Ecazkar və füsunkar: Təbii sərvətlərimiz
Ekologiya

Ecazkar və füsunkar: Təbii sərvətlərimiz

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət qoruqları seriyasından Korçay  Dövlət Təbiət Qoruğu haqqında yazını dərc edirik.

"Respublika".

Korçay Dövlət Təbiət Qoruğu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazisinin  4833,6 hektar sahəsində Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır. Qoruğun yaradılmasında əsas məqsəd Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır.

Korçay Dövlət Təbiət Qoruğunun torpaq örtüyü əsasən müxtəlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən də allüvial-çəmən torpaqlardan, relyefi düzənlik, təpəlik və alçaq dağlıq (Bozdağ) sahələrindən ibarətdir. Ərazidə qışı quraq keçən yarımsəhra və bozqır iqlim tipi hakimdir.

Burada bitki örtüyü yovşanlı-şoranlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən əhatə olunmuş, efemerlər də yaxşı inkişaf etmişdir. Ərazidə  təbii landşaft heyvan və quşlar üçün əlverişlidir. Çöl və yarımçöl iqlim şəraiti, Bozdağ silsiləsi və 15-ə yaxın təbii gölün mövcud olduğu Korçay Dövlət Təbiət Qoruğunda vəhşi heyvanların, su-bataqlıq quşlarının və sürünənlərin yaşaması üçün ekosistem yaradılıb. Azərbaycanın "Qırmızı Kitab"ına daxil olmuş heyvanlardan ceyran, quşlardan isə turac məskunlaşmışdı. Qoruqda məməlilərdən -- ceyran, dovşan, tülkü, çaqqal, canavar, quşlardan -- kəklik, turac, qaz, ördək, bəzdək və s. vardır. Burada ceyranların hərəkət trayektoriyası, nəsil artımı və qidalanması gündəlik izlənir. Aparılan tədbirlər ceyranların çoxalmasına şərait yaradır.   

AMEA-nın Dendrologiya İnstitutu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyinin Qorunması Xidmətinin Korçay Dövlət Təbiət Qoruğu arasında 2020-2027-ci illər üzrə elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Məqsəd bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bitki növlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və elektron bazanın yaradılmasıdır. Müqavilədə şoran və təkrar şoranlaşmaya məruz qalmış torpaqların yuyulması, bu ərazilərdə şəraitə uyğunlaşmış ağac və kol cinslərindən ibarət meşəbərpa zonalarının və meşəbərpa işlərinin, torpaqların əkin dövriyyəsinə qaytarılması məqsədilə meliorasiya tədbirlərinin görülməsi nəzərdə tutulur. Sənədə əsasən, ərazilərdə flora növlərinin cari vəziyyəti qiymətləndiriləcək, ekoloji və iqtisadi baxımdan zərərli populyasiyalar aşkar ediləcək, onlara qarşı mübarizə tədbirləri hazırlanacaq. Bundan başqa, hər iki müəssisənin təsdiqlənmiş tematik planları çərçivəsində elmi-texniki işlərinin mövzularına uyğun olaraq nadir endemik yabanı bitkilərin davamlı istifadəsi təmin ediləcək, dərman bitkilərinin qruplaşdırılaraq sistematik təhlil olunması istiqamətində elmi tədqiqatlar aparılacaq.

                                                                                              Kamil İSMAYIL,

                                                                                              “Respublika”.