Ecazkar və füsunkar: TƏBİİ  SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ  SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət qoruqları seriyasından Şəki Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Şəki Dövlət Təbiət Yasaqlığı

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 metr hündürlükdə yerləşir. Mütləq hündürlük Baş Qafqaz silsiləsinin suayrıcında 3683 metrə qədər yüksəlir. Şəki zəngin təbiətə, bol su ehtiyatına, normal rütubət balansına, məhsuldar torpaqlara, zəngin meşə örtüyünə malikdir.

26 fevral 1964-cü ildə Şəki rayonunda Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Yasaqlıq Əyriçayın hövzəsində Yevlax-Şəki və Şəki-Oğuz şose yollarının arasında yerləşir. Ərazisi 10350 hektardır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusən qırqovul və turacı, qonur ayı və qabanı qorumaqdır.

Şəki Dövlət Təbiət Yasaqlığının ərazisində qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən meşə, boz qonur torpaqları geniş yayılmışdır. Burada çoxlu heyvan və bitki növləri mövcuddur. Meşələrdə palıd, fıstıq, qızılağac, qoz ağacları üstünlük təşkil edir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, alça, sarmaşıq keçilməz cəngəlliklər əmələ gətirir. Yasaqlıqda qonur ayı, qaban, canavar, çaqqal, tülkü, meşə pişiyi, Amerika yenotu, porsuq, dovşan, çay samuru, meşə dələsi, sincab və digər heyvanlar, meşə cüllütü, qırqovul, turac, meşə göyərçini, alabaxta, bildirçin, yaşılbaş ördək, ağ vağ, boz vağ və s. quşlar məskunlaşmışdır.

Şəki Dövlət Təbiət Yasaqlığının füsunkar təbiəti, rayonun nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması Şəkini Azərbaycanın mühüm turizm regionuna çevirmişdir.

 Kamil İSMAYIL,

"Respublika".