Görülən işlərin ali məqsədində vətəndaş məmnunluğu dayanır
MÜSAHİBƏLƏR

Görülən işlərin ali məqsədində vətəndaş məmnunluğu dayanır

Müsahibimiz Azərbaycan Respublikası Baş prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Heydər MƏMMƏDOVDUR

–Hörmətli Heydər müəllim, qarşıdan Azərbaycan Prokurorluğunun yaradılmasının 104-cü ildönümü gəlir. Ölkəmizdə müasir idarəetmə, hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların prokurorluq orqanlarına təsirini necə xarakterizə edərdiniz?

–1 oktyabr 1918-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə müstəqil respublikamızın prokurorluq orqanları fəaliyyətə başlamışdır. Təəssüf ki, həmin dövrdə müstəqilliyimiz qısa müddət davam etsə də, prokurorluğun bünövrəsi qoyulmuş, Xalq Cümhuriyyətinin süqutundan sonra sovet hakimiyyəti illərində prokurorluq orqanları fəaliyyətini davam etdirmişdir.

Müstəqillik bərpa olunduqdan sonra Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunçuluğun və hüquq prinsiplərinin qorunmasına xidmət edən bir qurum kimi formalaşması ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti və yüksək qayğısı nəticəsində mümkün olmuşdur. Ulu öndərimizin layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sferalarında, o cümlədən hüquqi dövlət quruculuğu istiqamətində aparılan uğurlu islahatlar prokurorluğun fəaliyyətinə də sirayət etmiş və bu gün Azərbaycan Prokurorluğu müasir idarəetmə standartlarına cavab verən, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən bir qurum olaraq fəaliyyətini həyata keçirir.

Prezident İlham Əliyev 1 may 2020-ci il tarixli Sərəncamı ilə Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin etməklə qəbul edərkən prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində çox mühüm göstəriş və tapşırıqlar vermişdir. Həmin tapşırıqları rəhbər tutaraq son iki ildən artıq müddət ərzində prokurorluq orqanlarında institusional və geniş kadr islahatları həyata keçirilmişdir.

Belə ki, prokurorluq orqanlarının fəaliyyətində çevikliyin və səmərəliliyin artırılması, şəffaflığın təmin edilməsi, peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə cənab Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, bununla da, Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha mobil və dinamik idarəetmə sistemi yaradılmış, bəzi idarələr ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis olunmuşdur.

Bundan başqa, məhz Baş prokurorun təşəbbüsü ilə milli və beynəlxalq təcrübə nəzərə alınaraq müasir dövrün çağırışlarına cavab verən, hazırda özünün səmərəli fəaliyyəti ilə seçilən yeni - Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdır. Eyni zamanda, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə prokurorluğun sisteminə daxil olan Azərbaycan Respublikasının Hərbi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi, Bakı şəhər prokurorluqlarının, eləcə də Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin yeni strukturu təsdiq edilmişdir. Bundan əlavə, qısa müddət ərzində idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini təmin etmək üçün milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə nəzərə alınmaqla Baş Prokurorluq üzrə "İşin Təşkili Qaydaları" təsdiq edilmişdir.

Həmçinin, prokurorluğun beynəlxalq əməkdaşlıq sahəsində, xarici ölkələrin prokurorluq orqanları, ixtisaslaşmış beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində çoxsaylı tədbirlər görülmüş, bir sıra ölkələrin nümayəndə heyətlərinin Azərbaycana, eləcə də Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətlərinin xarici ölkələrə işgüzar səfərləri baş tutmuşdur.

Aparılan düzgün kadr islahatları və çevik idarəetmə sayəsində gündəlik cinayətkarlıqla mübarizə, cinayət işlərinin istintaqı və prosessual rəhbərlik, dövlət ittihamının müdafiəsi və prokurorluğun digər sahələrində bütün göstəricilər üzrə müsbət dinamika əldə olunmuşdur.

Hesab edirəm ki, aparılan islahatlar çərçivəsində təsdiq olunmuş inkişaf istiqamətlərimizi və hədəflərimizi müəyyənləşdirən "Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası"nda bu vaxtadək nəzərdə tutulmuş məqsədlərimizə çatmışıq və qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün prokurorluq işçiləri bundan sonra da tam gücləri ilə işləyərək dövlətimizin milli maraqlarının qorunmasına xidmət göstərəcəklər.

–Prokurorluğun strukturunun müasir standartlara cavab verməsi məqsədilə aparılan islahatlar çərçivəsində yeni idarələrin yaradılmasına nə kimi zərurət var idi?

–Maraqlı sualdır. İslahatların aparılmasında əsas məqsədlərdən biri prokurorluq orqanlarının qanunla üzərinə düşən bütün sahələrdə vəzifələrini layiqincə yerinə yetirməsi, eyni zamanda, fəaliyyətini müasir idarəetmə prinsiplərinə cavab verən, cinayətkarlığın bütün sferaları, xüsusən də korrupsiya, iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərə qarşı müasir dövrün tələblərinə uyğun adekvat addımların atılmasına imkan verən effektiv mexanizmin yaradılması, xüsusi müsadirə obyektləri və digər maliyyə resurslarının səmərəli idarə edilməsi olmuşdur.

Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri də bu zərurətdən irəli gələrək yaradılmışdır. İlk növbədə onu qeyd etməliyəm ki, yeni yaradılan hər iki idarə prokurorluğun mövcud ştatları çərçivəsində təsis edilmişdir. Yəni bunun üçün əlavə maliyyə resursu ayrılmamışdır. Onu da bildirməliyəm ki, prokurorluğun ənənəvi fəaliyyət istiqamətlərindən əlavə qanunvericiliklə üzərinə qoyulmuş digər vəzifələri də mövcuddur ki, bu işlər uzun zaman idi ki, qanunvericilikdə öz əksini tapmasına baxmayaraq, faktiki həyata keçirilmirdi. Məsələn, Cinayət təqibindən kənar icraatlar idarəsi yaradılmaqla prokurorluq cinayət təqibindən kənar icraat, xüsusən də iqtisadi fəaliyyət qaydaları, ekologiya əleyhinə, sosial, əmək və digər sahələrdə pozulmuş hüquqların bərpa edilməsi sahəsində öz vəzifələrini layiqincə yerinə yetirməyə başlamış, inzibati xəta törətmiş fiziki və hüquqi şəxslərin məsuliyyətə cəlb olunması, o cümlədən cərimələnməsi təmin olunmağa başlanmışdır. Bu sahədə hazırda qarşımızda duran əsas hədəf şəxsləri inzibati məsuliyyətə cəlb etməkdən daha çox bu hüquqpozmaları doğuran səbəb və şəraitin təhlil edilməklə aradan qaldırılmasıdır.

Bundan başqa, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi cinayət yolu ilə vurulan ziyanların ödənilməsi istiqamətində çox mühüm işlər həyata keçirmişdir. Belə ki, törədilmiş cinayətin istintaqını aparmaqla cinayət törətmiş şəxslərin ifşa olunması və məsuliyyətə cəlb edilməsi ilə yanaşı, həmin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaiti və digər əmlakların müəyyən edilərək zərərin ödənilməsinə yönəldilməsi prioritet hədəflərimizdən biridir. Bu baxımdan, qeyd etdiyim idarə tərəfindən həmin pul vəsaiti və əmlakların izlənilib tapılması və xüsusi müsadirəyə cəlb edilməsi istiqamətində mühüm işlər görülməkdədir.

Belə ki, cinayət yolu ilə vurulmuş ziyanın ödətdirilməsi, xüsusi müsadirənin təmin edilməsi zamanı əsas tələblərdən biri hesabatlılıq və şəffaflıqdır. Məhz bu məqsədlə İdarə tərəfindən keçən dövr ərzində dövlət büdcəsinə vurulmuş ziyanın əvəzi olaraq 165 milyon manatdan yuxarı, fiziki və hüquqi şəxslərə dəymiş ziyanın əvəzi olaraq ödənilmiş 1 milyon manatdan yuxarı, cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda şəxsin cinayət məsuliyyətindən azad olunması üçün ödənilmiş 30 milyon manatdan yuxarı, əməliyyat-axtarış tədbirləri zamanı isə götürülmüş 1 milyon 800 min manatdan yuxarı pul vəsaitinin elektron-uçot bazasında qeydiyyatının aparılması təmin edilmişdir.

Habelə, İdarə tərəfindən əmlakların izlənilməsi və aşkar edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində təqsirləndirilən şəxslərə məxsus 608 nəqliyyat vasitəsi, 334 daşınmaz əmlak, 149 torpaq sahəsi, müxtəlif banklarda olan 90 hesab, 100 nəfərin fərdi sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsi aşkar edilmişdir. Bu müddət ərzində 81 əmlak, o cümlədən 21 torpaq sahəsi, 19 qeyri-yaşayış sahəsi, 13 nəqliyyat vasitəsi və 28 digər daşınmaz əmlakın mövcudluğu yerində yoxlanılmaqla onların qiymətləndirilməsi aparılmışdır.

Qeyd etmək istərdim ki, 2020-ci ilin may ayından bu günədək prokurorluq orqanları tərəfindən aparılan cinayət təqibi üzrə dövlətə vurulmuş ümumilikdə 130 milyon manata yaxın vəsait dövlət büdcəsinə geri ödənilmişdir.

Artıq müasir idarəetmə standartları, müsbət beynəlxalq təcrübə onu tələb edir ki, sağlam cəmiyyətin formalaşdırılması, ədalətin bərpa edilməsi məqsədilə cinayətkarın məsuliyyətə cəlb edilməsi, bir sıra hallarda cəmiyyətdən təcrid olunması nə qədər vacibdirsə, cinayət yolu ilə əldə olunmuş pul vəsaiti və əmlakın müəyyən edilməsi, onların vurulmuş ziyanın ödətdirilməsinə yönəldilməsində hərtərəfli və innovativ yanaşma da bir o qədər önəm daşıyır. Bu yanaşma, həmçinin dövlətin bu sahədə xərclərini azaltmaqla, cinayətkarlıqla mübarizə aparan orqanların büdcədən asılılığını da azaltmağa xidmət edir.

Bu məqsədlə prokurorluqda görülən bütün bu tədbirlər, eləcə də qanunvericiliyə edilmiş dəyişiklikdən sonra prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibindən kənar icraatlar üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün dövlət büdcəsinə köçürülmüş vəsaitin bir qisminin prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki bazasının möhkəmləndirilməsinə sərf edilməsi büdcə vəsaitlərinə qənaət edilməsinə və prokurorluğun bir çox xərclərinin büdcə hesabına deyil, büdcədənkənar vəsaitlər hesabına ödənilməsinə imkan vermişdir.

