Sağlam  həyat
Maraqlı

Sağlam  həyat

Bizi uçuruma aparan "şirin zəhər"

Təəssüf ki, son dövrlər şəkər istehlakı gündən-günə  artır və insanlarda bir növ vərdiş halını alıb. Elm adamları şəkəri "şirin zəhər" adlandıraraq, bu məhsuldan çox istifadənin insan həyatı və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğunu söyləsələr də, ona olan tələbat daha da artmaqdadır. Bəs bunun səbəbi nə ilə əlaqəlidir, daha çox  şəkər istehlakının hansı zərərləri var?

Mütəxəssislər bunun ən böyük səbəbini kənardan yemək sifarişinə, "fast food" qidalara  meyilliliyin artmasında görürlər. Aparılan araşdırmalar göstərir ki, şəkər istehlakı  toxluq hissini yatıraraq normadan artıq yeməyə səbəb olur. Bu da daha çox  piylənmə, diabet və təzyiq kimi bir sıra təhlükəli xəstəliklərə yol açır.

Qeyd edək ki,  Ümumdünya Səhiyyə Təşkilatı 50 qram olaraq tövsiyə etdiyi  gündəlik şəkər istehlakının dünyada 140-150 qramdan təxminən 3 dəfə çox olduğunu bildirib. Bundan əlavə,   xüsusilə azyaşlıların bu  asılılıqla  üzləşdiyini ifadə edən mütəxəssislər valideynlərə xəbərdarlıq ediblər: "Körpələr dünyaya gələrkən  şəkərə meyilli  olmurlar. Onlar ana südündən müəyyən miqdarda şəkər alırlar. Uşaqlara 2 yaşına qədər  şəkərli yemək verməklə onlarda bu dada  qarşı asılılıq yaratmış olursunuz . Belə ki, onlar  bu  daddan  həzz almağa başlayır və  bir daha ondan imtina edə bilmirlər. Bu səbəbdən də erkən yaşda şəkərlə tanışlıq ona olan asılılığımızı artırır".

Erkən yaşlarda şəkər asılılığı piylənmə problemi də başda olmaqla, həmçinin diabet, təzyiq, qaraciyər yağlanması, xərçəng  və beyinlə əlaqəli  bir çox xəstəliklərə səbəb ola bilər. Lakin mütəxəssislər onun miqdarının  azaldılması və fiziki aktivliyin artırılması ilə bir çox xəstəliyin qarşısının alına biləcəyini vurğulayıblar. Həmçinin şəkər istehlakının asılılığa çevrildiyi hallarda psixoloji dəstək tövsiyə olunur.

İnformasiya "Sözcü" qəzetində dərc olunub.

Sarımsaq hansı hallarda təhlükəlidir?

Milli mətbəximizin  əvəzolunmaz məhsullarından biri də sarımsaqdır. Onun çoxsaylı faydaları əksəriyyətə məlumdur. Ən çox çiy halda istehlak etdiyimiz bu dəyərli bitki müxtəlif qidaların - salatlar, yeməklər, turşuların hazırlanmasında istifadə olunur. Təbii  antibiotik hesab etdiyimiz sarımsaq tərkibindəki qida dəyəri və vitaminləri sayəsində bir çox xəstəliklərin şəfa mənbəyidir. Lakin sarımsağın  faydalı olması üçün onun istifadəsində  tövsiyə edilən  normanı bilmək vacibdir, əks halda, müalicəvi xüsusiyyətləri öz təsirini itirə və üstəlik, ciddi xəstəliklərə yol aça bilər. Bəs bu bitkidən gün ərzində nə qədər istehlak edə bilərik?

 

Sarımsaq mədə xorası və ya qastritə səbəb ola bilər.

Bəzi insanlar, xüsusən də qış aylarında  bir dəfəyə 2-3 diş sarımsaq yeyirlər. Çünki bu bitkinin  soyuq havalarda  yayılan respirator xəstəliklərə qarşı immuniteti gücləndirdiyinə inanılır.  Lakin  bəzi tədqiqatçılar insanların gündə bir diş sarımsaq yeməli olduqlarını iddia edirlər, çünki məhsulun tez-tez istifadəsi təhlükəli xəstəliklərin inkişafına zəmin yaradır. Xüsusilə, mədə xorası və qastritin kəskinləşməsi. Bundan əlavə, sarımsaqdan daha çox istifadə  qan laxtalanmasının zəifləməsinə də səbəb ola biləcəyi ehtimal edilir.

