Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Sevginin gücü buna da  qadir imiş...

Adətən  deyirlər ki,  sevgi insana əzab-əziyyət və ürək ağrısından başqa bir şey gətirmir. Lakin yeni bir araşdırma bunun tam əksini söyləyir. Belə ki, bu yaxınlarda elm adamları  "sevgi hormonu"  kimi tanınan oksitosinin  ürək xəstəliklərinin müalicəsində istifadə edilə biləcəyini ortaya çıxarıblar.

"Webtekno" saytında yayımlanan xəbərə görə, oksitosin hormonunun indiyə qədər kəşf edilməmiş funksiyası aşkar edilib. Zebra balığı və insan hüceyrələri üzərində aparılan təcrübələr zamanı beyin tərəfindən istehsal olunan oksitosin hormonunun  nəzəri olaraq infarkt kimi ürək xəstəliklərinin müalicəsində kömək edə biləcəyi məlum olub.

Oksitosin sevgi hormonu kimi tanınsa da, əslində insanların bəzi fəaliyyəti ilə əlaqələndirilən bir  çox funksiyaları var. Doğuş, ana südü ilə qidalandırma, cinsəllik və sosial əlaqə kimi vəziyyətlərlə əlaqələndirilən  oksitosin eyni zamanda ürək-damar sistemini qorumaq xüsusiyyətinə malikdir. Elm adamları bu hormonu xaricdən bədənə müəyyən bir dozada yeritməklə ürək xəstəliklərindən əziyyət çəkənlərə kömək edə biləcəklərini söyləyirlər. Belə ki, sınaq zamanı hormon  zebra balığında zədələnmiş və ölmüş kardiomiyositləri, ürəyin daralmasını gücləndirən əzələ hüceyrələrinin bərpa edilməsində  effektiv təsir edib. Həmçinin insan hüceyrələri üzərində aparılan təcrübələrin nəticələri də hormonun düzgün vaxt və dozada verildiyi təqdirdə insanlara da oxşar təsir edə biləcəyini göstərir.

Belə çıxır ki, ürək xəstəliklərindən əziyyət çəkən insanlar sevməklə problemin öhdəsindən gələ bilərlər...

 

Gözümüz niyə “yol çəkir” və ya  səyirir?

Çox zaman vücudumuz gün ərzində   bizim istəyimizdən asılı olmayaraq ətrafa qarşı bəzi reaksiyalar verir. Bunları sıradan, diqqətə alınmayacaq qədər adi bir hal kimi qəbul edərək məhəl qoymuruq. Məsələn, göz səyirməsi, gözün “yol çəkməsi” kimi… 

İnsanlar arasında gözün  səyirməsi ilə bağlı belə bir inanc var: "sağ gözün səyirməsi şad xəbərə, sol gözünkü isə bəd xəbərə" işarədir. Amma bu əlamətin əslində bioloji səbəbi var.

Göz səyirməsi  göz qapağı əzələlərinin təkrarlanan, istəkdən asılı olmayaraq  sıxılmasıdır. Adətən göz səyirmələri  üst qapaqda baş verir,  lakin nadir hallarda bu vəziyyət alt qapaqda da yarana bilər. Bəzi hallarda göz qapağı səyirmələri ciddi beyin və sinir xəstəliyinin əlaməti hesab edilir.

Əgər göz səyirməsi  bir neçə həftədən çox davam edərsə, paralel olaraq gözlərdə qızarma, şişmə və ya axıntı yaranarsa və üzün digər nahiyəsinə də təsir etməyə başlayarsa, mütləq həkimə müraciət etmək lazımdır. Səyirmə insanı psixoloji olaraq narahat edə bilir və çox vaxt heç bir müalicəyə ehtiyac olmadan öz-özünə keçir. Ümumiyyətlə fiziki və psixoloji yorğunluq, yuxusuzluq,  stress, həddindən artıq spirt, tütün, yaxud kafein istifadəsi və bəzi dərmanların yan təsiri göz səyirməsinə səbəb ola bilər.

Bəzən xeyli müddət gözlərimizi bir nöqtəyə zilləyib fikrə dalırıq. Bu vəziyyətə  "gözümüz yol çəkir" deyirik. Bəs bu nə ilə əlaqəlidir? 

El arasında gözü yol çəkənə "Uzaq yerdən qonağın gələcək" deyirlər. Bu hal stressdən də yarana bilər. Ümumiyyətlə fərqində olmadan uzun bir müddət eyni nöqtəyə baxmaq, göz qapaqlarını qırpmamaq göz dalmasının əlamətləridir. Bu zaman ümumiyyətlə beyin digər düşüncələrə fokuslanıb görmə funksiyasını təxirə salır. Adətən çətin və sıx qrafikdə işləyənlərin gözü daha çox dalır. Yaşlılarda daha sıx müşahidə edilən bu vəziyyət çox nadir hallarda nevroloji xəstəliklərin və epilepsiyanın  əlaməti kimi qəbul edilir. 

