FAKTLAR VƏ RƏQƏMLƏR
İQTİSADİYYAT

FAKTLAR VƏ RƏQƏMLƏR

Ümumi Daxili Məhsul istehsalı 5,8 faiz artıb

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 84880,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,0 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 10,3 faiz artmışdır.

ÜDM istehsalının 52,5 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 8440,1 manata bərabər olmuşdur.

 

56,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-avqust aylarında 56,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,6 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 9,0 faiz yüksəlmişdir.

Sənaye məhsulunun 75,5 faizi mədənçıxarma sektorunda, 20,6 faizi emal sektorunda, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 11,3 faiz artmışdır.

 

Əsas kapitala 9117,0 milyon manat vəsait yönəldilib

2022 -ci ilin yanvar-avqust aylarında əsas kapitala 9117,0 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,1 faiz azalmış, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 22,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 5306,3 milyon manatı və ya 58,2 faizi məhsul istehsalı sahələrinə, 3292,0 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 518,7 milyon manatı (5,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6843,3 milyon manatını və ya 75,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6642,6 milyon manatı və ya 72,9 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

"Respublika".