DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ PREZİDENTİ UKRAYNANIN NÜVƏ TƏHLÜKƏSIZLIYI ÜÇÜN ƏLAVƏ VƏSAIT ISTƏYIR

Cozef Bayden administrasiyası Konqresdən Ukraynanın nüvə təhlükəsizliyi üçün əlavə 35 milyon dollar istəyir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu məbləğ Ağ Evin növbəti maliyyə ili üçün Konqresdən xahiş etdiyi 12 milyardlıq yardımın ümumi paketinə daxil edilməlidir.

Bildirilir ki, vəsait xüsusi sensorların alınmasına və texniki xidmətinə, məlumatların qiymətləndirilməsinə və təhlilinə, habelə Ukrayna Milli Qvardiyasının atom elektrik stansiyalarında mühafizə vasitələri ilə təmin edilməsinə yönəldilməlidir.

Məlumata əsasən, sentyabrın 26-da ABŞ Konqresində xərclər haqqında qanun layihəsinin müzakirəçiləri Ağ Evin müraciətindən sonra Ukraynaya 12 milyard dollar yardımın sənədə daxil edilməsinə razılıq veriblər.

Qeyd edilir ki, Konqres cari maliyyə ilinin sonu, yəni sentyabrın 30-na kimi xərclər haqqında qanun layihəsini qəbul etməlidir.

 

URSULA FON DER LYAYEN: TƏXRİBATA QƏTİYYƏTLİ CAVAB VERİLƏCƏK

Avropa İttifaqı “Şimal axını1” və “Şimal axını 2” qaz kəmərlərinin üç hissəsində törədilən təxribata “qətiyyətli hərəkətlərlə” cavab verəcək, lakin ilk növbədə günahkarlar müəyyən edilməlidir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün “Twitter” səhifəsində qeyd edib.

“Avropanın aktiv enerji infrastrukturunun hər hansı bir şəkildə qəsdən pozulması qəbuledilməzdir və mümkün olan ən güclü cavabla nəticələnəcək”, - deyə Ursula fon der Lyayen vurğulayıb.

Eyni zamanda, Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, kəmərlərdə baş verən təxribatda iştirak edənlərin hamısının müəyyən edilməsi üçün hərtərəfli araşdırma aparılacaq.

Xatırladaq ki, bu ərəfədə İsveçin xarici işlər naziri Ann Lindenin qeyd etdiyinə görə, təxribat səbəbindən baş verən partlayışların “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin üç hissəsində qaz sızmasına səbəb olduğu ehtimal edilir.

 

ŞİMALİ KOREYA NÖVBƏTİ NÜVƏ SINAĞINI KEÇİRMƏYƏ HAZIRLAŞIR

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Şimali Koreyanın nüvə sınağı keçirəcəyi ehtimalını təsdiqləyib. “Report” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya parlamentinin deputatı Yon Qon Yon Milli Kəşfiyyat Xidmətinin qapalı brifinqindən sonra məlumat verib.

Bildirilir ki, sözügedən sınaqlar artıq yeddinci nüvə sınağı olacaq. Məlumata əsasən, sınaqlar oktyabrın 16-sı ilə noyabrın 7-si aralığında keçirilə bilər. Çünki oktyabrın 16-da Çin Kommunist Partiyasının XX Qurultayı, noyabrın 7-də isə ABŞ-da aralıq seçkilər keçiriləcək.

Xatırladaq ki, ABŞ və Cənubi Koreya hakimiyyətləri bir neçə aydır Şimali Koreyanın növbəti nüvə sınağına hazırlaşdığını iddia edirlər.

 

NİGERİYADA VƏBA EPİDEMİYASI TÜĞYAN EDİR

Nigeriyada vəba epidemiyası səbəbi ilə həyatını itirənlərin sayı artmaqda davam edir. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Açıqlamaya əsasən, yanvar ayından bəri epidemiya paytaxt Abuca ilə yanaşı 30 ştatda yayılıb.

Eyni zamanda, açıqlamada qeyd edilir ki, sözügedən tarixdən bu günədək  5 min 451 nəfərə vəba diaqnozu qoyulub və epidemiya səbəbindən həyatını itirənlərin sayı artıq 149 nəfərə yüksəlib. Ölkədə təmiz suyun olmaması ilə yanaşı, səmərəsiz tibbi müdaxilə xəstəlik və ölüm riskini artırır.

