ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Bu dəfə də robotlara gülmək öyrədilir

Zahiri görünüşü, hərəkətləri və davranışları ilə insanlara bənzəyən robotlara bu dəfə də gülmək öyrədiləcək. Belə ki, Yaponiyanın Kyoto Universitetinin tədqiqatçıları robotların zarafatlar əsnasında gülməsini təmin etmək məqsədilə empatiyaya əsaslanan süni intellekt sistemi hazırlayıblar.

Son dövrlər süni intellekt texnologiyasının inkişafı fərqli məqsədlər üçün istifadə edilə bilən bir çox robotların meydana çıxmasına zəmin yaradıb. Zahiri görünüşü ilə eynilə insanları xatırladan bu robotlardan, daha çox sağlamlıq sahəsində istifadə olunur ki, bu da işlərin asanlaşmasında böyük rol oynayır. Elə bu səbəblə də alimlər belə robotlar üçün doğru zamanda gülməyi bacaran, yumor hissi olan süni intellekt (AI) sistemi hazırlayıblar.

"Frontiers in Robotics and AI" jurnalında dərc edilən araşdırmaya görə, empatiya hissini hədəfləyən süni intellekt sistemi ötən il istehsal edilən Erica adlı robotun üzərində tətbiq edilib.

"Məlumdur ki, söhbət əsnasında empatiya hissi vacib məqamlardan biridir. Bu səbəbdən də robotların istifadəçilərlə empatiya qura bilməsini təmin etmək üçün belə bir sistem yaratmağa qərar verdik. Düşünürük ki, robotlar fərqli xarakterlərə malik olmalı və bunu gülüş, baxış, mimika, jest kimi özünəməxsus danışıq tərzi və davranışları ilə nümayiş etdirməlidirlər. Əlbəttə ki, bu, o qədər də asan məsələ deyil, bunun üçün ən azı 10-20 il zaman lazımdır", - deyə Kyoto Universitetinin İnformasiya Elmləri və Texnologiyaları Departamentinin dosenti, tədqiqat müəllifi Koji Inoue qeyd edib.

Modeli yaradan tədqiqatçılar hansı gülüşün daha mükəmməl olacağına qərar vermək üçün sistemi sınaqdan keçiriblər. Təcrübə zamanı iki-üç dəqiqəlik dörd dialoqdan istifadə edən Erica adlı robot, uğurlu çıxış edib.

Bununla belə, ekspertlər gülüşün insanlarınkına daha çox bənzəməsini təmin etmək üçün hələ çox iş görməli olduqlarını bildiriblər.

 

Daltoniklər üçün eynək

Əbu-Dabinin Xəlifə Universitetinin tədqiqatçıları rəng korlarının (daltonizm) dünyanı rəngli görməsi üçün xüsusi eynək dəsti hazırlayıblar.

İlk olaraq "Advanced Engineering Materials" jurnalında dərc edilən araşdırma daltonizm xəstəliyindən əziyyət çəkən insanların problemini həll etmək məqsədi daşıyır.

Tədqiqatçılar istifadəçilərin gördükləri rəngləri tənzimləyə bilən linza dəstini hazırlayaraq onu eynəklərə inteqrasiya ediblər. Linzaların hazırlanmasında üç fərqli boya konsentrasiyasından istifadə edən komanda, eynəklərinin müxtəlif rəng çalarlarını ayırd etməkdə daha seçici olduğunu söyləyirlər.

Rəng korluğunun müxtəlif növləri olsa da, ən çox yayılmış olanı qırmızı və yaşılı tonların ayırd edilə bilməməsidir. Yeni hazırlanan eynəklər rəngləri süzgəcdən keçirərək paylanmasına kömək etməklə beyinin tonları ayırd etməsi üçün daha yaxşı siqnallar göndərməsini təmin edir.

Layihə rəhbəri dr. Haider Butt 3D çap sayəsində eynəklərin hər kəsin üz forması, korluq dərəcəsinə görə uyğunlaşdırılaraq fərdiləşdirilə biləcəyini bildirib.

3D çapındakı mürəkkəbin zəhərli ola biləcəyindən ehtiyat edən alimlər linzaları bir həftə ərzində suda islatmaqla həm də eynəklərin davamlılığını yoxlayıblar. Boyalarda heç bir sızıntının aşkarlanmaması ilə eynəyin davamlılığı sübut edilib.