Yüksək mədə turşuluğu və ya epilepsiya diaqnozu qoyulan insanların  axşam yeməyində sarımsaq qəbulu ciddi fəsadların baş verməsi ilə nəticələnə bilər. Ümumiyyətlə, insanların hansı xəstəliklərə meyilli olduqlarını bilməsi və onlar üçün  təhlükə yarada  biləcək məhsulları gündəlik qida rasionundan  çıxarmaları tövsiyə edilir.

İnformasiya "Apetite" jurnalında yayımlanıb.

 

Trans yağlar əqli geriliyə səbəb olur

Son vaxtlar ən çox müzakirə edilən mövzulardan biri də trans yağların insan səhhətinə zərərinin olub-olmamasıdır. Çox təəssüf ki, indiyə qədər mövzu ilə bağlı aparılan tədqiqatların nəticələri ürəkaçan deyil. Bu yaxınlarda amerikalı alimlər bu zərərli yağların daha bir təhlükəsini ortaya çıxarıblar. Belə ki, elm adamlarının  gəldiyi qənaətə görə,  trans yağlardan daha çox istifadə edən  şəxslər demans və  Alzheimer xəstəliyinə meyilli olurlar.

Xatırladaq ki, trans yağlar  daha çox ucuz məhsullar, fast food qidalar, çips, və qızardılmış yeməklərin hazırlanmasında istifadə olunur. Bundan başqa, bu  yağlar qaymaq, dondurulmuş pizza və marqarinin də tərkibində olur. Trans yağ təbii yağ növü deyil, doymamış yağ asitlərinin ümumi adıdır və  çox yüksək temperaturda əldə edilir. İnsan sağlamlığı  üçün zərərli olan bu yağ, bitki tərkibli yağa "hidrogenerasiya" adlandırılan proseduru tətbiq etməklə əldə edilir. Bu növ yağ mənfi xolestreni yüksəldərək infarkt, damar tıxanıqlığı kimi bir çox ciddi xəstəliyə yol aça bilər. Ondan mütəmadi olaraq, uzunmüddətli istifadə olduqca təhlükəlidir. Çünki ölümcül xəstəliklərə yoluxmaq ehtimalını artırır.

Alimlər 10 il müddətində Yaponiyada yaşı 60-dan yuxarı olan 1628 nəfər üzərində araşdırma aparıblar. Təcrübə zamanı  təzyiq, şəkər və Alzheimer xəstəliyinə səbəb olan faktorları araşdıran mütəxəssislər, nəticədə qanında 52-74 faiz trans yağ olan şəxslərin demansiyaya daha  meyilli olduqlarını ortaya çıxarıblar.

Qeyd edək ki, Alzheimer xəstəliyi  ilkin mərhələdə özünü lazımlı sözlərin seçilməsi, görmə qabiliyyətinin itirilməsi və qərar verməkdə çətinlik çəkmək kimi əlamətlərlə büruzə verir.

İnformasiya "Forschung und Wissen" jurnalında dərc edilib.

 

Bu əlamət erkən ölümə işarə edir

Bu yaxınlarda aparılan tədqiqat nəticəsində erkən ölümə işarə edən əlamətlər məlum olub. Belə ki, alimlər sağ və sol qolda qan təzyiqi göstəricilərinin fərqinin insult, infarkt kimi bəzi təhlükəli xəstəliklərlə əlaqəli erkən ölüm riskini artıra biləcəyini ortaya çıxarıblar. Bu barədə "MedicalXpress" veb saytında yayımlanan məqalədə məlumat verilib.

Tədqiqatçılar Avropa, ABŞ, Afrika və Asiyadan təxminən 54 min insanın iştirak etdiyi 24 fərqli araşdırmanın meta-təhlilini aparıblar.

Qollar arasındakı qan təzyiqi göstəricilərinin fərqinə dair məlumatlara diqqət yetirən mütəxəssislər 10 il ərzində baş verən ürək tutması, insult və bütünlükdə ölüm halları ilə əlaqəli statistik rəqəmləri izləyiblər.

Tədqiqatçılar əsasən ürək-damar xəstəliklərindən əziyyət çəkən və insult keçirən insanların  qollarında qan təzyiqi göstəricilərinin fərqli olduğunu müşahidə ediblər. Elm adamları  iki qoldakı sistolik (yuxarı) qan təzyiqi göstəriciləri arasındakı fərqin damarlarda daralmanı və ya sərtliyi göstərdiyini və  bunun qan axınına əhəmiyyətli şəkildə mənfi  təsir etdiyini söyləyirlər.

Mütəxəssislər həmçinin qeyd ediblər ki, hər bir əlavə millimetr civə fərqi yaxın 10 il ərzində stenokardiya, infarkt və ya insult riskini bir faiz artırır.

Bu vəziyyətdə 10 millimetr civə fərqi normanın yuxarı həddidir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".