DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

QIRĞIZISTAN TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ SON VƏZİYYƏTİ AÇIQLADI

Qırğızıstanın Tacikistanla sərhədində vəziyyət gərgin olaraq qalır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Qırğız Respublikasının Təhlükəsizlik Şurasının katibi Marat İmankulov mətbuat konfransında bildirib.

“Hazırda atəşkəs rejiminin qorunub saxlanmasına baxmayaraq, vəziyyət gərgin olaraq qalır. Təxliyə edilmiş bütün vətəndaşlarımız müvəqqəti dislokasiya yerlərindədirlər”, - deyə katib vurğulayıb. M.İmankulovun sözlərinə görə, sərhəddə vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün iki ölkənin nümayəndələri daim təmasdadırlar.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar ötən həftənin cümə günü başlayıb. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Toqquşmalar yalnız şənbə günü axşam saatlarında dayandırılıb.

Məlumata əsasən, Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 59 vətəndaşının öldüyünü və 163 nəfərin yaralandığını bildirib. Tacikistan isə 35 nəfərin həlak olduğunu, 30 nəfərin yaralandığını açıqlayıb.

 

AK MACARISTANA 7,5 MİLYARD AVROLUQ ÖDƏNİŞİ DAYANDIRA BİLƏR

Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) tarixində ilk dəfə rəsmi olaraq qurumun üzv ölkəsinə büdcədən ödənişlərin dondurulmasını təklif edib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Bildirilir ki, qurumun büdcə və idarəetmə üzrə komissarı Yohannes Han Avropa Komissiyasının kollegiyasının fövqəladə iclasından sonra qeyd edib ki, bu qərarın səbəbi ölkənin korrupsiya ilə mübarizədə kifayət qədər səy göstərməməsidir.

Məlumata əsasən, Avropa Komissiyası Avropa İttifaqı Şurasına balanslaşdırılmış inkişaf fondu hüdudlarında üç əməliyyat proqramı çərçivəsində bütün ödənişlərin 65 faizini dayandırmağı təklif edir ki, bu da təxminən 7,5 milyard avroya bərabərdir. İndi büdcədən ödənişlərin dondurulması təklifinə Avropa İttifaqı Şurası baxmalıdır.

 

TÜRKİYƏ TARİXİNİN MÜDAFİƏ SƏNAYESİ ÜZRƏ ƏN BÖYÜK LAYİHƏSİ

Türkiyə tarixinin müdafiə sənayesi üzrə ən böyük layihəsi olan çoxməqsədli hücum gəmisi çərçivəsində inşa edilən “TCG Anadolu” ictimaiyyətə təqdim edilib. Bu barədə “TRT” telekanalı xəbər verib.

İnşası davam edən konfiqurasiya oluna bilən çoxməqsədli hücum gəmisinin bu ilin sonunda Türkiyənin Hərbi Dəniz Donanmasına təhvil verilməsi planlaşdırılır.

Tam yüklənmə qabiliyyəti 27 min 436 ton olan dəniz vasitəsinin uzunluğu 231, eni isə 32 metrdir. “TCG Anadolu” Egey, Qara və Aralıq dənizlərinin əməliyyat bölgələri, lazım gəldiyi təqdirdə Hind və Atlantik okeanlarında da istifadə olunacaq.

Qeyd edilib ki, gəmi zəruri hallarda təbii fəlakətlərə yardım missiyaları çərçivəsində, eləcə də xəstəxana və əməliyyat otağı imkanları ilə tibbi dəstək üçün də istifadə edilə bilər.

 

İTALİYADA QAZ ÇATIŞMAZLIĞI RİSKİ MÖVCUDDUR

İtaliyada 6,4 milyard kubmetr qaz çatışmazlığı riski var. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “İl Mattino” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, oktyabr ayından Rusiya qazının tədarükü tam dayandırılacağı təqdirdə, alternativ tədarük və ehtiyatların təşkili nəzərə alınarsa, İtaliyada istehlak səviyyəsindən təxminən 8 faiz (6,4 milyard kubmetr) qaz çatışmazlığı yarana bilər.

Mütəxəssislərin fikrincə, bu, iqtisadi artımın azalmasına və 600 minə yaxın iş yerinin itirilməsinə səbəb olacaq. Enerji qiymətlərinin yüksək olduğu şəraitdə isə bu, bir sıra müəssisələrin bağlanması təhlükəsini yaradır.

