Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Bədnəzər mifdir, yoxsa reallıq?

Bədnəzər anlayışı demək olar ki, bütün millətlərdə mövcuddur. İnanca görə, bu mənfi bioenergetik təsirdir və  insanın sağlamlığında, psixoloji durumunda müəyyən problemlər yarada bilər. Onun təsiri ilə nəinki insanlar, hətta ev heyvanlarının da qəflətən naməlum xəstəliyə düçar olması barədə məlumatlar var. Nədir əslində bu bədnəzər, uydurma, batil inanc, yoxsa elmi təsdiqini tapmış anlayış? 

Gəlin əvvəlcə  məsələnin elmi köklərinə nəzər salaq. Elm deyir ki, parapsixologiya dilində “bioenergetik” gözdəymənin mənfi təsiridi. Ehtimal olunur ki, müəyyən səbəblərdən bədəndə toplanan pozitiv və ya neqativ enerji münbit şərait yarandıqda insanın baxışından vulkan kimi püskürə bilər. Gözlər beyinin gücündən ən rahat və  təsirli şəkildə istifadə edə bildiyimiz orqandır. Elm adamlarının təsbit etdikləri kimi, gözlərlə, həmçinin  hipnoz etmək də mümkündür.

Bundan əlavə, bədnəzər hədsiz heyranlıqdan da dəyə bilir. Belə ki, insan beynində bir mərkəz var ki, bu bölgə görmə mərkəzi ilə bərabər çalışır. Lap çox təəccüb etdikdə, həmin mərkəzdə qıcıqlanma yaranır. Çünki insan hər hansı bir şeyi gördükdə, ilk olaraq bu, beyinə çatır və qıcıq zamanı orada  enerjinin aktivləşməsi prosesi gedir. Daha sonra isə bu enerji göz vasitəsilə ötürülür. Həmin enerji insanın üzərinə istiqamətlənərkən  birinci onu əhatə edən auraya rast gəlir. Aura pozitiv bioenerji sahəsidir, gözdən gələn enerji isə mənfi, neqativdir. Onların toqquşması zamanı yanma baş verir və həmin şüalar  insan vücuduna daxil olaraq parapsixologiya dili ilə desək orada dəlik açır. 

Aura insan bədənini qoruyur, ancaq burada yaranan dəliklərin uzun müddət qalması ətrafdan gələn kosmik enerjinin vücuda təmizlənmədən daxil olması ilə nəticələnir. İnsan bədəninə daxil olan həmin mənfi enerji isə  xoşagəlməz hisslərin yaranmasına gətirib çıxarır. Parapsixoloqlar dəliklərin bir neçə günə, bəzən isə  hətta bir həftəyə qapandığını deyirlər.

Gözü rəngli olan insanlarda bu enerjinin daha yüksək olduğu təsdiqlənib. Maraqlıdır ki, bioenerji ilə müxtəlif cür xəstəlikləri müalicə etmək də mümkündür.

Lakin bütün bunlara baxmayaraq, tibb dünyasında insanların səhhətindəki bədnəzərlə əlaqəli gözlənilməz dəyişikliklərin bir çox səbəbi hələ də elmi təsdiqini tapmadığı üçün  araşdırmalara ehtiyac duyulur.

 

Dünyadakı  qarışqaların sayı hesablanıb

Dünyada nə qədər qarışqanın mövcud ola biləcəyi haqda heç düşünmüsünüzmü? Əslində bu, bütün dünyada insanların saç telini hesablamaq qədər absurd düşüncə kimi görünür, elə deyilmi? Lakin bu fikir bir çoxlarınıza ağlasığmaz kimi görünsə də,  elm adamları sualın cavabını tapmağa cəhd göstəriblər. Belə ki,  Honq Konq Universitetinin bir qrup alimi planetdəki qarışqaların sayını hesablayıb. Məlum olub ki, Yer kürəsində təxminən 20 katrilyon qarışqa  mövcuddur.

"PNAS" elmi jurnalında dərc  edilən araşdırmada daha əvvəl aparılan 489 araşdırma təhlil edilib. Qeyd edək ki, bu araşdırmaların nəticələri  qarışqaların ərazilərə  görə sayını göstərir.

Hesablamalara görə, dünyada adambaşına 2,5 milyon qarışqa düşür. Bundan əlavə, onların ümumi çəkisinin təxminən 12 meqaton olduğu təxmin edilir. Bu isə  o deməkdir ki, qarışqaların çəkisi bütün quşların və məməlilərin cəmindən daha ağırdır.

Qeyd edək ki, hesablamalar bütün qitələr üzrə aparılsa da, Mərkəzi Afrika və Asiya kimi bəzi bölgələrdən əldə edilən məlumat kifayət qədər olmadığı üçün  araşdırma qrupu qarışqaların sayının daha çox olduğunu düşünür.

Tədqiqatın aparılmasında əsas məqsəd, dünyada həşəratların sayının  getdikcə azalması ilə əlaqəlidir. Belə ki, 2019-cu ildən bəri  aparılan bir çox  araşdırmalara görə, həşərat növlərinin 40 faizdən çoxu nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıyadır.