 

NASA Marsda "xəzinə" tapıb

Milli Aeronavtika və Kosmos İdarəsinin (Nasa) "Perseverance" kosmik gəmisi Marsda üzvi maddələrdən ibarət xəzinə tapıb. Belə ki, qədim dövrdən qalan, Qırmızı planetə məxsus deltanı araşdıran kosmik gəmi tərkibində karbon əsaslı molekullar olan iki qaya nümunəsi toplayıb.

"Açıq şəkildə deyə bilərəm ki, bunlar hazırkı missiyada topladığımız ən mühüm və dəyərli nümunələrdir. Bu nümunələr gələcəkdə bizə planetdə yaşamın olub-olmaması haqda lazımi məlumatlar verə bilər", - deyə ABŞ-ın Berkeley Universitetinin tədqiqatçısı David L.Şuster verdiyi açıqlamada bildirib.

Nümunələrdə potensial həyat izlərinin ola biləcəyini bildirən elm adamları Marsda bir vaxtlar həyatın olub-olmadığına dair məlumat əldə etmək üçün araşdırmalara davam edəcəklərini bəyan ediblər.

Digər tərəfdən isə Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçısı Kenneth Farley üzvi karbon molekullarının bir zamanlar qırmızı planetdə həyatın olması ilə heç bir əlaqəsi olmadığını və bu maddələrin bir sıra kimyəvi reaksiyalar nəticəsində əmələ gələ biləcəyini söyləyib.

Alimlər qurumuş deltanın 45 kilometrliyində yerləşən Jezero kraterinin 3,5 milyard il əvvəl Marsda həyat izlərini araşdırmaq üçün ən əlverişli və münbit məkan olduğunu düşünürlər. Bundan əlavə, tədqiqatçılar tapılan daşların təbiəti haqqında dəqiq məlumat verə bilmədikləri üçün nümunələrin Yerə gətirilməsini və laboratoriyada tədqiq edilməsini planlaşdırırlar.

Avropa Kosmik Agentliyi və NASA Marsa Nümunə Qaytarma Missiyası adlı layihə çərçivəsində Qırmızı planetə bir vasitə göndərməyi və Perseverance tərəfindən tapılan nümunələri geri qaytarmağı hədəfləyir. Missiyanın 2028-ci ildə başlaması, nümunələrin isə 2033-cü ilə qədər Yerə çatdırılması planlaşdırılır.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

Süni intellektə əsaslanan rentgen üsulu

Elm adamları partlayıcı maddə, narkotik kimi qaçaqmalçılıq yolu ilə daşınan qeyri-qanuni məhsulları 100 faiz dəqiqliklə aşkarlaya bilən, süni intellektə (AI) əsaslanan rentgen sistemi hazırlayıblar.

İnsanların çoxu hava limanının təhlükəsizliyini adekvat hesab etsə də, araşdırmalar göstərir ki, narkotik və partlayıcı maddələrin aşkarlanmasında 80 faiz uğursuzluqlar yaşanır. "Sözcü" qəzetində dərc edilən xəbərə görə, yeni rentgen skanerləri qeyri-qanuni və təhlükəli maddələri dəqiqliklə aşkarlaya bilir.

İngiltərənin University Collage Londonun tədqiqatçıları sistemin hazırlanmasında süni intellektdən istifadə ediblər ki, bu da 100 faiz dəqiqliklə obyektləri müəyyən edir.

"Bu tədqiqat narkotiklər və qeyri-qanuni malların müxtəlif qaçaqmalçılıq yolları ilə daşınmasının, eləcə də bütün dünyada gizli şəkildə planlaşdırılan təhlükəli hadisələrin qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir", - deyə tədqiqat rəhbəri Tristram Riley-Smith qeyd edib.

Məlumdur ki, rentgen texnikası cisimlərdəki mikroskopik dəyişikliklərin və ya nizamsızlıqların X-şüalarının içindən keçərkən qırılmasına əsaslanır. Buna görə də, X-şüaları kiçik əyilmələri ölçərək müxtəlif toxumaları aşkarlaya bilir.

Tədqiqatçılar bu texnikanın bir sıra sənaye sahələri, o cümlədən təhlükəsizlik və gömrükdə istifadə oluna biləcəyinə ümid edirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".