Beləliklə, aparılan islahatlar nəticəsində maliyyə vəsaitlərinin düzgün idarəedilməsi prokurorluğun həm cinayət təqibi, həm cinayət təqibindən kənar fəaliyyətinin səmərəli həyata keçirilməsinə, həm vətəndaşların problemlərinin operativ həllinə, həm də büdcə vəsaitlərinin qənaətinə və səmərəli xərclənməsinə şərait yaratmışdır.

–Bütün fəaliyyət istiqamətlərində maddi-texniki təminatın yüksək olması işin keyfiyyətinə müsbət təsir edir. Bəs, prokurorluq orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə hansı işlər görülmüşdür və prioritetlər nədən ibarətdir?

–Çox düzgün qeyd edirsiniz. Həqiqətən də, prokurorluğun bütün sahələrində işin təşkili və həyata keçirilməsi, o cümlədən istintaq və əməliyyat tədbirləri, kriminalistik müayinələr zamanı müxtəlif avadanlıqların təchizatı və istifadəsindən tutmuş kargüzarlıq ləvazimatlarına kimi hamısına maliyyə vəsaiti, maddi-texniki təminat tələb olunur. Bütün bu təchizat işləri düzgün qurulmadığı halda həmin tədbirlərin effektivliyi, hətta baş tutması təhlükə altına düşə bilər. Eyni zamanda, təminat elə qurulmalı, maliyyə vəsaitləri elə idarə olunmalıdır ki, bu, israfçılığa yol verilmədən cinayət təqibinin və ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət etsin. Bir çox hallarda çoxları bu mövzuda danışmaqda həvəsli olmurlar. Lakin son iki ildən artıq müddət ərzində biz bu sahədə şəffaflıq və hesabatlılığın təmin olunmasına nail olmuşuq.

Bildirmək istərdim ki, bu, bir ilkdir ki, Baş prokuror Kamran Əliyev hər bir yarımillik və illik kollegial iclaslarda, hətta beynəlxalq tədbirlərdə çıxışlarında prokurorluğun maddi-texniki təminatı sahəsində görülmüş işlər və gələcəkdə qarşıda duran vəzifələr, həyata keçiriləcək işlər barəsində geniş və ətraflı məlumat verir.

Baş prokuror yeni vəzifəyə təyin olunduqdan sonra səmərəli maliyyə idarəetməsini və prokurorluğun maddi-texniki bazasının yaxşılaşdırılmasını ən üst prioritetlərdən biri kimi müəyyən etmişdir. Əlbəttə ki, qarşıda böyük çağırışlar və həll olunmalı bir çox məsələlər var idi. Qarşıda duran hədəflərə daha səmərəli və qısa yolla çatmaq üçün bu istiqamətdə mövcud olan üstün və zəif tərəflər, görülmüş və görülməmiş, eləcə də uzun müddət ərzində həllini tapmayan məsələlər təhlil edilməklə strategiyamız müəyyən olundu. Planımızın strukturuna mövcud problemlər, onların həlli yolları və konkret tədbirlər daxil edildi. Strategiyamızın təməlini isə şəffaflıq və dayanıqlılıq təşkil edirdi.

İslahatlara başlayarkən məqsədimiz maliyyə vəsaitinin və əsas vəsaitlərin düzgün istifadə edilməklə səmərəli və effektiv idarəetməni təmin etmək, bununla da müxtəlif aspektlərdən gözləntiləri doğrultmaq olmuşdur. Gözləntilər dedikdə, mən həm əməkdaşların maddi rifahı və təminatının yaxşılaşdırılması, həm büdcə vəsaitinin səmərəli istifadə edilməsi, həm də effektiv işgüzar mühitin yaradılmasını nəzərdə tuturam.

Prioritetlərimizə gəldikdə isə, bizim hədəflərimiz görünüşə yox, mahiyyətə köklənib. Demək istəyirəm ki, maliyyə vəsaitinin xərclənməsində əsas məqsəd ilk növbədə texnoloji vasitələrdən istifadə etməklə vətəndaş məmnunluğunun təmin edilməsi, cinayət təqibinin tam, hərtərəfli və obyektiv aparılması, eləcə də prokurorluq əməkdaşlarına işgüzar iş və istirahət şəraitinin yaradılmasından ibarətdir.

İlk növbədə onu qeyd etməliyəm ki, cənab Prezident İlham Əliyev prokurorluq orqanlarının əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına daim qayğı ilə yanaşmışdır. Ötən il prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı vəzifə maaşlarının iki dəfə artırılması dövlət başçısının prokurorluğa göstərdiyi yüksək qayğısının növbəti təzahürüdür. Bundan başqa, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir çox işlər görülmüşdür. Maddi-texniki təminat dedikdə, Baş Prokurorluğun, onun struktur qurumlarının, tabe rayon (şəhər) prokurorluqlarının maliyyələşdirilməsi, əməkdaşların maddi-texniki və sosial təminatlarının təşkili, inzibati binaların təmir-tikintisi, müvafiq inventar və avadanlıqlarla təmin edilməsi, prokurorluq orqanlarının nəqliyyat vasitələri ilə təchiz edilməsi və s. başa düşülür. Məsələn, 2020-ci ildə Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında müasir tələblərə cavab verən ümumi sahəsi 16.600 kvadratmetr olan Baş Prokurorluğun yeni inzibati bina kompleksinin tikintisi tam yekunlaşdırılmış və 2021-ci il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılışı olmuşdur. Üç inzibati, bir konfrans və yeməkxana daxil olmaqla dörd korpusdan ibarət olan bu binada hazırda Baş Prokurorluğun strukturuna daxil olan 7 idarənin əməkdaşları fəaliyyət göstərirlər. Həmin binada 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərimizə və qarşısında dərin ehtiramla baş əydiyimiz şəhidlərimizə həsr olunmuş tarixi-memorial qalereya yaradılmışdır. Bina prokurorluğun bütün fəaliyyət istiqamətləri üzrə işgüzar şərait üçün tələb olunan bütün avadanlıq və ləvazimatlarla, o cümlədən ən müasir informasiya texnologiyaları, kriminalistik avadanlıqlar, texniki vasitələr, xüsusi nəqliyyat vasitələri ilə təchiz olunmuş, elektron kitabxana yaradılmışdır.

