağı bacarır.

Həyatı boyu heç vaxt evlənməyən Tomas Lipton anasına bənzər qadın tapmadığını bəhanə edirdi. Lakin mağazalarının birində  satıcı işləyən William Love adlı qadınla olan otuz illik münasibətini ömrünün sonuna qədər qoruyub saxlamışdı.

83 yaşında  vəfat edən milyarder övladı olmadığı üçün  bütün sərvətini xeyriyyə fondlarına bağışlayıb.

 

 

Fransisko Xose de Qoyya

Böyük ispan rəssamı Fransisko Xose de Qoyya yaradıcılığı ilə yanaşı,  faciəvi həyatı ilə də yaddaşlarda qalıb. Adı daim dava-dalaşda, duellərdə hallanan bu rəssamın  qeyri-adi dəliqanlılığı haqqında dolaşan əhvalatların sayı-hesabı olmayıb. Fələyin zərbəsindən heç kəs sığortalanmadığı kimi, qismətinə yazılan acı həyat onun  da taleyindən yan ötməyib...

Mehrablara zər vuran yoxsul bir kişinin ailəsində dünyaya göz açan Fransiskonun istedadı çox kiçik yaşlarından yaşadığı evin divarlarına donuz şəkli çəkməklə özünü büruzə verirdi. Yoldan keçən bir nəfər bu uşaq rəsmində həqiqi istedadı sezmiş və Fransiskoya təhsil almağı tövsiyə etmişdi. Sonralar saray rəssamı təyin olunan Fransiskonun rəsmləri kilsə, saray kimi əzəmətli tikililərin divarlarını bəzəyirdi.

Həyatı boyu kasıbçılıqdan əziyyət çəkən rəssam işə düzəldikdən sonra öz qohumlarından olan bir xanımla evlənmiş  və yaradıcılığında qazandığı uğurlar da elə bu dövrdən başlamışdı.

Lakin xoşbəxt həyatı çox da uzun sürmür. Ard-arda arvadını və övladlarını (oğlu Xavyerdən başqa) itirən rəssam üstəlik səslər aləmindən də təcrid olunur. Belə ki, ağır xəstəlik nəticəsində nəinki iki il yaradıcılıqdan uzaq düşür, həm də eşitmə qabiliyyətini tamamilə itirir.

Həm xəstəliyi, həm çətinliklə yaşadığı həyatı, həm də ailəsindəki faciə artıq Qoyyanın yaradıcılığının sonu demək idi. Bu qədər  ağır imtahanlar qarşısında qalan rəssam üstəlik psixologiyası və yaradıcılığında dərin izlər açmış tarixi hadisələrin də  şahidi olmuşdu. Yaşadığı dövrdə Avropaya dərindən təsir edən Fransa inqilabı baş vermiş, vətəni İspaniya işğal edilmiş və ölkəsində monarxiya rejimi qurulduqdan sonra vətəndaş müharibəsi başlamışdı. Bunlarla yanaşı, inkivizasiya məhkəmələrində baş verən qanlı olaylar Qoyyanın psixologiyasını alt-üst etmişdi, zorakılıqlarla dolu bir dünyada yaşamağa məcbur olmuşdu. Habelə üzləşdiyi iki ölümcül xəstəliyin eşitmə qabiliyyətini itirməsinə yol açması isə bu qaramat basmış dünyanın rənglərini bir qədər də tündələşdirdi. Pessimist və özünə qapanmış bir insana çevrilən rəssam melanxolik ruhunun sərxoşluğu altında yaşadığı evin divarlarına  türkürpədici  rəsmlər çəkməklə hisslərini ifadə edirdi. Lakin kətana köçürmədiyi bu rəsmlərin hər biri gələcəkdə sənət tarixinin şah əsərlərindən biri olacaqdı.

Onun evini “Karın evi” adlandırırdılar. Əslində evin belə adlandırılmasının səbəbi Qoyyanın yox, evin əvvəlki sahibinin kar olmasından qaynaqlanırdı. Necə bir təsadüfdür ki, Qoyya da bu evdə eşitmə qabiliyyətini itirmişdi. Rəssam 22 rəsmdən ibarət “Disparates” (cəfəngiyyat, sərsəmlik) silsilə əsərlərini məhz bu "lənətlənmiş" evdə yaratmışdı. Evinin divarlarına dəhşətli kabusu xatırladan rəsmlər çəkən Qoyya ətraf gerçəkliyi məhz bu şəkildə görmüş, amma əslində, içini göynədən hisslərini ifadə etməyə çalışmışdı. 

Ömrünün son illərini yaşayan rəssam adı belə məlum olmayan xəstəlik ucbatından 82 yaşında  vəfat etmişdir. Qoyyanın dostu, fransız biblioqraf Antuan de Bril onun ölümündən sonra belə demişdi: “Sən bütün zəmanələrdə bənzərsiz olacaqsan, çünki heç vaxt özün olmaqdan qorxmamısan...”.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".