Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan " Çində ilk birləşmiş mərkəzi imperiyanın  yaranması"nı oxuculara təqdim edirik.

“Respublika".

 

Çində ilk birləşmiş mərkəzi imperiyanın  yaranması

İnsanlıq tarixində həlledici hadisələrdən biri də sivilizasiyanın beşiyi hesab edilən Çində ilk birləşmiş mərkəzi imperiyanın  yaranmasıdır. Çinin birləşməsi və sərhədlərinin formalaşması dünyada  siyasi-iqtisadi əlaqələrin, ən əsası  sivilizasiyanın inkişafında böyük rol oynamışdır. Belə ki, bu hadisələrin nəticələri milyonlarla insanın və dövlətlərin gələcəyinə təsir edərək bəşəriyyətin təkamülünə  təsir etmiş, tarixin axarını dəyişdirmişdir. Tarixin gedişatına təsir edən bu qədim torpaq dünyaya zəngin gözəlliklər – təmtəraqlı saray kompleksləri, qədim memarlıq abidələri, qiymətsiz mədəni dəyərlər bəxş etmişdir.

E.ə. IV—III əsrlərdə Çində bir neçə müstəqil quldar dövlət mövcud idi. Bu dövlətlər arasında tez-tez uzun sürən müharibələr baş verirdi. Ona görə də bu dövr Çin tarixində «vuruşan padşahlıqlar dövrü» adlanır.

E.ə. 221-ci ildə imperator Tsin Şixuan parçalanmış, bir-biri ilə vuruşan hökmdarlıqları bir araya gətirərək Çində  ilk birləşmiş mərkəzi dövlət yaradır. Bu səbəbdən də Tsin imperiyasından başlayaraq X əsrin ortalarına qədər davam edən dövr Çinin tarixində Erkən İmperiya dövrü adlanır. Cəmi 14 il mövcud olmuş Tsin imperiyasının dövründə bir sıra islahatlar həyata keçirilmiş, ölkə inzibati-ərazi dairələrinə bölünmüş, mərkəzləşdirilmiş idarəetmə orqanları yaradılmışdır: pul, ölçü və çəki vahidlərinin unifikasiyası; yazının nizama salınması və s. həmçinin Böyük Çin səddinin tikilişi də, məhz bu dövrə təsadüf edir.

Lakin konfutsiçilər imperatoru despotizmdə günahlandıraraq öz narazılıqlarını bildirməyə başlamış, o isə öz növbəsində e.ə. 213-cü ildə Konfutsinin bütün kitablarını yandırtmış, onun davamçılarından 416 nəfəri isə boynuna qədər torpağa basdırmaqla əzabverici ölümə məhkum etmişdir.

Daha sonra isə imperator öz şəxsi fəlsəfəsinə (legizm) ehtiyac olduğundan fa-tszyanı yaradır. Fa – Çin dilində qanun, tszya – isə ailə, qrup deməkdir, yəni qanunlar külliyyatı. Bu fəlsəfənin tərəfdarları konfutsiçiliyi özlərinin qatı düşməni hesab edirdilər, çünki bu təlimə əsasən  ön plana çəkilən əxlaq qaydalarına  təkcə sıravi vətəndaşlar deyil, imperator da riayət etməliydi. Fa-tszyanın ardıcılları isə  birbaşa bəyan edirdilər ki, əxlaqla siyasət bir araya sığmır. Hökmdar nəyi lazım bilirsə, o da edilməlidir, çünki o, qanunların yaradıcısıdır.

Lakin bir müddət sonra bu imperiya Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğrayır. Tsin Şixuanın ölümündən sonra  Çində yenidən qarışıqlıq yaranır. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lyu Banın başçılığı altında qiyamçı dəstələr Tsin ordusunu asanlıqla darmadağın edir və paytaxtı ələ keçirirlər. Bu, Çudan olan Lyu Bana özünü Xan hökmdarı elan etməyə imkan verir, belə ki, Tsinin paytaxtı keçmiş Xan hökmdarlığı ərazisində yerləşirdi. Daha dörd il də çoxsaylı üsyankar rəhbərlər taxt-tac uğrunda mübarizə aparırlar. E.ə. 202-ci ildə Lyu Ban özünün əsas və sonuncu rəqibini – zadəgan ailəsindən olan general Syan Yuyanı məğlub edir. Beləliklə, Lyu Ban Qao-tszu, “Ali ulu əcdad” titulunu qəbul edərək Xan sülaləsinin əsasını qoyur. Qeyd edək ki, bu hadisələr  qədim Romanın mövcud olduğu  və  İsa Məsihin xristianlığı yaydığı  dövrə təsadüf edir.

