Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Veteranlar Memorial Muzeyi

Amerikanın Ohayyo ştatının paytaxtı Kolumbusda qeyri-adi və maraqlı bir muzey inşa olunub. Şəhərin yeni simvoluna çevrilən Veteranlar Memorialı və Muzeyini beynəlxalq müsabiqədə qalib gələn Bred Kloepfilin rəhbərlik etdiyi "Allied Works Architecture" şirkəti layihələndirib. İnteryerin dizaynı üçün ölkənin ən yaxşı muzey dizayneri - Ralf Appelbaum dəvət olunub. Hərbi xidmət haqqında məlumat verən ilk milli veteranlar muzeyində Amerika əsgərinin tarixindən bəhs edən fotostendlər və videoçarxlar nümayiş olunur. 

Şəhərin mərkəzinə yaxın Sioto çayının yaxınlığında 7 hektar ərazidə tikilən  binanın ümumi sahəsi 5000 kvadratmetrdir. Muzey perimetri ətrafında beton "lentlərlə" əhatə olunmuş konsentrik halqalar və labirint şəklində dizayn edilmiş dar dəhlizlərdən ibarət böyük bir şüşə konstruksiyadır. Kompleksin "lentləri" yerdən qalxır və bir-birinə qarışaraq binanın ətrafında ağ "tor" yaradır. Veteranlar Memorial Muzeyin yaşıl qazon hissəsində anım tədbirləri, təntənəli mərasimlər, veteranlarla görüş və hərbi orkestrlə müşayiət olunan konsertlər  keçirilir. Burada həmçinin, səyyar sərgi meydançaları, tədris yerləri, mərasim və konfrans zalları, kafe, mağaza da fəaliyyət göstərir.

Sakinlərinin böyük bir hissəsini keçm

iş hərbçilərin təşkil etdiyi şəhərdə inşa olunan binanı Amerikanın "Associated General Contractors" şirkəti 2018-ci ilin "ən əhəmiyyətli tikinti layihəsi" adlandırıb.

 

Müqəddəs Məryəm Katedralı

XX əsrin ortalarında Braziliyada inşa olunan Müqəddəs Məryəm Katedralı  dünyada analoqu olmayan ən unikal ibadət evidir. Məşhur memar Oskar Niemerin dizayn etdiyi kompleksin tikintisi 12 ilə başa gəlib. O.Niemeyer bu cəsarətli layihəsində bəzi konstruktiv səhv hesablamalara yol verdiyi üçün akustika və ventilyasiya sistemlərində yaranan problemlər tikinti işlərinin  bir qədər uzanmasına səbəb olub. Mürəkkəb, o cümlədən də orijinal dizayna malik məbəd 1970-ci ildə təqdis olunub.

Səmaya qaldırılmış əlləri simvolizə edən bina kənardan kiçik görünsə də, onun əsas hissəsi yer səviyyəsindən 3 metr aşağıdadır. Ümumi sahəsi 3848 kvadratmetr olan Katedralın hündürlüyü 40 metrdir və hər biri 90 ton olan hiperbol şəkildə yığılmış 16 ağ sütundan ibarətdir. Sütunların arasındakı boşluqlar parlaq mavi tonlara boyanmış və ustalıqla hazırlanmış vitrajlarla örtülüb. Temperatur fərqinə görə məbədin vitrajlarında olan şüşələr deformasiyaya uğrayıb çatladığı üçün binada yenidənqurma işləri aparılıb və yeni qoruyucu şüşələr quraşdırılıb. Su ilə əhatə olunmuş Katedralın  girişi qarşısındakı uzun və qaranlıq dəhliz işıqlı əsas zala aparan yoldur. On metrlik  xaç ilə taclanan binanın içərisində günbəzin altında 31 metr hündürlükdə Alfredo Çeşyatti tərəfindən hazırlanmış üç mələk heykəli asılıb. Müqəddəs Məryəm Katedralının memarlıq ansamblına binanın qarşısındakı meydanda quraşdırılmış yevangelistlərin dörd bürünc heykəli və 20 metrlik zəng qülləsi daxildir.

1988-ci ildə Oskar Niemeyerin möhtəşəm layihəsi "modernizm üslubunda ən yaxşı bina" kimi  "Pritzker Architecture Prize" mükafatına layiq görülüb.

 

"Böyük Ananas" binası

Avstraliyanın Əyləncə Parkında yerləşən məşhur "Böyük Ananas" binası Sakit okeanın sahilində, kiçik Vumbay şəhərinin yaxınlığında inşa olunub. Ekzotik meyvə şəklində dizayn edilən binanın  tikintisinə amerikalı ailə şirkəti "Taylor Family Investments Pty Ltd"nin yeni qitədə özlərini sınamaq qərarına gəldiyi an başlandı. O dövrdə Avstraliyada kənd təsərrüfatı sürətlə inkişaf edirdi, lakin kurort sahillərindən uzaqda yerləşən təsərrüfatların istehsalatdan başqa gəlir mənbələri yox idi. Bəzi sahibkarlar insanların diqqətini cəlb etmək üçün təsərrüfatlarının yaxınlığında yol kənarında qeyri-adi motellər yaradır, maraqlı binalar tikirdilər. Beləliklə, qısa zamanda məşhurlaşan konstruksiyalar bu yerlərə daha çox turistin cəlb olunmasını təmin edirdi. 

165 hektar ərazidə yerləşən 16 metr hündürlüyündə  tikilən binanın fasadı təbii ananasın formasında dizayn olunub. Eynilə bu meyvənin rəngini təkrarlamaq üçün inşaatçılar xüsusi materialdan - fiberqlas şüşədən istifadə ediblər. Poladdan hazırlanmış müşahidə göyərtəsinə spiral formalı pilləkənlə qalxan ziyarətçilər kənd təsərrüfatı haqqında çəkilən videoçarxla müşayiət olunur. Hər biri dairəvi dayaqlara söykənən 2 mərtəbəli binanın aşağı mərtəbəsi nümayiş vitrinləri üçün, yuxarı mərtəbəsi isə konserv məhsulları, likör və şirələrin vitrinləri üçün ayrılıb. Hər iki mərtəbə təsərrüfat və parkın gündəlik həyatından fotoşəkillər, ananas plantasiyasının videogörüntüləri ilə bəzədilib.

"Böyük Ananas" binasına istirahət etmək üçün gələn turistlər "həm ziyarət, həm ticarət" etmiş olurlar.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".