 

Dünyanın ən qeyri-adi fobiyaları

Həyatda elə bir insan yoxdur ki, onun nəyəsə qarşı qorxu hissi olmasın. Ona görə də belə hal normal qarşılanır. Bu qorxular isə  elmi dildə fobiya adlanır. Lakin bəzən insanlarda  elə fobiyaların şahidi oluruq ki, təəccübdən gözlərimiz az qala "kəlləmizə çıxır".

Məsələn, heç texnoloji cihazlardan qorxan birini tanıyırsınızmı? Bir çoxlarınıza bu qeyri-adi gəlsə də, əslində  belə bir fobiya var və elmdə siberfobiya adlanır. Bu fobiya planşet, kompüter, smartfon kimi ağıllı cihazlardan  istifadə etməkdən imtina edənlərdə müşahidə olunur. Buna bənzər qorxunun digər növü isə telefobiyadır. Belə fobiyaya sahib insanlar isə yalnız telefon danışıqlarından çəkinirlər. Zəng çalarkən və  telefona cavab verərkən həyəcanlanırlar.

Son illərin ən böyük fobiyalarından biri də nomofobiyadır. Bu fobiyaya sahib insanlar isə əksinə telefonsuz qalmaqdan qorxurlar. Onlara elə gəlir ki, telefonsuz qaldıqda başlarına faciəvi bir iş gələ bilər.

Qeyri-adi fobiyalardan biri də pedofobiyadır. Bu fobiyaya sahib olanlar yeni doğulmuş körpədən, uşaqdan qorxurlar. Maraqlı fobiya növüdür elə deyilmi? Təsəvvür edin ki, belə insanlar uşaq gördüyü anda anormal hərəkətlər etməyə başlayırlar. Bu qorxular zamanla psixoloji gərginliyə, anormal reaksiyalara  belə səbəb olmaqdadır. Buna bənzər digər bir fobiya isə Pediofobiyadır. Bu fobiyası olanlar gəlinciklərdən qorxurlar. Bəziləri deyir ki, bu qorxu "Chucky" filmindən sonra yaranıb. 

Digər təəccüb doğuran fobiyalardan biri gamofobiyadır. Bu, evlilikdən, daha doğrusu məntiqsiz bir evlilikdən qorxanlara verilən addır.

Bu cür insanlar sevgisindən ölsə belə evliliyi məntiqli bir çərçivəyə sığışdıra bilmədikləri üçün izdivacdan qorxurlar.

Podofobiya- özünün, ya da başqasının ayaqlarından qorxan insanların sahib olduğu fobiya növüdür. Böyük ehtimal ki, bu fobiya öz ayaqlarına görə qınanılan, yaxud mənfi şərhlər alan və ya həyatının müəyyən bir dönəmində kiminsə ayaqlarından qorxandan sonra yaranmışdır.

Digər ağlasığmaz fobiyalardan biri də ablutofobiyadır. Bu fobiya yuyunma, duş qəbul etmə və ya təmizlənməkdən qorxanlarda olur. Çox güman ki, bu fobiya da uşaqlıqda yuyunmaqla bağlı hansısa qorxulu bir hadisənin yaşanmasından sonra başlayır.

 

Cərrahlar nə üçün yaşıl və ya  mavi geyinir?

Yəqin ki, bu sual yolu əməliyyat otağından keçən çoxlarının beynindən keçib: Nə üçün cərrahlar başqa rənglərə deyil, geyimlərində məhz yaşıl və mavi tonlara üstünlük verirlər?

Məlumdur ki, əvvəllər tibb işçiləri yalnız ağ rəngli libasdan istifadə edirdilər. Lakin sonralar nüfuzlu həkimlərdən biri bu rəngdən imtina edərək əvvəlcə yaşıl, sonra isə mavi rəngi seçdi. Bəs bunun səbəbi nə idi?

Məsələ burasındadır ki, cərrah baxışlarını qanın tünd rəngindən həmkarlarının geyiminə  yönəldərkən ağappaq rəngə qarşı bir neçə anlıq  korluq yaşayır. Eynilə bu  hissi  günəşli havada evdən çıxarkən qara baxdıqda da yaşayırıq.

Bəs nə üçün bənövşəyi və  ya sarı deyil, məhz yaşıl və mavi? İş orasındadır ki, yaşıl və mavi tonlar rəng spektrində qırmızıya əksdir. Əməliyyat zamanı da həkimlər məhz qana baxdıqları üçün digər rənglər onlara çətinlik yaradır.

Yaşıl və mavi rəng nəinki həkimlərin gözlərini aydınlaşdırır, həmçinin qırmızı rəngə qarşı daha həssas edir. Bu da əməliyyat zamanı səhv ehtimalını bir xeyli azaldır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".