Xatırladaq ki, ötən il Nigeriyada vəba xəstəliyindən 1174 nəfər həyatını itirib.

Məlumat üçün qeyd edək  ki, insana qida və su vasitəsilə yoluxan vəba xəstəliyi orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Vaxtında müalicə olunmayan xəstələr həyatını itirir.

 

İSVEÇIN XİN BAŞÇISI: TÜRKIYƏ ILƏ RAZILAŞMAYA ƏMƏL EDİRİK

İsveçin xarici işlər naziri Ann Linde Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin gələn həftə NATO danışıqları üçün Türkiyəyə gedəcəyini açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, XİN başçısı Türkiyə ilə danışıqların heç bir problem olmadan davam etdiyini bəyan edib.

Bununla yanaşı, nazir qeyd edib ki, İsveç Türkiyədən NATO-ya üzvlüyünü təsdiqləyəcəyini gözləyir: “Lakin Türkiyənin bunu nə vaxt təsdiq edəcəyini bilmirəm. Ötən həftə Nyu-Yorkda BMT-nin toplantısında türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə görüşdüm. Danışıqları nəzərdən keçirdik, hər şey yaxşı gedir. Razılaşmaya əməl edirik”.

Xatırladaq ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ sentyabrın 27-də İsveç Ədliyyə Nazirliyinin nümayəndə heyətinin “FETÖ” və “PKK” terror təşkilatlarının üzvlərinin ekstradisiyasını müzakirə etmək üçün oktyabrın 5-6-da Türkiyəyə gələcəyini açıqlamışdı.

 

 

ÇİN RƏSMİSİ: ÖLKƏLƏRİN ƏRAZİ BÜTÖVLÜYÜNƏ HÖRMƏT EDİLMƏLİDİR

Çin ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət mövqeyi tutur. “Report” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı ölkənin BMT-dəki daimi nümayəndəsi Çjan Szyun bildirib.

“Ukraynadakı münaqişəyə necə baxılması ilə bağlı mövqeyimiz dəyişməz və aydın olaraq qalır - ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir”, - deyə Çinin daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında çıxışı zamanı bəyan edib.

Eyni zamanda, Çin nümayəndəsi qeyd edib ki, ölkələrin qanuni təhlükəsizlik narahatlıqları ciddi qəbul edilməlidir. Diplomatın sözlərinə görə, BMT Nizamnaməsinin prinsiplərinə hörmətlə yanaşılmalı, həmçinin bütün ölkələrin təhlükəsizlik problemləri nəzərə alınmalıdır.

“Bu böhranın sülh yolu ilə həllinə gətirib çıxara biləcək bütün səyləri dəstəkləmək lazımdır. Çin həmişə sülh tərəfdarı olmaqla yanaşı, sülh və dialoqa sadiqliyini nümayiş etdirib və bundan sonra da konstruktiv rol oynayacaq”, - deyə Çjan Szyun əlavə edib.

 

ABŞ LAZERLƏ TƏCHİZ EDILMIŞ TƏYYARƏLƏRİ SINAQDAN KEÇİRƏCƏK

ABŞ Hərbi Hava Qüvvələri Xüsusi Əməliyyatlar Komandanlığı gələn ildən “AC-130J Ghostrider” təyyarələrini döyüş lazeri ilə sınaqdan keçirmək niyyətindədir. “Report” agentliyi bu barədə “Breaking Defence” nəşrinə istinadən xəbər verib.

Məlumata əsasən, “AC-130J”nin lazerlə sınaq uçuşları 2023-cü ilin yayında başlayacaq və payıza qədər davam edəcək.

Bununla yanaşı, Xüsusi Əməliyyatlar Komandanlığının sözçüsü qeyd edib ki, sınaqların nəticələri lazerin gələcəyini müəyyən edəcək. Onun sözlərinə görə, hazırda lazerdən istifadə konsepsiyası hazırlanmayıb.

Məlumat üçün qeyd edək ki, “AC-130J” təyyarələri quru qoşunlarını dəstəkləmək və hədəfləri dəqiqliklə məhv etmək üçün nəzərdə tutulub.

Bildirilir ki, sözügedən təyyarənin arsenalına 30 mm-lik “GAU-23/A” topu və “M102” haubitsa daxildir. Həmçinin təyyarə yüksək dəqiqlikli bombaları və raketləri də daşımaq qabiliyyətinə malikdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.