DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏNİN TERRORLA MÜBARİZƏSİ DAVAM EDİR

Türkiyə Silahlı Qüvvələri 2015-ci il iyulun 24-dən bugünədək ümumilikdə 36143 terrorçunu zərərsizləşdirib. “Report” agentliyinin Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunu milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin yüksəkrütbəli rəsmiləri ilə keçirdiyi toplantıda bəyan edib.

Nazir Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfinin terrorçular olduğunu qeyd edib. “Başda İraq və Suriya olmaqla bütün qonşularımızın sərhəd bütövlüyünə, suverenliyinə hörmət edirik. Yeganə məqsədimiz sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Buna görə terrorla mübarizəyə davam edirik”, - deyə nazir vurğulayıb.

Eyni zamanda, Hulusi Akar bildirib ki, ən sonuncu terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək: “Bu il yanvar ayından etibarən Suriya və İraqın şimalında 2874 terrorçu məhv edilib. “Pençe-Kilit” əməliyyatı uğurla davam edir. Bu əməliyyat çərçivəsində 397 terrorçu zərərsizləşdirilib”.

 

BELÇİKANIN ƏDLİYYƏ NAZİRİNİ OĞURLAMAQ CƏHDININ QARŞISI ALINIB

Belçikanın ədliyyə naziri Vinsent Van Qvikenbornu qaçırmağı planlaşdırdığı iddia edilən şəxslər saxlanılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, həftənin əvvəlində Belçikanın ədliyyə nazirinin evinin qarşısında odlu silahla Niderland nömrəli avtomobilin tapılmasından sonra başladılan istintaq çərçivəsində polis dörd Niderland vətəndaşını həbs edib.

Məlumata əsasən, Vinsent Van Qvikenborna qarşı təhlükənin nədən ibarət olduğu barədə rəsmi açıqlama verilməsə də, Belçika mətbuatı narkotik maddələrin ticarəti ilə məşğul olan qrupun naziri qaçırmağı planlaşdırdığını iddia edib.

Verilən xəbərə görə, şübhəlilərdən üçü ötən cümə günü, biri isə sentyabrın 26-da yaxalanıb. Prokurorluq adam oğurluğu iddialarını təsdiqləməsə də, Belçika polisi şübhəlilərin Niderlanddan ekstradisiya edilməsi üçün artıq işə başlayıb.

Belçika mətbuatı nazir Van Qvikenbornun evinin qarşısındakı avtomobildə bir ədəd “Kalaşnikov” avtomatı, odlu silah və iki şüşə benzin tapıldığını qeyd edib.

Eyni zamanda, şənbə günü Vinsent Van Qvikenbornun “ciddi təhdiddən” sonra daha sərt polis nəzarətinə götürüldüyü, həmçinin nazirin özünün ötən həftə təhlükəsizliyi ilə bağlı məlumatlandırıldığı bildirilir.

 

İJEVSKDƏ MƏKTƏBƏ HÜCUM EDƏN ŞƏXSİN KİMLİYİ MƏLUM OLUB

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbə hücum edən şəxsin kimliyi məlum olub. “Report” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hücum edən şəxs İjevsk sakini və bu məktəbin məzunu, 1988-ci il təvəllüdlü Artyom Kazantsevdir. Xəbər verildiyi kimi, o, hücumdan sonra intihar edib.

Eyni zamanda, Rusiya İstintaq Komitəsi onun yaşadığı yerdə axtarışların aparıldığını açıqlayıb. Bildirilir ki, hazırda onun neofaşist baxışlarına və nasist ideologiyasına malik olub-olmadığı araşdırılır.

Verilən xəbərə əsasən, silahlı şəxs dərs zamanı məktəb binasına daxil olub. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb. Kreml məktəbə silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Son məlumata görə, İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 17 nəfərə çatıb, 22 uşaq və 2 böyük olmaqla 24 nəfər xəsarət alıb.

Xatırladaq ki, həlak olanlarla bağlı Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.

 

“BRENT” MARKALI NEFTİN QİYMƏTİ KƏSKİN UCUZLAŞIB

Dünya birjalarında “Brent” markalı neftin qiyməti 84 dollardan aşağı düşüb. “Trend” agentliyinin məlumatına görə, sözügedən göstərici bu il yanvarın 14-dən sonra qeydə alınan ən ucuz qiymət olub.

