Əbədiyyətin və mənəvi ucalığın zirvəsi
Region

Əbədiyyətin və mənəvi ucalığın zirvəsi

Doğma Vətəni, Qarabağ torpağı və üçrəngli bayrağı uğrunda savaşa atılan, düşməni cəsarətlə əzən və məhv edən oğullarla haqlı olaraq fəxr edirik, polad biləkli igidlərlə həmişə qürur duyuruq.

Vətən müharibəsində canı və qanı ilə qəhrəmanlıq dastanı yazan, düşmənə sözün əsl mənasında cəhənnəm yaşadan, yadelli işğalçıları məhv edən, keçilməz sədləri, sıldırım qayaları aşıb keçən oğulların hünəri ilə Azərbaycan qalib ölkə kimi dünyada tanındı. Qalib ölkənin Prezidenti xalqımızın yeni hərb və şanlı qəhrəmanlıq tarixini yazdı, qanlı döyüşlər zamanı işğalçı ölkənin hərbçilərinin böyük əksəriyyəti məhv edildi, qalanları isə torpaqlarımızdan qovuldu. Vətən fədailərinin adları milli tariximizin səhifələrinə qürur və qəhrəmanlıq simvolu kimi həkk olundu.

Ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan Azərbaycanla sərhəddə toqquşmalara rəvac verir, təxribat-diversiya əməllərindən heç vəchlə çəkinmir. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu təxribatların qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində Ermənistan tərəfi 450-dən çox hərbçi itirib, yaralıların sayı isə bundan bir neçə dəfə çoxdur. Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş Laçın rayonunun Sadınlar kəndindən olan Azərbaycan ordusunun zabiti, leytenant Qorxmaz İsgəndər oğlu İsgəndərovun nəşi laçınlıların sıx məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü ərazisindəki məzarlıqda dəfn olunub.

Şəhidin cənazəsi yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib. Böyük izdihamla keçirilən vida mərasimində Laçın Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Qorxmaz İsgəndərov Mingəçevir Dövlət Universitetinin məzunudur, gələcək arzularına doğru yola çıxmışdı. Bu yol onun taleyinə qəhrəmanlıq və şəhidlik qismət etdi, cismən aramızda olmasa da Qorxmaz mənən yaşayır, əbədiyyət qazanıb.

Salman ALIOĞLU,

"Respublika".