Xan sülaləsinin dörd əsrdən çox hakimiyyəti iki dövrə bölünür: Erkən Xan (Qərbi) və Sonrakı Xan (Şərqi), bunlar da müvafiq olaraq e.ə. 206-cı ildən 220-ci ilədək olan dövrü əhatə edir.  Qeyd edək ki, bu dövrlər arasında qısa müddət ərzində Sin sülaləsi hakimiyyətdə olmuşdur.

Sin sülaləsinin hakimiyyətdə olduğu dövrün lap əvvəllərindən imperator Van Man islahatlara başladı ki, burada da əsas məqsədi dövlət hakimiyyətinin möhkəmləndirilməsi və ilkin Çjou qanun-qaydalarının bərpası idi. Lakin Van Manın şöhrətpərəstliyi onu özlərinə əngəl törədəcək, heç bir dəyişikliyi arzulamayan mülkədarlardan uzaq saldı. Digər tərəfdən kəndlilər də onun islahatlara qabil olmamasından məyus olmuşdular.

Bu səbəbdən də ölkədə hökm sürən xaos çoxsaylı kəndli üsyanlarına gətirib çıxardı. Eramızın 17-ci ilində Şandunda Fan Çunun başçılığı altında güclü üsyan baş qaldırdı. Qiyamçılar fərqlənmək üçün qaşlarını qırmızı rəngə boyayırdılar, buna görə  də onları qırmızıqaşlılar adlandırırdılar. (Bu üsyan tarixə «Qırmızıqaşlılar» üsyanı adı ilə düşüb) 23-cü ildə Fan Çun hökumət qoşunlarını məğlub edib paytaxt Çanyanı ələ keçirdi. Van Man isə özünə qəsd etdi.

Qırmızıqaşlılar bir ildən artıq hakimiyyəti əllərində saxladılar. Bundan sonra xanlı Lyu Syu zadəganların və məmurların bir hissəsini ətrafında birləşdirib qiyamçıları sarsıdıcı məğlubiyyətə uğratdı. Fan Çun isə paytaxtdan ölkənin şərqinə qaçmağa məcbur oldu. 25-ci ildə Lyu Syu Xan imperatoru elan olundu. Bu, Sonrakı (Şərqi) Xan (25-220-ci illər) sülaləsi hakimiyyətinin başlanğıcı hesab olunur.    

  Şərqi Xan hakimiyyətinin ilk illərində qiyamçı dəstələrin qalıqları ilə mübarizə davam etmiş, lakin bundan sonra nisbətən sakitlik və çiçəklənmə dövrü başlamışdır. Lyu Syu ilk olaraq minlərlə qulu azadlığa buraxmış, torpaq bölgüsünün bərabərləşdirici sistemini ləğv etmişdir. Hökumət vergiləri azaldıb ticarətdə məhdudiyyətləri aradan qaldırmışdır.

Sonrakı Xan dövründə əvvəllər itirilmiş ərazilərin bərpası üçün çox cəhdlər edilmiş, köçəri hunlarla mübarizədə qələbə çalınmışdır. 73-cü ildə  kiçik dəstə ilə şimal- qərb sərhədindəki müttəfiq tayfalara kömək göstərmək məqsədilə göndərilmiş istedadlı general Ban Çao, son nəticədə, demək olar ki, Şərqi Avropanın sərhədlərinə qədər gedib çıxmışdır. 91-ci ildə  o, hunlara sarsıdıcı zərbə vurmuş, 97-ci ildə isə   Baktriyaya daxil olmuşdur.

101-ci ildə Çinə qayıdan general Roma imperiyası barədə çoxlu məlumat gətirir. Onun yürüşləri sayəsində Böyük İpək yolunu bərpa etmək mümkün olur ki, bunun da vasitəsilə Çin Aralıq dənizinə ipək, zərxara, bəzək məmulatları və çini qab idxal etməyə başlayır.