Londonun “ICE Futures” birjasında neftin noyabr fyuçersləri 83,85 dollar ətrafında alınıb satılır. Ötən həftəsonu ilə müqayisədə qiymətlərdə 2,67 faiz azalma qeydə alınıb. Eyni zamanda, “WTI” markalı neftin noyabr fyuçersləri 77,88 dollaradək ucuzlaşıb.

Xatırladaq ki, ötən həftə ərzində “Brent” markalı neftin qiymətində 1,5 faiz, “WTI” markalı neftin qiymətində isə 1,4 faiz ucuzlaşma qeydə alınmışdı.

 

ABŞ İRANLA DANIŞIQLARIN TEZLİKLƏ BƏRPASI ÜÇÜN HEÇ BİR PERSPEKTİV GÖRMÜR

İran ABŞ-ın razılaşa bilməyəcəyi məsələləri nüvə sazişi danışıqlarına cəlb etmək istəyir. “Report”un  xəbərinə görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken “CBS” telekanalına müsahibəsində bildirib.

Bildirilir ki, ABŞ-ın xarici əlaqələr idarəsinin rəhbəri İranla danışıqların bərpasında perspektiv görmədiyini açıqlayıb.

“Biz pis razılaşmanı qəbul etməyəcəyik. Avropalı tərəfdaşlarımızın son təkliflərinə  onların verdikləri cavab geriyə doğru çox mühüm addım idi. Yaxın perspektivdə bunu bir nəticəyə çatdırmaq üçün heç bir imkan görmürəm”, - deyə Entoni Blinken vurğulayıb.

Xatırladaq ki, yayda tərəflər sövdələşmənin bərpası perspektivlərini müsbət qiymətləndirdilər. Lakin sentyabrda Vaşinqton Tehranın təkliflərə olan cavabını qeyri-konstruktiv adlandırıb. Bu danışıqlar fonunda Böyük Britaniya, Fransa və Almaniya İranı nüvə proqramını bəyan edilmiş mülki məqsədlərə xidmət etməməkdə ittiham ediblər.

 

BRİTANİYANIN HƏRBİ BÜDCƏSİ 100 MİLYARD FUNT-STERLİNQƏ ÇATDIRILACAQ

Böyük Britaniya illik hərbi büdcəsini 2030-cu ilə qədər 100 milyard funt-sterlinqə (108 milyard dollar) qədər artırmağı planlaşdırır. “Trend” agentliyinin “The Telegraph” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə krallığın müdafiə naziri Ben Uolles bəyan edib.

“Hazırkı proqnoza görə, söhbət 2029-2030-cu illərdə təxminən 100 milyard funt-sterlinqlik müdafiə büdcəsindən gedir. Hazırda 48 milyard funt-sterlinqimiz var. Fərq budur. Səkkiz il ərzində bu, böyük məbləğdir”, - deyə müdafiə naziri vurğulayıb.

Eyni zamanda, müdafiə nazirinin sözlərinə görə, kəşfiyyat və müşahidəyə xərclərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Hərbi büdcə artdıqca Böyük Britaniyanın Silahlı Qüvvələrinin sayı da artacaq.

Buunla yanaşı, Ben Uolles əlavə edib ki, nazirliyin prioritet istiqamətlərindən biri pilotsuz təyyarələrlə mübarizə vasitələrinin hazırlanması olacaq.

 

MİSİR BEYNƏLXALQ TAXIL TİCARƏTİ MƏRKƏZİ YARATMAĞI TƏKLIF EDIB

Misir öz ölkəsində beynəlxalq taxıl ticarəti mərkəzi yaratmağı təklif edib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Misirin xarici işlər naziri Sameh Şükri BMT Baş Assambleyasının 77-ci sessiyasında təşəbbüslə çıxış edib.

“Misirin nadir coğrafi mövqeyi var. Ona görə də biz beynəlxalq ictimaiyyətlə əməkdaşlığa və taxılın saxlanması, tədarükü və ticarəti üçün beynəlxalq mərkəz yaratmağa hazırıq. Bu, kollektiv ərzaq təhlükəsizliyinə töhfə verəcək”, - deyə Misirin XİN başçısı  çıxışı zamanı bəyan edib.

Nazir hesab edir ki, pandemiya, üstəlik, Rusiya ilə Ukrayna arasındakı münaqişə “ən həssas dövlətlərin vəziyyətini” daha da ağırlaşdırıb.

Sameh Şükrinin fikrincə, dünya birliyi uzun illər ərzində ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramlarını reallaşdıra bilməyib. Nazir həmçinin böhranların aradan qaldırılması üçün kompleks strategiya tərəfdarı kimi çıxış edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.