 

BÖYÜK BRITANIYA KRALIÇASI II ELIZABET DƏFN EDILDI

Böyük Britaniya Kraliçası II Elizabetin cənazəsi olan tabut Vindzor qəsrinin ərazisində yerləşən Müqəddəs Corc ibadətgahındakı kral məzarına endirilib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Bildirilir ki, mərhumun ailə üzvlərinin, kral sarayının keçmiş və indiki əməkdaşlarının, Böyük Britaniyanın baş naziri Liz Trassın, ölkənin baş qubernatorlarının iştirak etdiyi anım mərasimi Kanterberi arxiyepiskopunun - İngiltərə kilsəsinin dini rəhbəri Castin Uelbinin duası ilə başa çatıb.

ABŞ prezidenti Cozef Bayden, Fransa prezidenti Emmanuel Makron, Yeni Zelandiyanın baş naziri Casinda Ardern, Kanadanın baş naziri Castin Trudo olmaq üzrə bir çox ölkələrin liderləri dəfn mərasiminə qatılıblar.

II Elizabetin dəfn mərasimi ilə bağlı keçirilən kütləvi tədbirlər Böyük Britaniya himninin oxunması ilə yekunlaşıb. Bundan sonra kral III Çarlz və kral ailəsinin üzvləri ibadətgahı tərk edərək Vindzor qəsrinə yollanıblar.

 

BMT-nin BAŞ KATİBİ: RUSİYA GÜBRƏSİNİN SƏRBƏST İXRACINA EHTİYAC VAR

“Rusiya gübrəsi Avropa İttifaqı limanlarından sərbəst şəkildə ixrac edilməlidir”. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.

Baş katibin sözlərinə görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı Rusiyaya inkişaf etməkdə olan ölkələrə pulsuz gübrə vermək imkanı yaradacaq.

Məlumata əsasən, Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına  üzv olan dövlət başçılarının görüşündə çıxışı zamanı bildirib ki, Rusiya inkişaf etməkdə olan ölkələrə pulsuz olaraq 300 min ton gübrə verməyə hazırdır.

Eyni zamanda, Rusiya prezidenti BMT katibliyini Avropa Komissiyasının qərarına təsir göstərməyə və Aİ-dən Rusiya gübrəsinin üçüncü ölkələrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb etməyə çağırıb.

 

QUANTANAMO HƏBSXANASI BAĞLANA BILƏR

ABŞ prezidenti Cozef Bayden administrasiyası Kubadakı Quantanamo hərbi dəniz bazası ərazisindəki həbsxananın bağlanması üçün səylərini artırıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.

Qeyd edilir ki, ABŞ səlahiyyətliləri Dövlət Departamentinin əməkdaşı Tina Kaydanovu Quantanamo üzrə xüsusi nümayəndə təyin edib ki, o, bəzi məhbusların mümkün azadlığa buraxılması və ya üçüncü ölkələrin həbsxanalarına köçürülməsi ilə bağlı işlərinə yenidən baxsın.

Eyni zamanda, nəşrin məlumatına görə, hazırda Quantanamoda 36 məhbus var və həbsxananın saxlanması isə ABŞ hökumətinə ildə 540 milyon dollara başa gəlir.

 

FRANSA PAYTAXTI BİR GÜNLÜK “NƏFƏS ALIB”

Fransanın paytaxtı Paris səkkizinci dəfə keçirilən “Paris nəfəs alır” tədbiri çərçivəsində gün ərzində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə “TRT” telekanalı xəbər verib.

Paris Bələdiyyəsinin saytında yer alan məlumata görə, “Paris nəfəs alır” tədbiri çərçivəsində şəhər yerli vaxtla saat 11:00-18:00 arasında avtomobillərin hərəkətinə bağlanıb.

Bildirilir ki, velosipedli, skuterli və skeytbordlu gənclər qaçış və gəzinti ilə avtomobilsiz küçələrdə əyləniblər. Parisdə qadağaya əməl etməyən sürücülərin 135 avro məbləğində cərimələnəcəyi açıqlanıb.

Eyni zamanda, qeyd edilir ki, ictimai nəqliyyat, taksi və təcili yardım avtomobillərinin sürücüləri bu tədbirdən kənar tutulub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.