Sağlam həyat
Maraqlı

Sağlam həyat

Cavanlaşmaq istəyirsinizsə alma yeyin

Daim insan orqanizmində yığılan toksinlər, şlaklar, sərbəst radikallar kimi ziyanlı maddələr qocalma proseslərini sürətləndirir, müxtəlif orqan və sistemləri zədələyir, mübadilə proseslərini pozur. Amma amerikalı alimlər vücudumuzu belə zərərli maddələrdən təmizləyən, qocalma proseslərini hüceyrə səviyyəsində ləngidən, orqanizmimizə cavanlaşdırıcı təsir edən meyvənin adını açıqlayıblar. Belə ki, bu yaxınlarda aparılan araşdırmalar nəticəsində hamımızın sevə-sevə yediyimiz almanın qocalmanın da qarşısını aldığı məlum olub.

Almanın tərkibindəki mikroelementləri hesablayan alimlər bu maddələrin qan dövranına və immun sisteminə effektiv təsir edərək ürəyi cavanlaşdırdığını ortaya çıxarıblar. Elm adamlarının sözlərinə görə, hər gün müntəzəm olaraq iriölçülü bir alma yemək insan ömrünü uzadır, orqanizmi gəncləşdirir. Belə ki, bu dəyərli meyvənin tərkibində olan mürəkkəb elementlər ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarının elastikliyini qoruyur.

Aparılan təcrübələr göstərir ki, alma infarkt, ürək xəstəlikləri, insult riski yaradan damarların divarlarında kirəçləşmə və möhkəmlənmənin qarşısını 21 faiz daha çox alır. Əldə edilən nəticələrə görə, gün ərzində müntəzəm olaraq alma və onun şirəsini qəbul edən könüllülərin ürək-damar sistemi ilə yanaşı, ümumilikdə orqanizmlərində 20 yaş cavanlaşma müşahidə edilib.

"Annals of Oncology" jurnalında nəşr olunan məqalədə almanın tərkibində orqanizmi artıq yağlardan xilas edən pektin adlı suda həll olan liflərin olduğu qeyd edilir. Tədqiqatçılar pektin lifinin insanda toxluq hissi yaratdığını və artıq çəki ilə mübarizədə böyük rol oynadığını qeyd ediblər. Eyni zamnda almanın tərkibindəki pektin lifi qandakı xolestrolun səviyyəsini sabit saxlayaraq, bağırsaqların normal işləməsini tənzimləyir, ürək və diabet xəstəlikləri riskini azaldır. Bundan əlavə, tərkibi vitamin C kimi "quercetin", "catechins" və "chlorogenic" antioksidantlarla zəngin olan almanın insanı bütün növ xərçəng xəstəliklərindən də qoruduğu bildirilir.

 

Dildəki ərp hansı xəstəliyin xəbərçisidir?

Dildə ərpin yaranması yəqin ki, çoxlarına tanış bir haldır. Bir çoxlarımız buna adi hal kimi yanaşsaq da, əslində bu əlamət orqanizmdə baş verən hansısa problemin xəbərçisidir. Mütəxəssislər belə halların yalnız yuxusuzluqdan qaynaqlanaraq ortaya çıxdıqda normal olduğunu söyləyirlər. Alimlərin qənaətinə görə, digər hallarda dildə əmələ gələn hər bir ləkə hansısa xəstəliyin erkən diaqnozunun qoyulmasında kömək edə bilər. Bu səbəbdən də onlar belə bir əlamət ortaya çıxdıqda ərpin yaranma səbəblərinin araşdırılmasının vacib olduğunu söyləyirlər.

Newcastle və Leeds Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, dildə əmələ gələn çöküntülər rənginə, qatının qalınlığına, formasına və lokallaşmasına görə ilin fəsillərindən asılı olaraq dəyişir. Belə ki, adətən payızın sonlarına doğru görünməz olan çöküntü yay fəslində daha çox qatılaşır. Çöküntülər ağ, sarımtıl, tünd boz və hətta qara rəngə kimi dəyişə bilər. Tədqiqatçılar yüksək qatılığın xəstəliyin ağırlığından, yüngül ərpi isə orqanizmdə yayılmağa başlayan hansısa infeksion xəstəlikdən xəbər verdiyini deyirlər. Belə ki, COVID-19 xəstəliyi keçirən bir çox insanlarda dad və qoxu itkisi ilə bərabər dilin ərp bağlaması da müşahidə edilib. Onların sözlərinə görə, dilin səthinin görünməyəcəyi qədər qalın qat əmələ gəlməsi orqanizmdə baş verən güclü virus infeksiyaları və ya hansısa xroniki xəstəliyin başlanmasının göstəricisidir.

Qalın və olduqca qatı ərp bağırsaqda meydana çıxan problemlərin əlamətidir. Yoğun bağırsaqda toksin və şlakların toplanması zamanı isə dilin kök hissəsində ləkə şəkilli çöküntü müşahidə edilir. Mədə-bağırsaq sistemi pozuntuları və ya qaraciyər, öd kisəsi problemləri zamanı dildə nazik, selikli ərp qatı yarana bilər. Ağciyər problemləri zamanı isə dilin ön və yan tərəflərində ağımtıl ərp çöküntüləri əmələ gəlir. Əsasən uşaqlarda müşahidə edilən kandidozun göstəricilərindən biri də, bütün dili əhatə edən və ya ləkələr şəklində əmələ gələn kəsmikə bənzər ağ qatdır. Quru, ağımtıl ərp isə orqanizmin susuzlaşmasından xəbər verir. Belə qatılaşmalar dalağın funksional pozuntuları zamanı da baş verə bilər.