Ümumilikdə 15 min 700-dən çox növü olan qarışqalar  bitki toxumlarının yayılmasında təbiətdə mühüm rol oynayır. Mütəxəssislər hələ ki, bu həşəratların sayının azalıb-azalmadığından əmin deyillər. Bu səbəbdən də, onlar araşdırmalarına  davam edəcəklərini bildirirlər.

İnformasiya "Muhalif" veb saytında yayımlanıb.

 

Daima gülün ki...

ABŞ-ın Loma Linda Universitetinin alimlərinin  araşdırması nəticəsində gülüşün insan yaddaşına güclü təsir etdiyi məlum olub. Belə ki, gülən şəxslərdə yaddaşa mənfi təsir edən  stress hormonlarının əhəmiyyətli dərəcədə azaldığı ortaya çıxıb.

Təcrübələr göstərib ki,  yaşlı insanlar komediya filmlərinə baxdıqdan sonra hər hansı  informasiyanı daha yaxşı yadda saxlayırlar. Alimlərin  qənaətinə görə, gülüş stress hormonu olan kortizol istehsalını azaltdığı üçün yaddaşın güclənməsinə səbəb olur.

Bundan əlavə, gülüş orqanizmdə endorfin hormonunu artırır. Nəticədə beynə gedən və insana xoşbəxtlik hissi verən dopamin hormonunun səviyyəsi də yüksəlir. Bütün bunlar isə beynin fəaliyyətinə yaxşı təsir edərək yaddaşı gücləndirir. 

Tədqiqatçılar bunu müəyyən etmək üçün könüllülər üzərində təcrübə keçiriblər. Belə ki, 20 sağlam insandan 20 dəqiqə ərzində gülməli filmə və ya proqrama baxmaq xahiş edilib. İkinci qrupda olan 20 nəfər isə heç bir şeyə baxmadan gözləyiblər. 

Daha sonra hər iki qrup  yaddaş testindən keçirilib. Bundan  əlavə, stress hormonu səviyyəsini müəyyənləşdirmək üçün isə iştirakçılardan tüpürcək nümunələri alınıb. Komediya filminə baxanlar qısamüddətli yaddaş testindən daha müvəffəqiyyətlə keçiblər. Onların stress səviyyəsinin də daha aşağı olduğu müşahidə olunub.

Alimlər gülüşün yaddaşa mənfi təsir edən stress səviyyəsini azaltdığını və xoşbəxtlik hormonu səviyyəsini yüksəltdiyini, habelə yaddaşın inkişafına müsbət  təsir etdiyini açıqlayıblar.

 

Nə üçün bəzən yuxularımızı xatırlamırıq?

Yuxular bir növ hava isinəndə əriyən qara bənzəyir. Adətən onların 50 faizini  bitdikdən 5 dəqiqə sonra, 90 faizini isə 10 dəqiqə sonra unuduruq. Bəs bunun səbəbi nə ilə əlaqəlidir?   

Aparılan araşdırmalar göstərib ki, beynimizdəki  uzunmüddətli yaddaş funksiyası ilə bağlı bölgənin fəaliyyəti yuxu zamanı passivləşir. Buna görə də, oyanmamışdan qısa müddət sonra gördüyümüz yuxuların çoxunu unuduruq. Misal üçün, xatırlamağımızda böyük rolu  olan neyrotransmitter  uzunmüddətli yaddaşla əlaqəli aktivliyin müşahidə edildiyi prefrontal korteks kimi bölgələrdə yuxu zamanı çox aşağı səviyyədə olur.

Beyin oyandıqda yaddaş üçün lazım olan prosesi aktivləşdirməyə başlayır. Bu səbəbdən də,  yuxudan qəfil ayıldıqda onu daha tez  xatırlayırıq.

2011-ci ildə həyata keçirilmiş bir araşdırmaya görə, yuxunun REM mərhələsindən (sürətli göz hərəkəti mənasını verir) ayıldıqdan sonra prefrontal korteksdə daha çox teta beyin-dalğası aktivliyinə sahib olan  insanlar yuxularını yaxşı xatırlayırlar.

Yuxunun emosionallığı və məntiqliliyi də onu xatırlamağımıza təsir edir. Belə ki, digər bir  araşdırmaya görə, məntiqli yuxular hekayəvari yuxulardan daha az yadda qalır.  Kabuslar, olduqca parlaq, emosional yuxular isə  asan xatırlanır. Üstəlik belə yuxular beyinimiz və bədənimizin canlanmasına da təsir edir. Bəzən isə yuxudan ayılmağımızla nəticələnir.

Amma bəzi vasitələrlə yuxunu xatırlama səviyyəsini artırmaq mümkündür. Oyandıqdan dərhal sonra diqqətinizi çəkən hansısa əşya da yuxunu xatırlamağınıza mane ola bilər. Bu səbəbdən də, yatağınızın yanına dəftər və qələm qoyun, müəyyənləşdirə bildiyiniz hansısa görüntü və ya hissi qeyd edin. Bu kimi kiçik addımlar yuxunu xatırlamaqda köməkçi vasitə ola bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".