İDMAN:Daim zirvələrdə

İDMAN:Daim zirvələrdə

Yeniyetmə boksçumuz Emili Rzayeva Avropa çempionu olub

Azərbaycan boksçusu Emili Rzayeva yeniyetmələr arasında Avropa çempionu olub. Yarışda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız İtaliyanın Montesilvano şəhərində keçirilən qitə birinciliyində qələbə qazanıb. Finalda polşalı rəqibinə 5:0 hesabı ilə qalib gələn boksçumuz Avropa birinciliyinin qızıl medalına yiyələnib.

 

Boksçularımız Avropa birinciliyini 5 medalla başa vurublar

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi başa çatıb. 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı yarışda milli komandamız 8 gün davam edən Avropa birinciliyini 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

Boksçumuz Məhəmmədəli Qasımzadə (57 kq) ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Məhəmmədəli Aşurəliyev (54 kq) isə yarışı ikinci pillədə bitirib.

Daha öncə Emili Rzayeva (70 kq) birinci, Nərmin Əlizadə (48 kq) ikinci, Aynur Mikayılova (50 kq) üçüncü yeri tutub.

 

Komandalarımız uğurlu çıxışlarını davam etdirirlər

Avstriyanın Mayrhofen şəhərində Avropa şahmat klub kuboku yarışı davam edir.

Ölkəmizi təmsil edən kişi şahmatçılardan ibarət "Vüqar Həşimov" komandası İsveçin "Stockholms" kollektivi ilə qarşılaşıb. Görüş komandamızın 4,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Qadınlardan ibarət "Odlar Yurdu" komandası Ukraynanın "Blue & Yellow" klubunu 3:1 hesabı ilə məğlub edib.

İlk turda isə "Vüqar Həşimov" komandası İngiltərə, "Odlar Yurdu" isə Fransa komandalarına qalib gəlib.

Nərgiz İSMAYILOVA,

"Respublika".