DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNA TEZLIKLƏ NATO İLƏ ÜZVLÜK MÜZAKİRƏLƏRINƏ BAŞLAMAQ NIYYƏTINDƏDIR

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr oktyabrın ortalarında başlayacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukraynanın Alyansdakı səfiri Nataliya Qalibarenko brifinqdə çıxışı zamanı bildirib.

Səfir bildirib ki, Ukraynanın İsveç və Finlandiya kimi hazırlıq mərhələsini ötürərək üzvlük üçün dərhal müraciət etməsi gözlənilən ssenari idi. “Ukraynanın üzvlük ərizəsi dinamik dəyişikliklərə və hadisələrə reaksiyadır. Tərəfdaş ölkələr bundan xəbərdardır”, - deyə o əlavə edib.

Eyni zamanda, Nataliya Qalibarenkonun sözlərinə görə, ilk addımlardan biri səfirlər səviyyəsində müzakirələrdən ibarət olacaq.

Məlumat üçün qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 30-da NATO-ya üzvlüyün sürətləndirilməsi ilə bağlı ərizə imzalayıb.

 

İRANDA AKSİYALARA QOŞULAN TƏLƏBƏLƏRİN SAYI GÜNBƏGÜN ARTIR

İranda Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyaları artıq 17 gündür ki davam edir. “TRT” telekanalının xəbərinə əsasən, Tələbələrin İslam Cəmiyyəti Birliyindən verilən məlumata görə, başda Təbriz, İsfahan, Urmiya olmaqla bir çox digər şəhərlərdəki universitetlərin tələbələri müxtəlif nümayişlər təşkil ediblər.

Bəzi universitetlərdə oturaq aksiyalar keçirilərkən, bəzilərində dərslər boykot edilib, digər universitetlərdə isə yürüşlər keçirilib. Tələbələr hökumət əleyhinə şüarlar səsləndirərək, saxlanılanların tezliklə azadlığa buraxılmasını tələb ediblər.

Tehranın Şərif Texnologiya Universitetində nümayişçilərlə hüquq-mühafizə orqanları arasında qarşıdurma olub və çoxlu sayda nümayişçinin saxlanıldığı və yaralandığı bildirilib.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb olub. Sentyabrın 17-də Məhsa Əmini dəfn edildikdən sonra nümayişlər ölkənin bir çox şəhərlərinə yayılıb.

 

SOMALİDƏ BİR GÜNDƏ ÜÇ TERROR AKTI TÖRƏDİLİB

Somalidə eyni gündə üç terror aktı törədilib. “Report”un xəbərinə görə, birinci partlayış Beledveyn şəhərindəki hərbi bazanın yaxınlığında, ikincisi isə inzibati binada baş verib. Bildirilir ki, hər iki halda partlayıcı ilə doldurulmuş avtomobillərdən istifadə edilib.

Məlumata əsasən, üçüncü partlayışın hədəfi ilk iki partlayışdan sonra xilasetmə əməliyyatı aparmaq üçün gələn Efiopiya və Cibutidən olan qoşun karvanının yanından keçdiyi polis bölməsi olub.

Terror aktları nəticəsində 36 nəfər həlak olub, 73 nəfər isə yaralanıb. Ölənlər arasında Hirşabelle ştatının səhiyyə naziri Zəkəriyyə Məhəmmədna, Hirşabelle ştatının parlamentinin üzvü, Hiran bölgəsi qubernatorunun müavini və bir polis polkovniki də var.

Ölkə rəsmiləri partlayışlara görə “Əş-Şəbab” terror təşkilatının məsuliyyət daşıdığını qeyd ediblər. Hücumların Somali ordusu və Amerika qüvvələrinin Hiran bölgəsində həyata keçirdiyi əməliyyatlardan sonra baş verməsi diqqət çəkib.

 

KRAL ŞAHZADƏYƏ 700 MİN FUNT-STERLİNQ KİRAYƏ HAQQI ÖDƏYƏCƏK

Şahzadə Uilyam atasından Hayqrouv Haus malikanəsi üçün illik 700 min funt-sterlinq kirayə haqqı alacaq. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Daily Mail” qəzeti etibarlı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Şahzadə Uilyama atasından Kornuol Hersoqluğu və bu bölgədə cəmi 345 milyon funt-strelinq dəyərində olan daşınmaz əmlak miras qalıb. Bu siyahıya XVIII əsrdə inşa edilmiş III Çarlzın sevimli malikanəsi olan Qlosterşirdəki Hayqrov malikanəsi daxildir.

Beləliklə, kral artıq uzunmüddətli icarə şərtlərini yerinə yetirmək üçün böyük oğluna yüz minlərlə funt-sterlinq ödəməlidir.