Cari ildə həmçinin, Baş Prokurorluğun Səbail rayonu, N.Rəfibəyli küçəsi 7 ünvanında yerləşən 7 mərtəbəli inzibati binasında əsaslı təmir işləri həyata keçirilmiş, əməkdaşlar üçün müasir işgüzar ofis şəraiti yaradılmış, habelə 3 mərtəbəli korpusunda təmir-yenidənqurma işləri başa çatdırılmış, bütün mərtəbələrdə yenidən planlaşdırma işləri görülərək, müasir və tarixi üslubları gözlənilməklə interyer-dizayn layihələrinə uyğun təmir işləri həyata keçirilmişdir. Qeyd etməliyəm ki, tikinti-təmir işləri aparılarkən əvvəlki dövrlərdən fərqli olaraq işçilər üçün lüzumsuz böyük xidməti otaqlar əvəzinə, normal ofis şəraitinin qurulmasına, qənaət olunmuş sahələrin hesabına isə videokonfranslar, brifinqlərin keçirilməsi, komanda şəklində müzakirələrin aparılması və qonaqların qəbul edilməsinə imkan verən otaqların yaradılmasına üstünlük verilmişdir. Habelə, büdcədənkənar vəsait hesabına uzun illərdən bəri prokurorluğun köhnəlmiş avtomobil parkı yenilənmişdir.

Bundan başqa, cənab Prezidentin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nda prokurorluq işçilərinin mənzilə olan ehtiyaclarının ödənilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində yaşayış binasının inşası nəzərdə tutulmuşdur. Dövlət Proqramının həmin maddəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişdiyi 2942A saylı məhəllədə "Qayğı" yaşayış kompleksinin inşasına 2012-ci ildə başlanılsa da, uzun illər bina təhvil verilməmişdir. Bununla əlaqədar ötən il yaşayış binasının tamamlama işləri, mühəndis-kommunikasiya xətlərinin çəkilməsi və istismara qəbul sənədlərinin alınması təmin olunaraq Baş prokurorun iştirakı ilə 16 mart 2021-ci il tarixdə açılışı olmuş və bina prokurorluq əməkdaşlarının tam istifadəsinə verilmişdir.

Eyni zamanda, Baş Prokurorluğun və tabe rayon (şəhər) prokurorluqlarının istifadəsində olan xidməti evlər və mənzillər siyahıya alınaraq yerlərdə baxış keçirilməsi təmin edilmiş, texniki vəziyyəti müəyyən edilərək vahid bazaya yerləşdirilmişdir. Həmin xidməti evlər hazırda prokurorluq əməkdaşlarının istifadəsindədir.

Bundan əlavə, Qəbələ rayon prokurorluğunun yeni inzibati binasının tikintisinə başlanılmış, Qusar rayon və Zaqatala rayon hərbi prokurorluqları Baş Prokurorluğun balansına qəbul edilmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında təmir-bərpa işləri aparılmışdır.

Təbii ki, görülən işlərin ali məqsədində prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq orqanları əməkdaşlarının keyfiyyətli və səmərəli iş fəaliyyətinin təmin edilməsi və nəticədə prokurorluq əməkdaşlarının öz vəzifələrini tam, hərtərəfli və obyektiv icra etməklə vətəndaş məmnunluğu dayanır. Sadaladığım hədəflər şəffaf və dayanıqlı maliyyə idarəetməmizin əsas məqsədidir və sevindirici haldır ki, artıq iki ildən çox müddət ərzində prokurorluğun bütün sahələrində aparılan islahatlar kimi, maliyyə idarəetməsində də aparılan islahatlar öz bəhrəsini verməkdədir.

–Maddi-texniki təminat işinin düzgün qurulması üçün son dövrlər prokurorluqda nə kimi işlər görülmüşdür?

–Aparılan islahatlar nəticəsində maddi-texniki təminat sahəsində izafi xərclərin aradan qaldırılması, israfçılığa yol verilməməsi, həqiqətən ehtiyacı olan sahələrə pul vəsaitinin yönəldilməsi əsas hədəfimiz olmuş və bu istiqamətdə bir çox işlər görülmüşdür. Məsələn, cari ildə prokurorluq orqanlarının maddi-texniki təminatının həyata keçirilməsi üçün ehtiyaclar müəyyənləşdirilərkən əsaslı təhlil nəticəsində tələb olunan malların alışı üçün şəffaf və müasir tələblərə uyğun satınalma və tender prosedurları keçirilmiş və malların bazar qiymətindən aşağı qiymətə alışı təmin edilmişdir. Bu il 20-dən çox belə satınalma-tender proseduru keçirilmişdir ki, bu da ötən illərlə müqayisədə dəfələrlə çoxdur. Keçirilən satınalma-tenderlər zamanı şəffaflıq tam qorunub saxlanılmaqla hamı üçün bərabər şərait yaradılmışdır və bu işə Baş prokurorun rəhbərliyi ilə gündəlik nəzarət həyata keçirilməkdədir.