Həmçinin Şərqi Xan sülaləsi zamanında incəsənət, təhsil və elm də  çiçəklənmişdir. Tarix və lüğətlər yazılmış, daha qədim zamanların klassik əsərləri toplanmışdır. İmperator Çjan-linin hakimiyyəti dövründə (75-88-ci illər) Bayxuquan zalında dövlət ideologiyası prinsiplərinin işlənib hazırlanması məqsədilə klassik kitabların müzakirəsi keçirilmişdir.

Şərqi Xanın sonrakı dövrlərində saray xadimlərinin güclənməsi ucbatından imperiyanın siyasi həyatında gərginliklər yaşanırdı. Nüfuzlu regional vəzifəli şəxslər mərkəzi hakimiyyəti saymamağa başlamışdılar. Əyanlar və sərkərdələr arasında mübarizə güclənmişdi. Ölkədəki hərc-mərclik xalqın narazılığına səbəb olduğu üçün 184-cü ildə “sarısarıqlılar” üsyanı baş qaldırır. Onun nümayəndələri fərqlənmək üçün başlarında sarı sarıq gəzdirirdilər. Üsyana dao müəllimi Çjan Tszyue başçılıq edirdi, o, “böyük səadət yoluna” (taypin dao) əsaslanmalı olan yeni qayda-qanun yaratmağa çağırırdı. Qiyamçılar iki mindən çox əyanı məhv edən və bir-birinin ardınca diktatora çevrilən generalların tərəfinə keçərək  207-ci ildə ölkənin şimalında diktator sərkərdə Tsaonu hakimiyyətə gətirirlər. Onun ölümündən sonra isə  oğlu Tsao Pey gücsüz Xan imperatorunu hakimiyyətdən uzaqlaşdırıb Vey hökmdarlığını yaradır. Bununla da Xan sülaləsinin hakimiyyətinə son qoyulur.

Xan sülaləsinin süqutundan sonra Çin imperiyası üç əsr yarım ərzində parçalanmış halda qalır.

“Üçhökmranlıq” (Sanqo) adlanan ilk yarım əsr Çinin şimalında yerləşən – Tsao ailəsinin idarə etdiyi Vey hökmdarlığı (220-264-cü illər); Lyu Beyin əsasını qoyduğu cənub-qərbdə yerləşən Şu hökmdarlığı (221-263-cü illər); Sun Tsyuan tərəfindən yaradılan, cənub-şərqdə yerləşən U hökmdarlığı (220-280-ci illər) aralarında gedən arasıkəsilməz müharibələrlə yadda qalmışdır.

  263-cü ildə Vey hökmdarlığı Şu hökmdarlığını fəth edir. 265-ci ildə Veydə hakimiyyəti Vey qoşunlarının baş komandanı Sıma Yan ələ keçirir. Elə həmin il o, Qərbi Tszin sülaləsinin əsasını qoyur və 280-ci ildə U hökmdarlığını zəbt edib qısa müddət ərzində imperiyanı birləşdirir. Bununla da müasir Çinin siyasi sərhədlərinin formalaşması dövrü başlayır.

 Sıma Yan İmperiyanın vəziyyətini sabitləşdirmək üçün bir sıra mühüm iqtisadi islahatlar həyata keçirərək torpağın dövlət mülkiyyətinə mənsub olmasını  qanuniləşdirir və pay torpaqlardan istifadə sistemini tətbiq edir.

Qeyd edək ki, bu dövrlərdə  Çində elm, incəsənət, heykəltəraşlıq və memarlıq sürətlə inkişaf etmişdi. Yazıda heroqliflərdən istifadə olunurdu. Mətnlər bambuk lövhələr üzərində, mühüm sənədlər, imperatorun əmrləri isə ipək parça üzərində yazılırdı.  Çinlilər ilboyu təbiətdə baş verən dəyişiklikləri müşahidə edərək dəqiq təqvim düzəltmişdilər. Dənizçilərin və tacirlərin müşahidələri əsasında isə  «Dağlar və dənizlər haqqında kitab» adlı coğrafi əsər yazılmışdı. İlk kompası da çinlilər yaratmışlar.

Bütün bu hadisələr digər ölkələrin də taleyinə təsir etməklə bəşər sivilizasiyanın inkişafında böyük rol oynayaraq dünya düzəninin dəyişməsinə səbəb oldu.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".