Məlumata əsasən, malikanə 1980-ci ildə Hersoqluq tərəfindən satın alınıb. Qeyd edilir ki, şahzadə Diana həyat yoldaşı ilə orada vaxt keçirməyi çox sevib.

Hersoqluğu miras almaqla, yeni Uels şahzadəsi Uilyam 1,2 milyard funt-sterlinq dəyərində Böyük Britaniyanın ən böyük şəxsi torpaq sahibinə çevrilib.

 

BMT: 2023-cü İLDƏ QLOBAL İQTİSADİ ARTIM AZALACAQ

2022-ci ildə qlobal iqtisadiyyatın artımı 2,5 faiz, 2023-cü ildə isə bu temp 2,2 faizə qədər azalacaq. “Report”un xəbərinə görə, belə bir proqnozla BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı çıxış edib.

Mütəxəssislərin fikrincə, gələn ilin sonuna qədər qlobal ÜDM-in artım tempi hələ də koronavirus pandemiyasından əvvəlkindən aşağı olacaq.

Verilən xəbərə görə, iqtisadi geriləmə planetin bütün regionlarına təsir edəcək, lakin BMT-nin qurumu xüsusilə inkişaf etməkdə olan ölkələrdəki vəziyyətdən olduqca narahatdır. Proqnozlara əsasən, bu ölkələrdə artım templəri 3 faizdən aşağı düşəcək və davamlı inkişaf üçün kifayət etməyəcək.

Eyni zamanda, Afrikanın aşağı gəlirli ölkələrinin demək olar ki, 60 faizi artıq borc stressi və ya yüksək risk altındadır və qitə ölkələrinin 60 faizdən çoxunun ərzaqla təmin olunması üçün xarici yardıma ehtiyacı var.

 

TÜRKİYƏDƏ ZİREHLİ MAŞINLARDAN KƏNARI GÖRMƏ SİSTEMİ HAZIRLANIB

Türkiyənin BITES Savunma və Türk Aerokosmik Sənayesi şirkətləri tərəfindən hər növ zirehli maşın ekipajlarının bölgədəki vəziyyət barədə məlumatlılığını artıran ilk “İnfra-Zirehli Görmə” sistemi hazırlanıb. “Trend” agentliyinin məlumatına görə, əsasən döyüş tankları və zirehli döyüş maşınları kimi yaxından görmə qabiliyyəti məhdud olan hərbi texnikalarda istifadə olunacaq sistem, şəxsi heyətin döyüş sahəsində vəziyyətə dair məlumatlılığını artırmaqda istifadə ediləcək.

BITES şirkətinin baş direktor müavini Erinç Albayrak bildirib ki, zirehli görmə sistemi bir neçə test mərhələsini müvəffəqiyyətlə bitirdikdən sonra 2023-cü ildə Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.

“Zirehli döyüş maşınları və tankların xarici aləmlə əlaqələri vizual baxımdan zəifdir. Bu layihə ilə birlikdə, türk əsgərləri tanklara quraşdırılmış kameraların dəstəyi ilə görmə xəttini bağlayan zirehdən kənara çıxaraq döyüş meydanını sanki şüşədən izləyirmiş kimi müşahidə edə biləcəklər. Bu sistem döyüş meydanındakı vəziyyətlə bağlı əsgərlərimizin məlumatlılığını artıracaq” - deyə Erinç Albayrak vurğulayıb.

 

ABŞ AVİAŞİRKƏTLƏRİ TƏYYARƏ ÇATIŞMAZLIĞI İLƏ ÜZLƏŞİBLƏR

Artıq pilot və ehiyat hissələrinin çatışmazlığı ilə mübarizə aparan ABŞ aviaşirkətləri növbəti problemlə üzləşiblər. Söhbət yeni təyyarələrin olmamasından gedir. “Report”un verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilir ki, “Boeing Co” və “Airbus SE” şirkətləri ABŞ-ın daxili reyslərində və digər qısa məsafəli marşrutlarda tez-tez istifadə olunan yeni təyyarələrin çatdırılmasını gecikdirir. Nəticədə, aviadaşıyıcılar artan tələbatı ödəmək üçün uçuşların sayını artıra və cədvəllərini planlaşdıra bilmirlər.

“Boeing”in mətbuat xidməti bildirib ki, şirkət müştərilər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün təchizatçılarla sıx əməkdaşlıq edir.

Eyni zamanda, “Boeing” təchizat problemlərindən əlavə, “737 MAX” təyyarələri ilə bağlı tənzimləmə çətinliklərilə də üzləşib. Şirkət 2022-ci ilin sonuna qədər təyyarələrin istifadəyə verilməsi üçün Federal Aviasiya Administrasiyasının təsdiqini gözləyir.

Bununla yanaşı, “Airbus” şirkətinin rəhbərliyi də tədarük zənciri problemlərini həll etmək üçün çalışdıqlarını bildirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.