DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDENDƏN TƏHLÜKƏSİZLİK ŞURASININ ÜZVLƏRİNİN SAYINI ARTIRMAQLA BAĞLI ÇAĞIRIŞ

“BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmaq lazımdır”. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu BMT-nin Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Cozef Bayden bəyan edib.

“ABŞ BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi nümayəndələrinin sayının artırılmasının tərəfdarıdır”, - deyə dövlət başçısı vurğulayıb.

Eyni zamanda, ABŞ prezidenti qeyd edib ki, xüsusilə Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri üçün BMT Təhlükəsizlik Şurasında yerlərin ayrılmasını zəruri hesab edir.

Cozef Baydenin fikrincə, BMT Təhlükəsizlik Şurasının üzvləri “nadir fövqəladə hallar istisna olmaqla, veto hüququndan istifadə etməkdən çəkinməlidirlər”.

Bununla yanaşı, prezident BMT Təhlükəsizlik Şurasının “etimada layiq və səmərəli fəaliyyət göstərən” bir qurum olaraq qalması üçün belə tədbirlərin zəruri olduğuna diqqət çəkib.

 

QIRĞIZISTAN KTMT-DƏ YENİ QAYDALARIN TƏTBİQİNİ TƏKLİF EDİR

Qırğızıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yeni qaydaların tətbiqini təklif edir. “Report” agentliyinin məlumatına görə, bunu Tacikistanla münaqişənin kəskinləşməsi fonunda Qırğız Respublikasının Təhlükəsizlik Şurasının katibi Marat İmankulov bildirib.

“KTMT ölkələri arasında yaranan bütün problemlər sülh yolu ilə həll olunsun. Kimsə problemi güc yolu ilə həll etməyə ümid edirsə, onun təşkilatdan xaric edilməsini təklif edirik”, - deyə Marat İmankulov vurğulayıb.

Təhlükəsizlik Şurasının katibi, həmçinin    müttəfiqlərə təhdidə görə də sanksiyaların tətbiqini təklif edib.

Xatırladaq ki, sentyabrın 16-da səhər saatlarında Qırğızıstanla Tacikistan sərhədində silahlı münaqişə baş verib. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər.

 

ALMANİYA SON 73 İLİN ƏN AĞIR İQTİSADİ ŞOKUNU YAŞAYIR

Almaniya iqtisadiyyatı qazın qiymətinin artması səbəbindən son 73 ilin ən ağır iqtisadi şokunu yaşayır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, son bir ildə ölkədə sənaye məhsullarının maya dəyəri, təxminən, 46 faiz artıb. Bu, 1949-cu ildən bəri sözügedən göstəricinin ən intensiv sıçrayışıdır. Öz növbəsində, müəssisələr üçün elektrik enerjisi ödənişlərində 139 faiz artım müşahidə olunur.

Eyni zamanda, məqalədə bildirilir ki, hazırda Almaniya iqtisadiyyatı yüksək inflyasiya ilə təhdid edilməyə başlayır. Nəşrin yazdığına görə, ölkədə ev təsərrüfatlarının maliyyə yükü də xeyli artıb.

Bugünlərdə, “The Wall Street Journal” nəşri qeyd edib ki, Almaniyada enerji daşıyıcıları ilə böhran vəziyyətinə baxmayaraq, ölkə vətəndaşları biznes və müəssisələrdən fərqli olaraq qaza qənaət etməyə çalışmırlar. Nəşrin məlumatına əsasən, əgər bu məsələdə ciddi dəyişiklik olmasa, qışda ölkədə böyük problemlər yaranacaq.

 

ÇİNİN KEÇMİŞ ƏDLİYYƏ NAZİRİ BARƏSİNDƏ ÖLÜM HÖKMÜ ÇIXARILIB

Çinin şimal-şərqində yerləşən Tszilin əyalətinin Çançun şəhər məhkəməsi sentyabrın 22-də keçmiş ədliyyə naziri, ictimai təhlükəsizlik üzrə sabiq nazir müavini Fu Çjenxua barəsində iki illik möhlət verilməklə  ölüm hökmü çıxarıb. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Bildirilir ki, Fu Çjenxua ümumilikdə 117 milyon yuan (16,5 milyon dollara yaxın) məbləğində rüşvət almaqda təqsirli bilinib. O, siyasi hüquqdan məhrum edilib, onun əmlakı dövlətin xeyrinə müsadirə olunacaq. İki illik möhlət bitəndən sonra apellyasiya şikayəti olmadan və şərti azadlığa buraxılmadan ömürlük həbslə əvəz edilə bilər.

