MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Gələcəyin Muzeyi"

Dubayın görünüşünü dəyişən, dünyanın ən gözəl memarlıq abidələrindən olan "Gələcəyin Muzeyi" şəhərin Şeyx Zayed magistral yolunun kənarında ucaldılıb. Layihənin baş memarı Şaun Kilanın sözlərinə görə, bina dəbdəbəni, sərvəti və parıltını nümayiş etdirməklə yanaşı, həm də memarlıq ikonası kimi də şöhrət qazanıb. Bəşəriyyətin həyat tərzini yaxşılaşdırmaq, dünyanı yaxşılığa doğru dəyişə biləcək ən son texnologiya və ixtiraları təqdim etmək, müasir tədqiqat və innovasiyaları nümayiş etdirmək məqsədilə yaradılan muzeyin açılışı bu ilin fevral ayının 22-də baş tutub.

Dünyanın ən iddialı layihəsinin hündürlüyü 77 metrə çatır və sahəsi 30 min kvadratmetr ərazini əhatə edir. Tamamilə robotlar tərəfindən hazırlanmış binanın fasadı 1024 sənət əsərindən ibarətdir. Xüsusi texnologiya vasitəsilə yığılan və 4 təbəqədən ibarət panelin quraşdırılması 18 aydan çox vaxt tələb etmişdir. Daxili dayaqları olmayan yeddimərtəbəli bina paslanmayan poladdan tikilib və fasadı ərəb xəttatlığı ilə bəzədilib. "Gələcəyin Muzeyi"nin üzərində Dubay hökmdarı Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun sitatlarını əmirliyin rəssamı Matar bin Lahej hazırlayıb.

Muzeyin daxilində kapsul liftlər, sensor divarlar və gəzən köməkçi robotlar mövcuddur. Gecə saatlarında binanı daha cəlbedici etmək üçün 14 kilometr uzanan xarici panellərə enerjiyə qənaət edən xüsusi işıqlandırma sistemi də quraşdırılıb.

Ölkənin elm və texnologiya sahəsində mühüm rol oynayan bina "National Geographic" jurnalı tərəfindən planetin ən gözəl 14 muzeyindən biri seçilib.

 

Rila Monastırı

Bolqarıstanın ən məşhur ruhani mərkəzi Rila Monastırı ölkənin himayədarlarından biri olan Rilahı İohannın dəfn edildiyi yerdə tikilib. Kilsə paytaxt Sofiyadan təxminən 130 kilometr şimal-qərbdə, Rila çayının vadisində dəniz səviyyəsindən 1150 metr yüksəklikdə yerləşir.

Daxili məkanı müqəddəs kitabdan səhnələr, rəngli freskalar, XIV əsrə aid oyma qapılar təşkil edir. Nizamsız dördbucaq formasında inşa olunan monastırın mərkəzi qülləsinin və əsas kilsəsinin yerləşdiyi ərazinin ümumi sahəsi 8800 kvadratmetrdir. Əsas kilsə XIX əsrin ortalarında - 1343-cü ildə memar Pavel Yoanov tərəfindən tikilmişdir. Beş günbəzlə taclanan kilsənin üç qurbangahı və iki ibadətgahı var.

Abidənin yaşayış sahəsində qədim kitabxana yerləşir. Əsrlər boyu toplanıb və günümüzədək gəlib çıxmış kitabxana bolqar ədəbiyyatının qiymətli əsərləri, XI-XIX əsrlərə aid 250-yə yaxın əlyazma kitabı, 9 min ilkin çap nəşri, not yazıları, Bolqarıstanın dirçəlişi dövrünə aid qravürlərlə zəngindir.

Kilsənin ərazisində yerləşən monastır muzeyinin kolleksiyasında 35 min eksponat var. Zəngin kolleksiyaya malik muzeydə ikonalar, tətbiqi sənət əsərləri, dini və etnoqrafik əşyalar sərgilənir. Muzey həmçinin, 104 dini səhnə və 650 miniatür fiqurları əks etdirən unikal ağac oyma əsəri olan Rafael Xaçı ilə məşhurdur.

X əsrin sonunda əsası qoyulan monastır 1983-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

 

Dojlar Sarayı

XIV-XV əsr qotik memarlığına aid unikal bina İtaliyanın materik hissəsində - Venesiyada yerləşir. Memar və heykəltəraş Filippo Kalendario tərəfindən 1309-1424-cü illərdə inşa olunmuş Dojlar Sarayı və ya "Palazzo Ducale" Müqəddəs Mark meydanında tikilib. Kiçik qala üzərində inşa olunan qədim abidə Venesiyanın möcüzəsi də adlanır.

Bir vaxtlar Dojlar respublikasının iqamətgahı, ali şura və senat, eyni zamanda ali məhkəmə və polis xəfiyyəsinin fəaliyyət göstərdiyi bina XVIII əsrin sonlarına qədər siyasi proseslərin mərkəzi olub. Sarayın birinci mərtəbəsində vəkillər, dəftərxana, notar kontorları, senzur xidməti və dəniz idarəsi yerləşir. Binanın üst qatındakı eyvan isə tribun kürsüsü kimi istifadə olunub. Əvvəllər yüksək müdafiə divarları və dörd qülləsi olan saray qalaya bənzəyirdi. Mövcud olduğu illər ərzində dəfələrlə dağıntılara və yanğınlara məruz qalan sarayı rekonstruksiya edən memarın layihəsinə əsasən bina tamamilə yenidən qurulmuş və daha da mükəmməl görkəm almışdı. Tarixçilərin fikrincə, qotik üslubda tikilən binanın inşasında Pietro Baseio və Enriko kimi məşhur ustaların da əməyi var. XVI əsr memarlığına aid zəngin taxta tavanı və müxtəlif çalarlı mərmərlə üzlənmiş iki giriş qapısı yayın ən qızmar istilərində belə sarayı sərin saxlayır. Saraya ictimai giriş binanın sahilindən Porta del Frumentodan keçir.

2008-ci ildən etibarən Dojlar Sarayı Venesiya Vətəndaş Muzeyləri Fondu tərəfindən idarə olunan Venesiya muzeyləri şəbəkəsinin bir hissəsidir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".