 

Artritin təbii çarəsi tapıldı

Böyük Britaniya alimlərinin apardıqları tədqiqatlar nəticəsində itburnu meyvəsinin revmatoid artritlə əlaqəli ağrıları minimuma endirə bilən təbii vasitə olduğu ortaya çıxıb.

Adətən bu xəstəliyi müalicə etmək üçün qeyri-steroid antiinflamatuar dərmanlar (QAİD) istifadə olunur. Bundan əlavə, xəstəliyin gedişatını ləngidən, kortikosteroid sinfindən olan dərmanlar da təyin edilə bilər. Lakin bu müalicələrin çoxu qan təzyiqi, mədə xorası və qanaxma da daxil olmaqla bir sıra xoşagəlməz təsirlərə səbəb olur.

"Sözcü" qəzetində dərc edilən yazıda alimlər itburnunun artrit zamanı ağrıları azaltdığından bəhs ediblər. Onlar bu bitkinin tərkibində olan qalaktolipid və polifenolların iltihabı, oynaq ağrılarını azaltmaqda effektiv təsir etdiyini söyləyirlər. İtburnu çayı, yaxud ondan hazırlanan digər içkilərin osteoartrit, revmatoid artritli xəstələrdə oynaq ağrılarını aradan qaldırmaqda, autoimmun xəstəliklər və xroniki infeksiyalarda iltihabı azaltmaqda təsirli ola biləcəyi bildirilib.

Mütəxəssislər revmatoid artritdən əziyyət çəkən 89 xəstənin iştirakı ilə ikili kor randomizə edilmiş nəzarət müayinəsi aparıblar. Könüllülərə altı ay müddətində itburnu meyvələrinin cövhəri və ya plasebo tərkibli əlavə verilib. Nəticədə itburnu qəbul edən qrupdakı xəstələrin oynaq ağrısının 30% azalması və aktivlik səviyyəsinin yüksəlməsi qeydə alınıb.

Tədqiqatçıların sözlərinə görə, bu təbii vasitənin artrit zamanı ağrının azaldılmasına təsiri Skandinaviya və Almaniyada aparılmış əvvəlki tədqiqatlarla da müqayisə edilmişdir. Ekstrakt və əlavələrin oynaqlarda ağrı, sərtlik və şişkinliyin də aradan qaldırılmasında effektiv olduğu təsdiqlənib.

 

Fiziki aktivlik bu xərçəng riskini azaldır

Elm adamları fiziki aktivliklə məşğul olan qadınlarda süd vəzisi xərçəngi riskinin azaldığına dair sübutlar əldə ediblər.

Avstraliyanın Viktoriya Xərçəng Şurası və İngiltərənin Bristol Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, fiziki aktivliyi artırmaqla süd vəzisində yaranan xərçəng riskini aşağı salmaq mümkündür. Elm adamları əldə etdikləri tapıntıların xəstəliyin bütün növ və mərhələləri üçün keçərli olduğunu bildiriblər. Bundan əlavə, müəyyən olunub ki, mütəmadi olaraq yüksək fiziki fəaliyyətlə məşğul olmaq döş xərçəngi riskini 41, həftədə ən azı üç dəfə fiziki fəaliyyət isə 38 faiz azalmaya səbəb olur.

Süd vəzi xərçəngi qadınlar arasında yayılmasına görə 1-ci yeri tutur, bu xəstəlik faiz etibarilə kişilər arasında 1% hallarda rast gəlinir. Bu xərçəng növü süd vəzi toxumasını əmələ gətirən hüceyrələrin nəzarətsiz şəkildə çoxalmasıdır. Bədəndəki bütün hüceyrələrin nüvələrində onların normal böyümələrinə və sağlam olmalarına nəzarət edən genlər mövcuddur. Bu genlər hüceyrələrin normal bir şəkildə çoxalmalarını kontrol etmə funksiyasını yerinə yetirirlər. Onlar radiasiya, mikroorqanizmlər, stress, qida, düzgün olmayan həyat şəraiti, zərərli vərdişlər (alkoqol, siqaret istifadəsi, narkotik vasitələrdən istifadə), abort və düşüklərin olması və s. kimi müxtəlif faktorların təsirindən mutasiyaya uğraya bilirlər. Nəticədə bu çoxalma bəlli bir sıralama ilə meydana gəlməzsə, toxuma çoxluğu yaranır və ona tumor-şiş adı verilir. Alimlər belə şişlərin yaranmasının qarşısını almaq üçün daim aktiv həyat tərzi keçirməyi, idmanla məşğul olmağı tövsiyə edirlər.

Gələcək tədqiqatlarda idmanın daha hansı xərçəng növlərinə təsirli olduğu araşdırılacaq.

İnformasiya "MedicalXpress" veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".