Məlumata əsasən, keçmiş nazir 2005-2021-ci illərdə müxtəlif dövlət və partiya vəzifələrində işləyib. Həmin dönəmdə səlahiyyətindən və tutduğu vəzifədən sui-istifadə edərək şəxsi maraqlarına görə biznesə himayədarlıq edib. O həmçinin kiçik qardaşı Fu Veyhuanın törətdiyi cinayətlərə dair mühüm dəlilləri gizlətməkdə təqsirli bilinib. Fu Çjenxua təqsirini etiraf edərək əməllərindən peşman olduğunu dilə gətirib.

 

İBRAHİM RƏİSİ: İRAN NÜVƏ SİLAHI HAZIRLAMAQ NİYYƏTİNDƏ DEYİL

“İran İslam Respublikası nüvə silahı istehsal etmək və ya əldə etmək niyyətində deyil, doktrinamızda bu cür silahlara yeri yoxdur”. “Report”un “Frans-Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasında çıxışı zamanı qeyd edib.

Məlumata görə, prezident ölkəsinin nüvə proqramının məhdudlaşdırılması ilə bağlı razılaşmanın bərpasına ciddi yanaşdığını vurğulayıb, lakin Tehranın Vaşinqtonun hər hansı mümkün razılaşmaya sadiqliyinə etibar edə bilmədiyini diqqətə çatdırıb. “İstəyimiz yalnız birdir: öhdəliklərə əməl etmək”, - deyən İbrahim Rəisi sazişdən çıxan tərəfin məhz ABŞ-ın olduğunu vurğulayıb.

“ABŞ nüvə sazişini tapdaladı”, - ifadəsini işlədən İbrahim Rəisi Qərbin tətbiq etdiyi sanksiyaları İran xalqına qarşı cəza adlandırıb.

Xatırladaq ki, 2015-ci ildə İran “G6” ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Almaniya, Fransa) ilə Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıb. Plan nüvə proqramını məhdudlaşdırmaq müqabilində Tehrana qarşı iqtisadi sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tuturdu. 2018-ci ildə isə ABŞ sazişdən çıxdığını elan edib.

 

ƏRZAQ BÖHRANININ DAHA DA DƏRİNLƏŞƏCƏYİ İLƏ BAĞLI XƏBƏRDARLIQ

Beynəlxalq təşkilatlar Ukraynada müharibənin yaratdığı qlobal ərzaq böhranının taxıl dəhlizinin açılmasına baxmayaraq bitmədiyini, daha da dərinləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, BMT-nin, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankı Qrupunun, Ümumdünya Ərzaq Proqramının və Ticarət Təşkilatının rəhbərləri birgə yazılı açıqlamalarında qlobal ərzaq böhranı ilə bağlı son vəziyyəti qiymətləndiriblər.

Açıqlamada fevralın 24-də başlayan Ukrayna-Rusiya münaqişəsinin qlobal qida böhranına təsir göstərməyə davam etdiyi bildirilib. Həmçinin qeyd edilir ki, Qara dənizdən taxıl ixracı davam etsə də, iqlim hadisələri və yüksək qiymətlər səbəbindən ərzaq məhsulları bir sıra ölkələr üçün əlçatmaz olaraq qalır.

Eyni zamanda, açıqlamada qeyd olunur ki, bütün dünyada ciddi qida çatışmazlığı altında olan insanların sayında artım gözlənilir.

Açıqlamada hazırkı vəziyyətdə “ərzaq böhranının uzun müddət davam edəcəyi və daha da dərinləşəcəyi” xəbərdarlığı edilib. Həmçinin ölkələrin bu böhranı aradan qaldırmaq üçün hərəkətə keçməsinin vacibliyi vurğulanıb.

 

ÜST: YOLUXUCU OLMAYAN XƏSTƏLİKLƏRDƏN ÖLÜM HALLARI ÇOXALIB

Xərçəng və şəkərli diabet kimi xəstəliklər yoluxucu xəstəliklərlə müqayisədə daha ölümcül hala gəlib. “Report”un verdiyi xəbərə görə, belə xəbərdarlıqla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib.

Təşkilatın yaydığı hesabatda yoluxucu olmayan ürək və ağciyər xəstəlikləri ilə yanaşı, xərçəng, diabet kimi xəstəliklərdən ölüm halları araşdırılıb.

Hesabata əsasən, xərçəng, şəkərli diabet və xroniki respirator xəstəlikləri hər il 41 milyon insanın həyatına son qoyur.

Eyni zamanda, bildirilir ki, 2019-cu ildə 70 yaşa qədər 17 milyon insan qeyri-infeksion xəstəliklər səbəbindən vaxtsız dünyasını dəyişib. Ölümlərin 86 faizi kasıb və ya yaşayış səviyyəsi orta olan ölkələrdə baş verib.

Məlumata görə, qeyd edilən göstəricilər nəzərə alınarsa, qeyri-infeksion xəstəliklərdən insan itkisinin yoluxucu xəstəliklərə nisbətən daha çox olduğu aydın olur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.