DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“ŞİMAL AXINI” QAZ KƏMƏRLƏRİNDƏ PARTLAYIŞLAR BAŞ VERİB

“Şimal axını 1” və “Şimal axını 2” qaz kəməri marşrutlarında iki partlayış qeydə alınıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə İsveçin Milli Seysmik Şəbəkəsi açıqlama yayıb.

Məlumata əsasən, şəbəkənin ölçmə stansiyaları kəmərlərin keçdiyi ərazidə sentyabrın 26-da ayrı-ayrı vaxtlarda iki partlayış müşahidə edib. Bu faktlarla bağlı daha ətraflı araşdırmalar aparılır. Partlayışlardan birinin maqnitudası 2,3 bala bərarər olduğu bildirilir.

Eyni zamanda, Danimarka donanma rəsmiləri Baltik dənizində Rusiyadan Avropaya gedən boru kəmərində dəniz nəqliyyatı üçün təhlükəli qaz sızmasının müşahidə edildiyini açıqlayıb.

Qeyd edək ki, sentyabrın 27-də gecə saatlarından etibarən “Şimal axını” ilə Rusiyadan Şimali Avropaya qaz nəqli tamamilə dayandırılıb.

 

İRANIN NEFT SƏNAYESİ İŞÇİLƏRİNDƏN HÖKUMƏTƏ XƏBƏRDARLIQ

İranın neft sənayesində müqavilə əsasında işləyən fəhlələr ölkədə hicaba görə həbslərin, qətllərin, təqib və təzyiqlərin dayandırılmayacağı təqdirdə tətil edəcəkləri ilə bağlı hökumətə xəbərdarlıq ediblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “RadioFərda” yayıb.

Qeyd olunur ki, müqaviləli neft sənayesi işçilərinin etirazlarının təşkilat şurası Məhsa Əmininin qətlə yetirilməsindən hiddətləndiklərini bildiriblər.

Bununla yanaşı, şuranın açıqlamasına görə, qadınlara qarşı mütəşəkkil zorakılığa qarşı xalqın mübarizəsini dəstəkləyirlər.

Qeyd edək ki, İran hakimiyyətinin tətbiq etdiyi hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən qətlə yetirilib. Buna etiraz olaraq ölkə boyu etiraz aksiyaları keçirilir.

 

TÜRKİYƏ XÜSUSİ XİDMƏT ORQANLARI TƏHLÜKƏLİ TERRORÇUNU MƏHV EDİB

Türkiyə xüsusi xidmət orqanları Suriyanın şimalında Ayn İsa bölgəsində “YPG” terrorçularının (“PKK”nın Suriya qanadı) liderlərindən biri Mehmet Akyolu məhv edib. “Trend” agentliyi bildirir ki,  Mehmet Akyol Türkiyədə terror aktlarında iştirak etdiyinə görə beynəlxalq axtarışda olub.

Məlumat əsasən, Mehmet Akyol “PKK”ya qoşulmazdan əvvəl İraqın şimalında terrorçuların liderlərindən biri Cəmil Bayıkın iştirakı ilə “siyasi və ideoloji təlim” keçib.

Saxlanılan terrorçu “PKK”nın Türkiyə Silahlı Qüvvələrinin bölgədəki hərbi əməliyyatlarının qarşısını almaq məqsədi daşıyan aksiyalarında da fəal iştirak edib.

 

SAKİT OKEANDA VULKAN PÜSKÜRMƏSİ NƏTİCƏSİNDƏ YENİ ADA YARANIB

Sakit okeanın çoxlu sayda sualtı vulkanların olduğu cənub-qərb hissəsində, mərkəzi Tonqa adaların Houm-Rif sualtı dağında vulkanın püskürməsindən sonra yeni bir ada yaranıb. Bu barədə “Sputnik” informasiya agentliyi “CNN” telekanalına istinadən məlumat yayıb.

“NASA”nın açıqlamasına görə, belə su altında qalmış vulkanlardan biri sentyabrın 10-da oyanaraq lava, buxar və külün püskürməsinə səbəb olub. Vulkan püskürməsinin başlamasından cəmi on bir saat sonra suyun səthində yeni bir ada görünüb. Agentlik adanın peyklərdən şəkillərini lentə alıb.

Qeyd edilir ki, yeni adanın ölçüsü sürətlə böyüyüb. Püskürmədən dörd gün sonra, sentyabrın 14-də Tonqa Geoloji Xidmətinin tədqiqatçıları adanın sahəsinin cəmi 4 min kvadratmetr, sentyabrın 20-də isə adanın 24 min kvadratmetrə qədər böyüdüyünü vurğulayıblar.

Eyni zamanda, “NASA” qeyd edir ki, sualtı vulkanlar nəticəsində yaranan adalar “çox vaxt qısa ömürlü” olur, lakin bəzən illər və hətta onilliklər ərzində bu adalar qala bilir.

