Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

7 oktyabr 2020-ci il

Bütün cəbhəboyu döyüşlər davam edib. Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşılıqlı artilleriya atışları qeydə alınıb. Gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralanan olub. Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər yaşanıb.

Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edib. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər olub. Ermənistanın Meğri şəhərinin meri Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində yaralanıb. 50 yaşlı yaralı meri Qarabağdan Yerevana aparıblar. Məlumata görə, o da işğalçı Ermənistan ordusunun tərkibində döyüşürmüş. Məlumatlara əsasən Ermənistan hakimiyyəti gəncləri Qarabağda döyüşə cəlb etməkdə çətinlik çəkdiyi üçün məmurları və yaşlı insanları da orduya çağırıb. Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi rəsmi olaraq bildirib ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirib və düşmən üzərində üstünlüyü ələ alıb.

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib. Sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 60-dək hava hücumundan müdafiə vasitələri, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi məhv edilib. Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələri Ermənistan ordusu tərəfindən atəşə tutulub. Düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndidən çıxaraq ön xəttə doğru irəliləyib. Lakin ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb. Məlumatlara görə, "dəqiq" zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.

Gəncə şəhəri ərazisinə Ermənistan silahlı qüvvələrinin atdığı dağıdıcı xassəli mərmilərin düşməsi nəticəsində yaralananlardan biri azyaşlı uşaq olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəllüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb: "Ermənilərin azərbaycanlı mülki vətəndaşlara qarşı terroru davam edir. 10 aylıq körpə Gəncə şəhərinin yaşayış məntəqələrinə ermənilərin atdığı raket zərbəsi nəticəsində yaralanıb". Həmçinin işğaldan azad olunmuş Şükürbəyli kəndindən yeni videogörüntülər yayımlanıb. Ermənistan silahlı qüvvələri Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini atəşə tutub. Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərərkən məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Azərbaycan Ordusunun atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib. Oktyabrın 7-dən Dağlıq Qarabağda erməni hərbçiləri formasında rusdilli insanlara rast gəlinməyə başlayıb. Ermənilərin texnikalarının məhv edilməsinin növbəti videogörüntüsü yayımlanıb.

"Respublika".