SƏYYAR QƏBULLAR RAZILIQLA QARŞILANIR
Region

SƏYYAR QƏBULLAR RAZILIQLA QARŞILANIR

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin kökündə vətəndaş amili dayanır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və rayonun digər rəhbər şəxsləri ilə birgə tədbirlər planına uyğun olaraq, təşkil olunan görüşlər vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Növbəti dəfə Şəhriyar kəndində tam orta məktəbdə görüş keçirilib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin respublikamızda aparılan sosial-iqtisadi islahatlar çərçivəsində əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Eyni zamanda, rayon rəhbəri Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək xidmətin əlçatanlıq və üstünlüklərini vurğulayaraq, vətəndaşlara bu platformadan istifadə etmələrini tövsiyə edib.

Qəbul zamanı bir qrup kənd sakinini dinləyən rayon icra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən yeni yaşayış massivinə elektrik transformatorunun qoyulması, su təminatının yaxşılaşdırılması, məktəbin qazlaşdırılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Zabit XƏLİLOV,

"Respublika".