Ecazkar və füsunkar: Təbii Sərvətlərimiz
Ekologiya

Ecazkar və füsunkar: Təbii Sərvətlərimiz

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət qoruqları seriyasından Laçın Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Laçın Dövlət Təbiət Yasaqlığı

Laçın əsrarəngiz gözəlliyə və təbii sərvətlərə malik diyardır. Rayonun şərqini Qarabağ silsiləsinin cənub-qərb yamacları, cənub-qərb hissəsini Qarabağ yaylası tutur.  1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə təşkil edilən Qaragöl Dövlət Təbiət Qoruğu 240 hektar ərazini əhatə edirdi. Hazırda yasaqlığın sahəsi  21370 hektardır. 

Laçın Dövlət Təbiət Yasaqlığı orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir. Ərazinin  862 hektarı qayalar və uçqunlar, 34 hektar ərazisi isə xüsusi təyinatlı torpaqlardır. Ən yüksək dağ zirvəsi - Qızılboğazın hündürlüyü 3594 metrdir. Şəlvə, Picənis, Qorçu və s. çayların axdığı dərin dərələr vasitəsilə kəskin parçalanmışdır. Bol su ehtiyatlarına malik olan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayı ilə qovuşur.  Ərazidə Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar var.

Burada qışı quraq keçən, soyuq iqlim tipi hakimdir. Bitki örtüyünə görə yasaqlığın sahəsi iberiya palıdlarından ibarət olan yuxarı dağ-meşə (1000-1700 m), Şərq palıdından olan yuxarı dağ-meşə (1700-2200 m), subalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlarına ayrılır.

Laçın Dövlət Təbiət Yasaqlığında 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü vardır. Ərazi 7369 hektar meşə sahəsi, 1448 hektar alp çəmənliyi, 7400 hektar subalp çəmənliyi, 4257 hektar otlaq, çeşid-çeşid güllər və çiçəklər ilə zəngin bitki örtüyünə malikdir. Meşələrdə şam, palıd, vələs, cökə, ağcaqayın,  söyüd, qarağac, akasiya, qovaq, dəmirqara, armud ağacları üstünlük təşkil edir. Vələsin üstünlük təşkil etdiyi palıd və toz ağaclarının dağ-çəmən meşəliyi çox az sahəni tutur. Subalp qurşağı üçün quraq yamaclar, bozqırlaşmış və nisbətən rütubətli yamacların mozofil çəmənləri, alp qurşağı üçün müxtəlif otlu çəmənlər üstünlük təşkil edir. Ərazidə ibtidai, az qalın, çimli, dağ-çəmən, tipik, karbonat qalıqlı bozqırlaşmış qəhvəyi dağ-meşə, tipik və bozqırlaşmış qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.

Burada bir sıra heyvan və quşların məskunlaşması üçün əlverişli şərait vardır. 1989-cu ildə yasaqlığın ərazisində 96 baş dağ keçisi, 360 qaban, 320 cüyür, 110 ayı, canavar, porsuq, dovşan, dələ və s. heyvanlar, quşlardan - 200 qırqovul, 1500 kəklik,  turac, tetra quşu, bildirçin, alabaxta kimi nadir fauna növləri məskunlaşmışdı. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na daxil edilən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs və s. heyvan növləri vardır. 

Yasaqlığın ərazisindəki Hacısamlı meşəsində dünyanın ən qiymətli ağaclarından olan qırmızı palıddan mebel hazırlanır. Hələ çar hökuməti dövründə həmin ağacdan istifadə etmək üçün fransızlar çətin dağlar ilə Xankəndidən Qırxqız dağını kəsməklə araba yolu çəkmişdilər. Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə olunurdu.

1992-ci ildə Laçın rayonunun ermənilər tərəfindən işğal olunması nəticəsində 30 ilə yaxın rayonun təbiəti və təbii sərvətləri ermənilər tərəfindən vəhşicəsinə talan edilmişdir.

 Rəşadətli Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətən müharibəsində Laçının cənub hissəsini işğalçılardan azad etmiş, ancaq Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdır. Bu il avqust ayının  26-da Azərbaycan Silahlı Qüvvələri Laçın şəhərinə daxil olmuş, Zabux və Sus kəndləri ilə birlikdə erməni işğalçılarından azad olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 sentyabr 2022-ci il tarixində Laçın rayona səfər etmiş və Laçın şəhərində Azərbaycan bayrağını ucaltmışdır. Dövlətimizin başçısı demişdir: "Fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq!".

Laçın rayonunun işğaldan azad olunması nəticəsində insanlar öz doğma yurdlarına dönəcək, Laçın Dövlət Təbiət Yasaqlığı da öz füsunkar gözəlliyinə qovuşacaqdır.

Kamil İSMAYIL,

"Respublika".