Hər günü bir tarix idi…
Tarix

Hər günü bir tarix idi…

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

1 oktyabr 2020-ci ildə işğalçı Ermənistanla başlayan qanlı müharibənin 5-ci günündə    düşmən tərəfin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonlarının Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edildiyi xəbəri yayılıb. Azərbaycan Ordusunun hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhəboyu ağır itkilər verir. Azərbaycan Silahlı Qüvvələri erməni hərbi birləşmələrinin onlarla hərbi texnikasını ələ keçirməkdə davam edir.

Türkiyə Böyük Millət Məclisində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gündür Dağlıq Qarabağda Azərbaycan-Ermənistan arasında davam edən hərbi əməliyyatlardan da danışıb. Bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa 30 ilə yaxındır bu münaqişəyə laqeyd yanaşıblar: “ATƏT-in Minsk qrupu regionda sülh və sabitliyi təmin etmək istəyirsə, ilk növbədə Ermənistanı Dağlıq Qarabağı boşaltmağa vadar etməlidir. Baş verənlərin qarşısında onların atəşkəs axtarışı içində olmaları hər şeydən əvvəl qəbuledilməzdir. Hə, nə isə istənilirsə, o zaman işğalçılar o torpaqlardan çıxmalıdır ki, nəticə əldə edilsin. Azərbaycanlı qardaşlarımız öz torpaqlarına qayıtmaq istəyirlər, bunun həsrətindədirlər. Mən bunları cənab Putinlə də, cənab Makronla da müzakirə etmişəm. Amma həmişə oturublar, danışıblar, lakin nəticə yoxdur. İndi nəticə vaxtıdır. Ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına və mülki əhaliyə qarşı törətdikləri qətliamlara kar, kor və lal qalanların bu gün nümayiş etdirdikləri davranış ikiüzlülükdür”. Vurğulayıb ki, Türkiyə bir daha Azərbaycana öz dəstəyini ifadə edir: “Ermənistanın Azərbaycan ərazilərinin işğalı barədə susan ikiüzlülər və onların Türkiyə ilə Azərbaycana qarşı yönəlmiş bəyanatları heç bir şey ifadə etmir. Türkiyə bütün imkanları, bütün qəlbi ilə Azərbaycana dəstək verməyə davam edəcək".

Məlumatlara görə,  Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir. Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarından etibarən Tərtər şəhərini yenidən artilleriya atəşinə tutub. Düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntüləri yayımlanıb. Səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycanın Cəbrayıl-Füzuli cəbhə xətti ərazisi, günorta saatlarında  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulub. Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır. Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.

Bölmələrimiz tərəfindən işğal altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib. Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Ermənistan ordusunun hava hücumundan müdafiə vasitələrini və yaylım atəşli reaktiv sistemlərini məhv etdiyini göstərən video yayımlayıb. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin keçirdiyi brifinqdə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinə Azərbaycanı qabaqlayıcı tədbirlər görməyə vadar edən hadisələr haqqında məlumat verilib.

“Respublika”.