Eyni zamanda, aparılmış təhlillər nəticəsində poçt göndərişləri, telefon danışıqları, qaz, işıq və su təminatları, kargüzarlıq və kartric xərcləri, həmçinin işçilərin ezamiyyətə göndərilməsi sahələrində qənaətlər edilmişdir. Bundan başqa, avtomobil parkının yenilənməsi həm yanacaq sərfiyyatında, həm də servis və təmir xərclərində qənaətə gətirib çıxarmış, habelə nəqliyyat vasitələrinin benzinlə təminatı kartlar vasitəsilə həyata keçirilməyə başlandıqdan sonra burada da xərclərə qənaət edilmişdir.

Həmçinin, Prokurorluğun yeni yaradılmış mətbəə sektoru tərəfindən illərdir istifadəsiz qalmış və təyinatı üzrə istifadə edilə bilməyən avadanlıqların təmir olunaraq tam həcmdə işə salınması nəticəsində ötən dövrlər ərzində böyük xərc hesabına başa gələn metodiki vəsaitlər, jurnal, buklet və digər mətbuat nəşrlərinin hazırlanması və çap edilməsi xərcləri minimuma endirilmişdir. Lakin bu sahədə işlər daim nəzarətdə saxlanılmaqla davam etdirilməli, sistemli xarakter daşımalıdır. Hesab edirəm ki, gələcəkdə institusional dəyişikliklər hesabına xərcləri daha da azaltmağa nail ola bilərik. Məsələn, "Elektron Prokurorluq" informasiya sisteminin tam formatda və "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiya olunmuş şəkildə istifadəsi zaman və insan resurslarına, eyni zamanda həddən artıq kağız, poçt, çap və s. kargüzarlıq xərclərinə qənaət olunması deməkdir. Bundan başqa, istintaq sazişi institutunun tətbiqi də bir sıra uzun sürən ibtidai istintaq hərəkətlərinin aparılmasının qarşısını almaqla xərclərin azaldılmasına xidmət edə bilər.

Bir daha qeyd edirəm ki, bu sahədə aparılan islahatların, görülən işlərin əsas məqsədi dövlət büdcəsinə qənaət etmək, lüzumsuz xərcləri aradan qaldırmaqla maliyyə vəsaitinin düzgün idarə edilməsini təmin etməkdən ibarətdir. Yaddan çıxarmamalıyıq ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə cənab Prezident İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli, mədəni dəyərlərimizin qorunması istiqamətində gərgin əməyi sayəsində böyük quruculuq işləri gedir. Belə bir tarixi dövrdə maliyyə resurslarının düzgün idarə olunması, israfçılığa yol verilməməsinin təmin edilməsi hər birimizin borcudur.

–Son dövrlər prokurorluğun müasir standartlara uyğun fəaliyyəti, sosial şəbəkələrdə aktivliyi, habelə internet resurslarında yayılan xəbərlərə operativ reaksiya verməsi, ümumilikdə innovativ yanaşması göz qabağındadır. Prokurorluğun maddi-texniki bazasında texnoloji vasitələr nə kimi yer tutur?

–Hamıya məlumdur ki, müasir idarəetmə sistemində innovativ yanaşma əhəmiyyətli rola malikdir. Bu dəyişikliklərə biganə qalan və onunla ayaqlaşmayanlar geridə qalmaqla tənəzzülə uğrayırlar. Sosial şəbəkələr də innovasiyanın yaratdığı geniş imkanlardan biridir. Ən vacib məqam ondan ibarətdir ki, biz özümüz ilk növbədə dəyişikliklərin mahiyyətini başa düşməliyik. Anlamalıyıq ki, insanlar artıq ənənəvi ərizə, şikayətlərdən çox fikirlərini sosial şəbəkələrdə paylaşırlar. Onlar müraciətlərini müəyyən zaman və maliyyə vəsaiti tələb edən yollarla göndərməkdən daha çox elektron poçt, sosial şəbəkə vasitəsilə daha tez çatdırmağa üstünlük verirlər. Müsair prokurorluq bu yenilikləri görməzdən gələ bilməzdi. Buna görə də, prokurorluğun bütün struktur qurumları bu sahədə işini müasir standartlara uyğun qurmuş, elektron məktubların qeydiyyatı, internet resurslarında yayılan və vətəndaşlarımızı narahat edən məsələlərə aydınlıq gətirilməsi, habelə onların maarifləndirilməsi istiqamətində işlər aparılır. Lakin onlara maddi-texniki dəstək olmazsa, texnoloji alət və vasitələrlə təmin olunmazlarsa, bu işin keyfiyyətli həyata keçirilməsi qeyri- mümkündür. Buna görə də, prokurorluq orqanlarında son 2 il ərzində aparılan islahatların əsas istiqamətlərindən biri də texnoloji avadanlıqlarımızın yenilənməsi olmuşdur və bu istiqamətdə işlər davam etdirilir.

–Texnoloji yeniliklərdən istifadə ilə bağlı bir neçə misal göstərə bilərsinizmi?

