Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

3 oktyabr 2020-ci il

Ali Baş Komandan İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan Ordusunun Madagizi işğaldan azad etdiyini və həmin ərazilərdə Azərbaycan bayrağının qaldırıldığını açıqlayıb. Prezident İlham Əliyevin verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan bərpa edilib. Azərbaycan Ordusu həmin gün ərzində, həmçinin Tərtər rayonunun Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad edib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Madagizin işğaldan azad olunması münasibətilə "Instagram"da paylaşım edib. O, eyni zamanda sosial şəbəkə hesabında Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində bu sözləri yazıb: "Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!"

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib. Ona tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilmiş, 3 tankı isə qənimət götürülmüşdür. Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib. Səhər döyüşləri zamanı bölmələrimiz tərəfindən düşmənin hərbi texnikasına sarsıdıcı zərbələr endirilib. Gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Quzanlı, Əlibəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndləri intensiv artilleriya atəşinə tutulub. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülüb.

Ermənistan ordusunun verdiyi itkilərlə bağlı Müdafiə Nazirliyi daha bir video yayımlayıb. Döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir. "Şəxsi heyətin ruh yüksəkliyi çox böyükdür. Bunu mən bir keçmiş döyüşçü kimi hiss edirəm". Bunu Azərbaycan Silahlı Qüvvələrinin zabiti deyib. Ordumuzun əsgəri isə bildirib ki, 2016-cı ildə Azərbaycan Ordusunun güclü zəfəri olan Aprel döyüşlərinin şəxsən iştirakçısı olub: "Tam səmimi desəm, bu dəqiqə tətiyi basıb erməni ordusunu məhv etmək üçün əsgərlərimizin barmaqları qaşınır. Sadəcə, komandirlərimizin əmrini gözləyirik ki, irəli gedək. İnşallah gedəcəyik və şərəfimiz olan Azərbaycan bayrağını Şuşada, Qarabağın mərkəzində dalğalandıracağıq".

4 oktyabr 2020-ci il

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam edib. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Dəjəl, Mahmudlu, Cəfərabad və Horovlu kəndlərinin işğaldan tam azad edildiyini açıqlayıb: "Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!" Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Cəbrayılın azad edilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

"Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır", - deyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev həmin gün Birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib. Dövlət başçısı onlara tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar. Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürlərini bildirib, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.

Ermənistan silahlı qüvvələri raket atəşləri ilə Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin mülki əhalisini və obyektlərini hədəfə almağı davam etdirib. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən raket atəşinə tutulub. Ermənistan tərəfindən qəsdən edilən atəşlər nəticəsində 22 nəfər mülki azərbaycanlı, o cümlədən 2 məktəbli öldürülüb, 74 nəfər yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun hərbi qulluqçuları döyüş əməliyyatları aparılan ərazilərdə "Beynəlxalq silahlı münaqişə tərəflərinin hörmət etməli olduqları beynəlxalq humanitar hüquq normalarına dair Memorandum"un tələblərinə uyğun fəaliyyət göstərir. Hərbçilərimiz hərbi əməliyyatlarda iştirak etməyən şəxslərin mühafizəsini təşkil etmək, onlara tibbi və digər yardım göstərmək, eləcə də itkin düşmüş və vəfat etmiş şəxslərlə davranış qaydalarına riayət etmək bacarığına malikdirlər.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağı sancıldığı xəbəri verilib. Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb. Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana dəstək paylaşımı edib. Türkiyə-Azərbaycan birgə təlimlərindən fotolar paylaşılıb: "Gücümüz, irfanımız birliyimizdədir bizim", - deyə paylaşımda qeyd edilib.

"Respublika".