Sağlam həyat
Maraqlı

Sağlam həyat

Təhlükəli xəstəliklərin "düşməni"

Xüsusilə payız-qış mövsümündə ən dadlı və kalorili qidalardan biri kimi üstünlük verdiyimiz mərciməyin faydaları saymaqla bitmir. Daha çox şorbasını sevə-sevə yediyimiz bu qida tam bir vitamin "anbarı" hesab edilir. Məlum olan qırmızı, sarı və yaşıl növləri rəngindən aslı olmayaraq sahib olduğu lif və karbohidratlar səbəbindən enerjini artırır, maddələr mübadiləsini sürətləndirir. Bu yaxınlarda onun yaşıl növünün daha bir faydası ortaya çıxıb. Belə ki, "Journal of the American Heart Association" jurnalında dərc olunan xəbərə görə, xüsusilə yaşıl mərciməkdən müntəzəm istifadə ürək və xərçəng xəstəlikləri riskini aşağı salır.

Alimlər hesab edirlər ki, mərciməyin müntəzəm qəbulu yetkin insanları ürək xəstəliyindən qoruyur. Mütəxəssislər qanda "pis" xolesterinin miqdarını azaldan bu bitkinin, tərkibindəki yüksək miqdarda kalium sayəsində ateroskleroz və ürək ritminin pozulması zamanı effektiv təsir etdiyini söyləyirlər.

Paxlalılar ailəsinin üzvü olan mərcimək çox zəngin lif və zülal mənbəyidir. Bundan əlavə, onun tərkibində kalium, dəmir, maqnezium, sink, mis, selen, riboflavin, fosfor, B6 kimi sağlamlığın qorunması və immun sisteminin güclənməsində mühüm rol oynayan bir sıra vacib elementlər var.

Elm adamları mərciməkdə olan birləşmə və komponentlərin nəinki ürək xəstəliyi, xərçəngdən də qoruduğunu deyirlər. Belə ki, yaşıl mərciməyin tərkibindəki lektin birləşmələri sayəsində bəzi xərçəng növləri ilə mübarizədə güclü təsirə malik olduğu bildirilir.

Qeyd edək, lektinlər, tipik olaraq mərcimək, buğda, yaşıl noxud və soya bitkilərinin tərkibində daha çox olur və bədəndəki xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır.

 

İsti içkilər bu xəstəliyə səbəb olur

Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq isti içkilər qəbul edən insanlarda xərçəngə tutulma riski daha yüksəkdir. Belə ki, Kembric Universiteti tərəfindən aparılan araşdırma zamanı, çox miqdarda isti qəhvə və çay istehlak edən insanların boğaz xərçənginə tutulma ehtimalının yüksək olduğu məlum olub.

"Annals of İnternal Medicine" jurnalında dərc olunan xəbərə görə, elm adamları 30-79 yaş arası 456155 nəfərin 10 il ərzində sağlamlıq vəziyyəti və qidalanma vərdişlərini təhlil ediblər. Bu şəxslər arasında isti maye qəbul edən 1731 nəfərdə qida borusu xərçənginə rast gəlinib.

Mütəmadi olaraq hər gün isti maye qəbul edən şəxslərin digərlərinə nisbətdə qida borusu xərçənginə yoluxma təhlükəsinin 5 dəfə artıq olduğu bildirilib. Siqaret çəkən şəxslərin isə eyni xəstəliyə yoluxma riskinin 2 dəfə artıq olduğu müəyyən edilib.

Mütəxəssislər hərarəti 65 C dərəcədən yuxarı olan içkilərin daxili orqanlara zərər verdiyini və xərçəng riskini artırdığını deyirlər. Onların fikrincə, isti içkilər təhlükəli hüceyrələrin yaranma ehtimalını artıraraq xərçəngin meydana gəlməsinə münbit şərait yaradır.

Memorial Sloan Kettering Xərçəng Mərkəzinin onkoloq və qastroenteroloqu Smita Coşi hər kəsə qəhvə və ya çay içərkən onun bir neçə saniyə ərzində soyumasını gözləməyi tövsiyə edir.

Qeyd edək ki, tədqiqat üçün sorğuda bir insana zərər verə biləcək isti mayenin miqdarına dair məlumat yer almayıb.

 

Hansı qan qrupları insulta daha yaxındır?