–Əlbəttə. Hazırda prokurorluq orqanlarında müraciətlərin qeydiyyatı, icrası habelə onlara nəzarət "Elektron sənəd dövriyyəsi" proqramı vasitəsilə həyata keçirilir. Həmçinin, "Elektron cinayət işi", "Elektron cinayət xəritəsi" və "Elektron dövlət ittihamı" proqramları mövcuddur. Cənab Prezident İlham Əliyevin 3 mart 2022-ci il tarixli Fərmanı ilə "Elektron prokurorluq" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilmişdir. Əsasnamədə informasiya sisteminin fəaliyyət prinsipləri, texnoloji infrastrukturu, təhlükəsizlik tədbirləri, informasiya sisteminin funksiyaları, informasiya sistemi ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları və sistemləri, habelə informasiya sisteminin təşkili barədə müddəalar öz əksini tapmışdır. Bununla əlaqədar olaraq, intensiv işlərə başlanılmış, həm öz əməkdaşlarımız, həm də autsorsinq xidmətindən istifadə etməklə proqram təminatı hazırlanmaqdadır. Həmin proqramın artıq mühasibatlıq və kadrlar üçün altsistemləri hazırdır. Proqram tam versiyada fəaliyyətə başladıqdan sonra "Elektron Məhkəmə" informasiya sisteminə inteqrasiya olunmaqla işləyəcəkdir.

Bundan başqa, Baş Prokurorluğun əsas inzibati binasında yeni server şəbəkə sistemi quraşdırılmaqla sürətli internet və digər imkanlar təmin edilmiş, Azərbaycan Respublikası Hərbi və Naxçıvan Muxtar Respublikası prokurorluqlarına lokal şəbəkə sistemi çəkilməklə texniki avadanlıqlar quraşdırılmışdır. Habelə, vətəndaşların prokurorluq orqanlarına müraciətlərini daha da asanlaşdırmaq üçün mobil tətbiq proqramı yaradılmışdır və vətəndaşlar bu proqram vasitəsilə həm Baş Prokurorluğa müraciət edə, həm də müraciətlərinə baxılmasının gedişatını izləyə bilərlər.

Həmçinin, Baş Prokurorluq, Respublika rayon (şəhər) prokurorluqları, Bakı şəhəri və tabe rayon prokurorluqlarının inzibati binalarında "CİSCO" platformasına məxsus IP-telefoniya sistemi və avadanlıqları quraşdırılmışdır. Bu sistemin üstünlüklərindən biri telefon danışıqları zamanı məlumatların ötürülməsi şəbəkələr üzərindən aparıldığından danışıqların ucuz başa gəlməsi, təhlükəsizlik, böyük həcmdə nömrə tutumlu klaster sistemlərinin yaradılması və texnoloji baxımdan perspektivli informasiya verilişi imkanının olmasıdır. Bütün bu dəyişikliklər əvvəlki dövrlə müqayisədə qurumlararası kommunikasiyada bizə çox böyük üstünlüklər vermiş, xüsusən də pandemiya dövründə işimizin ləngiməməsinə, təhlükəsiz videozənglər, videokonfranslar vasitəsilə əlaqənin saxlanmasına imkanlar yaratmışdır.

Eyni zamanda, islahatlar çərçivəsində yeni yaradılmış Kriminalistika və informasiya texnologiyaları idarəsinin müasir kriminalistik avadanlıqlarla təchiz edilməsi, cinayət işlərinin ibtidai istintaqı zamanı son texnoloji üstünlüklərdən geniş istifadə olunması cinayətkarlıqla mübarizədə effektiv nəticələrin əldə olunmasına kömək etmişdir. Təsadüfi deyildir ki, hazırda törədilən cinayətlərin isti izlərlə açılması ilə yanaşı, əvvəlki illərdən uzun müddət ərzində bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 26 qəsdən adamöldürmə və digər ağır cinayətlərin açılması təmin edilmişdir.

–Deyə bilərsinizmi, prokurorluqda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə maddi-texniki təchizat sahəsində nə kimi işlər görülmüşdür?

–Əslində müsahibəmin əvvəlində də qeyd etdiyim kimi, son iki ildən bir az artıq müddət ərzində prokurorluqda aparılan islahatların hər birinin qayəsində insanların hüquqlarını qorumaq, pozulan hüquqları, sosial ədaləti bərpa etmək və nəticədə vətəndaş məmnunluğuna nail olmaq dayanır. Lakin bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, insanı hansısa cinayəti törətməkdə ittiham etmək ən ağır proseslərdən biridir. Bundan başqa, cinayətdən zərərçəkmiş şəxsi cinayət təqibinin həyata keçirildiyi dövrdə, yekun qərar qəbul olunanadək, hətta bəzən ondan sonra da razı salmaq çətin vəzifələrdən biridir. Bütün bu çağırışların fonunda prokurorluğun vətəndaş məmnunluğunu təmin etməsi onun əməkdaşlarının peşəkarlığından, vəzifələrini vicdanla və qanunun tələblərinə əməl etməklə yerinə yetirməsindən, əməkdaşlarla vətəndaşlar arasında ünsiyyətin və bunun üçün tələb olunan maddi-texniki təchizatın düzgün təşkil edilməsindən asılıdır. Bu baxımdan, insanların hüquqlarının müdafiəsi məqsədilə prokurorluğun alət və vasitələrinə əlçatanlığı təmin etmək görülən işlərin prioritetini təşkil edir və bu sahədə maliyyə xərclərinin effektivliyini artırmaq zəruri şərtlərdən biridir.