 

BƏŞƏR ƏSƏD REJİMİNDƏN ANKARAYA BARIŞIQ MESAJI

Türkiyənin Bəşər Əsəd rejimi ilə dialoqa “yaşıl işıq” yandıran açıqlamaları gündəmdə olduğu bir vaxtda, Suriyanın xarici işlər naziri Feysəl Mikdaddan diqqətçəkən açıqlama gəlib. “Teleqraf.com”un xəbərinə görə, BMT Baş Assambleyasının Nyu-Yorkdakı sammitində çıxış edən nazir Türkiyə ilə yaxşı və normal münasibətlər qurmağa hər zaman hazır olduqlarını bəyan edib.

“2009-2010-cu illər arasında Türkiyə ilə münasibətlər əla idi, hətta maraqlarımıza cavab verməyən addımlar da atdıq, bəzən münasibətlərimizi gücləndirmək üçün fədakarlıqlar da etdik”, - deyə F.Mikdad vurğulayıb.

Çıxışının davamında məcburi köçkün və qaçqın suriyalılara müraciət edən nazir onları ölkələrinə geri qayıtmağa çağırıb.

Xatırladaq ki, “Röyters” agentliyi Türkiyə Milli Kəşfiyyat Təşkilatının  rəisi Hakan Fidanın bu yaxınlarda Dəməşqdə suriyalı həmkarı Əli Məmlüklə görüşdüyünü bildirib.

 

NÖVBƏTİ SEÇKİLƏRDƏ DEMOKRATLAR BAYDENİN NAMIZƏDLIYINƏ QARŞI ÇIXIR 

ABŞ Demokrat Partiyası tərəfdarlarının yarıdan çoxu hazırkı Prezident Cozef Baydenin 2024-cü ildə keçiriləcək növbəti seçkidə namizədliyinin irəli sürülməsinə qarşıdır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu “The Washington Post” nəşri və “ABC News” telekanalının birgə keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğuya əsasən, demokratların və bu partiyanın müstəqil tərəfdarlarının 56 faizi Cozef Baydenin yerinə başqa namizəd irəli sürmək istədiklərini bildiriblər. Məlumata əsasən, bu mövqe gənc demokratlar arasında daha çox yayılıb - onların 75 fazi başqa namizədə üstünlük verəcəklər. Baydenin namizədliyini sorğuda iştirak edən demokratların cəmi 35 faizi dəstəkləyib.

Bununla yanaşı, sorğu onu da göstərib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın namizədliyi onun partiyasının tərəfdarları arasında daha populyar olub - rəyi soruşulan respublikaçıların 47 faizi prezident seçkilərində onun namizədliyini dəstəkləyəcəklərini bəyan edib, 46 faizi isə bunun əleyhinə çıxıb.

 

ÜST-ÜN BAŞ DİREKTORU TƏHDİD EDİLDİYİNİ AÇIQLAYIB

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “The Washington Post” qəzetinə müsahibəsində təhdidlərdən şikayətlənib. “Trend”in verdiyi xəbərə görə, baş direktorun sözlərinə görə, həyatı üçün təhlükə yaradan mesajlar alır.

“Təhdidlər birbaşa SMS vasitəsilə mənə göndərilir. Nömrəmi haradan aldıqlarını anlamıram”, - deyə təşkilat rəhbəri bildirib.

Baş direktorun sözlərinə görə, evində siqnalizasiya sistemi quraşdırılıb və əməkdaşlar onu müşayiət etmək üçün mühafizəçilərin işə götürülməsini təklif ediblər. ÜST rəhbəri konkret kimin tərəfindən təhdidlər aldığını açıqlamayıb.

ÜST-ün baş direktoru həmçinin bildirib ki, onun Efiopiyaya qayıtması təhlükəlidir. Nəşrin məlumatına görə, o, Tiqray əyalətindəki vəziyyətə görə ölkə hakimiyyətini tənqid edib.

 

“TALİBAN”NIN BMT-DƏ ÇIXIŞINA İCAZƏ VERİLMƏDİ

BMT Əfqanıstandakı hazırkı “Taliban” hökuməti nümayəndələrinin bu qurumun Baş Assambleyasının 77-ci sessiyasının siyasi müzakirələrində iştirakını rədd edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Taliban”ın Doha qərargahının rəhbəri Məhəmməd Süheyl Şahin açıqlama verib.

Hərəkat rəsmisi BMT-nin bu qərarını ədalətsiz addım hesab edir. Süheyl Şahin bildirib ki, Əfqanıstan İslam Əmirliyi təsbit edilmiş faktdır və əfqanların BMT Baş Assambleyasında dinlənilmək hüquqları var.

Ötən il Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban”ın elan etdiyi hökumət BMT tərəfindən tanınmır. Beynəlxalq qurum “Taliban”ı Əfqanıstanın legitim hökuməti hesab etmir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.