Bu yaxınlarda aparılan yeni bir araşdırma zamanı, bəzi qan qruplarının erkən yaşlarda insult keçirmə riskini artıra biləcəyi məlum olub. Alimlər xüsusilə II qan qrupuna sahib olan insanların 60 yaşından əvvəl insult təhlükəsilə qarşı-qarşıya olduğunu söyləyirlər.

"Neurology" jurnalında dərc olunan araşdırmada insult riski ilə qan qrupu arasında əlaqə olduğu ortaya çıxıb. Belə ki, Amerikanın Merilend Universitetinin tədqiqatçıları qan qrupunun erkən insult riskinin artmasına təsir göstərə biləcəyini müəyyən ediblər.

İnsult beyin qan dövranının kəskin şəkildə pozulması, yəni beyni qidalandıran damarlardan birinin və ya bir neçəsinin daralması, tutulması ilə xarakterizə olunur. Məlumatlara görə, hər il dünyada yüz minlərlə insan bu səbəbdən dünyasını dəyişir. Ona görə də, elm adamları problemin qarşısının alınması üçün araşdırmalarını davam etdirməkdədirlər.

Araşdırma zamanı təxminən 17 000 insult keçirmiş və 600 000 sağlam insanı əhatə edən 48 genetik tədqiqatdan məlumatlar toplanılıb. Əldə edilən məlumatları tədqiq etdikdən sonra alimlər II qan qrupuna sahib insanların 60 yaşından əvvəl insult keçirmə riskinin daha yüksək olduğunu müəyyən ediblər.

Tədqiqatçılar II qan qrupundan olan insanların erkən insult riskinin digər qan qruplarına nisbətdə 18%, I qan qrupu olanlarda isə 12% çox olduğunu deyirlər. Mütəxəssislər bunun qan damarlarını əhatə edən trombositlər və ya qan dövranında böyük rol oynayan zülallarla əlaqəli ola biləcəyini qeyd ediblər.

Aparılan elmi işlərin nəticələri bu riskin az olduğunu da vurğulayır. Bu səbəbdən də II qan qrupuna sahib insanların narahat olmaması, sadəcə tədbirli olaraq əlavə müayinələrdən keçmələri tövsiyə edilir.

 

Şəkər xəstəliyinin təbii çarəsi

ABŞ-da aparılan tədqiqat zamanı soğanın indiyə qədər bilinməyən daha bir faydası üzə çıxıb. Belə ki, elm adamları təbii antibiotik hesab etdiyimiz bu dəyərli bitkinin qanda şəkərin səviyyəsini nə az, nə çox düz 50 faiz aşağı sala biləcəyini söyləyirlər.

"Apetite" jurnalında dərc edilən xəbərdə bildirilir ki, soğan xüsusilə anbiotiklərlə birgə istifadə edildikdə qanda şəkərin səviyyəsini daha çox aşağı sala bilər.

Məlumdur ki, 2-ci dərəcəli diabet xəstələrində orqanizm şəkərin səviyyəsini aşağı salmaq üçün yetərli insulin istehsal edə bilmir. Ona görə də, şəkərin səviyyəsi getdikcə yüksəlir və bu da insulta səbəb olur.

Siçanlar üzərində təcrübə aparan alimlər soğanın şəkər və xolesterol səviyyəsini güclü bir şəkildə aşağı saldığını müəyyən ediblər. Tədqiqat zamanı siçanlar diabetik, az diabetik və yüksək diabetik olmaqla 3 qrupa bölünüb və onlara fərqli miqdarda soğan əzməsi verilib. Tədqiqatın sonunda diabetli siçanlarda şəkərin səviyyəsinin 35, antibiotiklə bərabər qəbul edən gəmiricilərdə isə 50 faiz aşağı düşdüyü müşahidə edilib.

"Soğan ən asan tapılan və ucuz tərəvəzdir. Lakin çoxları onun necə böyük faydaları olduğundan xəbərsizdir. Halbuki, soğan diabet - şəkər xəstəliyinin müalicəsində geniş potensiala malik tərəvəzdir", - deyə tədqiqatçı-alim Nigeriya Abraka Delta qeyd edib.

Qeyd edək ki, hazırda alimlər soğanla antibiotik dərmanların birgə istifadəsinin şəkərli diabet xəstələrinə necə təsir göstərə biləcəyi üzərində işləyirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".