Hazırda prokurorluq orqanlarında vətəndaşların müraciətləri həm "Qaynar xətt" əlaqə vasitələri, həm elektron, həm də yazılı şəkildə qəbul edilir. Əlçatanlığı təmin etmək məqsədilə, hətta yuxarıda qeyd etdiyim kimi bunun üçün mobil tətbiq proqramı da hazırlanmışdır. Həmçinin, Baş Prokurorluğun inzibati binasında son təmir-tikinti işləri aparılarkən yeni "Qaynar xətt" növbətçi otağı yaradılaraq əməkdaşların fasiləsiz iş fəaliyyətini təmin etmək məqsədilə lazımi şərait qurulmuş, vətəndaş qəbulu otaqları yenidən təmir edilməklə müvafiq avadanlıqlarla təmin edilmişdir.

- Bilirik ki, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına qəbul müsabiqə vasitəsilə həyata keçirilir. Bəs, Prokurorluq öz əməkdaşlarını işə qəbul etdikdən sonra onların peşə biliyinin artırılması üçün kapital qoyuluşunda maraqlıdırmı?

- Çox gözəl sualdır. Həqiqətən də qeyd etdiyiniz kimi, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Son dövrlər aparılan islahatlar çərçivəsində müsabiqələrin keçirilməsi intensivləşdirilmiş, hər müsabiqənin üç mərhələdən ibarət olmasına baxmayaraq, artıq 2 müsabiqə başa çatdırılmaqla 183 nəfər gənc əməkdaş prokurorluq orqanlarına işə götürülmüşdür. Xüsusilə vurğulamaq istərdim ki, müsabiqə yolu ilə işə qəbul olunmuş əməkdaşlar hazırda prokurorluq işçilərinin 83,9 faizini təşkil edir. Onlar öz yüksək bilik və bacarıqlarını, dünyagörüşlərini nümayiş etdirməklə işə qəbul olunmalarına baxmayaraq, biz bununla kifayətlənmirik. Prokurorluq daim onların peşəkar bacarıqlarının artırılması istiqamətində işlər görür. Bu, çox vacib məqamdır və belə məsələlərdə konservativ yanaşmalardan uzaq durmaq lazımdır. Məsələn, keçmişdə işçinin üzərinə maliyyə yatırımının edilməsi bir o qədər də səmərəli investisiya qoyuluşu sayılmasa da, bu gün bütün dünya bunu qəbul edir ki, insan resurslarının düzgün idarəolunması və professionallığın əhəmiyyəti idarəetmədə vacib amillərdən biridir. Bu baxımdan, prokurorluqda əməkdaşların peşə hazırlığının artırılması, xüsusən də müsbət beynəlxalq təcrübənin öyrənilməklə tətbiqi mühüm önəm daşıyır. Bununla əlaqədar olaraq bir çox əməkdaşlarımızın yerli və beynəlxalq seminar-treninqlərdə iştirakı, hətta xaricdə təhsil və iş təcrübəsi keçmələri təmin edilmişdir. Məsələn, bir sıra işçilərimizin Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr, habelə yay akademiyaları və müxtəlif mövzularda keçirilən kurslarda təhsil almaları təmin edilmişdir. Bundan başqa, bir neçə əməkdaşımız Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının Korrupsiyaya qarşı mübarizə üzrə xüsusi sessiyasında və Avropa Şurasının Korrupsiya əleyhinə Dövlətlər Qrupunun plenar iclaslarında iştirak etmişlər.

Həmçinin, Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı və Korrupsiyaya qarşı Avropa Əlaqələndiriciləri Şəbəkəsi, Avropa Komissiyası tərəfindən müəyyən olunmuş sahələr üzrə Avropa İttifaqına daxil olan üzv dövlətlərin aidiyyəti qurumları, Litva Respublikasının Xüsusi İstintaq Xidməti tərəfindən təşkil olunmuş təlimlər, habelə Avropa İttifaqı Agentliyi tərəfindən "Narkotik vasitələrin qaçaqmalçılığı - sintetik narkotik vasitələr", Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat tərəfindən Korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə, Fələstin dövləti Baş Prokurorluğu tərəfindən "Ədalət mühakiməsinə çıxış və səmərəli prokurorluq xidmətləri", Rusiya Federasiyasının İstintaq Komitəsinin Sankt-Peterburq Akademiyası tərəfindən "Şəxsiyyət əleyhinə törədilmiş cinayətlərin istintaqı ilə bağlı" mövzularda keçirilən treninq və seminarlarda əməkdaşlarımızın iştirakı təmin edilmişdir.

Eyni zamanda, bu il əməkdaşlarımızdan biri Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktoratlığının Hüquqi əməkdaşlıq şöbəsində yaranmış vakansiyaya qəbul edilmiş, bir əməkdaşımızın isə Niderland Krallığının Haaqa şəhərində yerləşən Beynəlxalq Prokurorlar Assosiasiyasının Katibliyində təcrübə keçməsi razılaşdırılmışdır.

Ümumiyyətlə, bilik və təhsil dəyərli insan kapitalını yaratmaq üçün açar rolunu oynayır və qeyd etdiyim bütün bu tədbirlər əməkdaşlarımızın peşəkar bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Baş prokurorun yorulmaz əməyi nəticəsində prokurorluğun beynəlxalq əməkdaşlıq sahəsində işinin intensivləşməsi, prokurorluq əməkdaşlarının öz işlərini müasir standartlara uyğun qurmaları üçün geniş imkanlar yaratmışdır. Məsələn, Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin ümumi yığıncağında Baş prokuror növbəti dəfə 3 illik müddətə Assosiasiyanın vitse-prezidenti vəzifəsinə yekdilliklə seçilməsi, Baş prokurorun rəhbərliyi ilə bir çox xarici ölkələrə edilən səfərlər, eləcə də bir çox xarici dövlətlərin Baş prokurorları və digər rəsmi nümayəndə heyətlərinin ölkəmizə səfərləri, habelə Türk Dövlətlər Təşkilatının Baş Prokurorları Şurasının ilk iclasının Bakıda keçirilməsi, Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramı, "Avropa Qonşuluq Aləti" çərçivəsində reallaşdırılan "Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək" adlı "Tvinninq" layihəsi çərçivəsində keçirilən tədbirlər həm ölkəmizin beynəlxalq səviyyədə mövcud olan yüksək nüfuzunun qorunması istiqamətində prokurorluğun səylərini artırmış, həm işimizin milli xüsusiyyətlər qorunub saxlanılmaqla müasir formada təşkili, həm də əməkdaşlarımızın müsbət təcrübələrdən yararlanması imkanlarını artırmışdır.

Bütün bu tədbirlərin uğurla nəticələnməsi üçün prokurorluq səmərəli və effektiv maddi- texniki təminat işini təşkil etmişdir.

- İşğaldan azad edilmiş ərazilərdə prokurorluqların fəaliyyət göstərməsi üçün artıq işlərə başlanılmışdırmı, yaxud bununla bağlı nə kimi planlarınız var?

- Müzəffər Ali Baş Komandan İlham Ə

liyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad etmişdir. Prokurorluq orqanları əməkdaşları da tam gücü ilə işğaldan azad edilmiş doğma torpaqlarımızda öz vəzifələrini əzmlə yerinə yetirməyə daim hazırdırlar.

Onu qeyd etmək istərdim ki, bir neçə gün bundan əvvəl Baş prokurorun rəhbərliyi ilə işğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbər heyəti, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilmişdir. Müşavirədə Qarabağın yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində, o cümlədən qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və cinayətkarlığa qarşı mübarizədə səmərəli fəaliyyətlə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Bundan başqa, ötən ay Baş Prokurorluğun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində çoxsaylı dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası" mövzusunda yüksək səviyyəli konfrans keçirilmişdir. Bundan əlavə, prokurorluq orqanlarında düşmən tərəfindən törədilmiş insanlıq və müharibə əleyhinə və digər çoxlu sayda cinayətlərin istintaqı aparılmaqdadır. Bununla əlaqədar olaraq, əməkdaşlarımızın hadisə yerinə baxış keçirilməsi, ekspertizaların təyin edilməsi, dəymiş ziyanın müəyyənləşdirilməsi, zərərçəkmiş şəxslərin dindirilməsi və digər istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilməkdədir.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanlarının maddi-texniki təminatı ilə bağlı onu deyə bilərəm ki, cənab Prezidentin 1 aprel 2021-ci il tarixli "İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında" Sərəncamına əsasən yaradılmış Kəlbəcər və Qubadlı hərbi prokurorluqlarının inzibati binalarında cari təmir işləri aparılmış, binalar müasir qurğu, avadanlıq, informasiya-kommunikasiya xətləri, mebel və kompüter avadanlıqları, eləcə də nəqliyyat vasitələri ilə təchiz edilmişdir. Bundan başqa, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti üçün ayrılmış inzibati binalarda təmir işləri aparılmış, ən müasir kompüter, mebel və digər avadanlıqlar, həmçinin avtomobillərlə təchiz edilmişdir. Lakin təəssüf ki, erməni vandalları 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızın bütün infrastrukturunu məhv etmiş, inzibati bina, yaşayış sahələrini talamışdırlar. Bu gün cənab Prezidentin rəhbərliyi və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın yorulmaz əmək və qayğısı ilə həmin ərazilərdə yeni həyat qurulur. Qısa müddətdə aparılan tikinti-quruculuq işləri bütün dünyanın gözü qabağındadır. Tezliklə qeyd olunan rayon və şəhərlərin Baş planları təsdiq olunduqdan sonra dövlətimizin qayğısı hesabına prokurorluq orqanları əməkdaşlarının da öz xidmətlərini işğaldan azad edilmiş torpaqlarımızda tam gücü ilə aparmaları təmin ediləcəkdir.

- Heydər müəllim, Azərbaycan Prokurorluğunun qısa zaman ərzində əldə etdiyi bu uğurları nə ilə əlaqələndirirsiniz?

- Mən bu uğuru cənab Prezident İlham Əliyevin ölkənin bütün sahələrində apardığı uğurlu iqtisadi-siyasi fəaliyyəti ilə əlaqələndirirəm. Ona görə ki, bizim orqanda aparılan islahatların hər biri öz bünövrəsini cənab Prezidentin apardığı vətəndaşyönümlü siyasətdən, həmçinin Baş prokuroru 1 may 2020-ci il tarixdə qəbul edərkən verdiyi göstəriş və tapşırıqlardan götürmüşdür. Möhtərəm cənab Prezident qeyd etmişdir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Həqiqətən də, bu gün prokurorluqda milli xüsusiyyətlərimiz nəzərə alınmaqla, müsbət beynəlxalq təcrübə öyrənilir, təhlil edilir və prokurorluq orqanlarının müasir standartlara uyğun fəaliyyəti təmin edilir.

Əminəm ki, Baş prokurorun rəhbərliyi altında prokurorluq əməkdaşları bundan sonra da öz vəzifələrinin layiqincə yerinə yetirilməsi, dövlətimizin inkişafı və dayanıqlılığı üçün əllərindən gələni əsirgəməyəcəklər.

“Respublika”.