Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Leonid İliç Brejnev

Hakimiyyətə "sakit" saray çevrilişi ilə gələn, gedəndə isə "gurultulu" gedişi (onun tabutu məzara sallanarkən ipləri qırılıb və torpağa zərbə ilə dəyərkən gurultu qopub) ilə yaddaşlarda qalan bu siyasi xadim elə bil qoyub getdiyi durğunluqdan sonrakı fırtınalardan xəbərdar imiş... Söhbət məşhur öpüşləri ilə "tarixə" düşən SSR-nin baş katibi Leonid İliç Brejnevdən gedir.

18 il SSRİ-nin baş kürsüsündə əyləşən Brejnev təkcə siyasi fəaliyyəti ilə deyil, həm də "maraqlı" həyat tərzi, əyləncələri, xüsusilə də qadınlara olan böyük "sevgiləri" ilə yadda qalıb.

Siyasi fəaliyyəti birmənalı qarşılanmayan Brejnevin həyatı maraqlı faktlarla zəngindir. Ukraynanın Kamensk kəndində, fəhlə ailəsində dünyaya göz açan siyasi xadimin milliyyəti ilə bağlı bəzi şübhəli mülahizələr irəli sürülmüşdür. Bəzi tarixçilər bu günə kimi iddia edirlər ki, sovet kommunisti yəhudi olub və öz tərcümeyi-halını səylə gizlədib. Digər versiyalarda isə onun əslən qaraçı, rumın və polşalı olduğu iddia edilir.

L.İ.Brejnev həm də rəsmi görüşlər zamanı belə, yanaqlardan və dodaqdan öpüşləri ilə yadda qalıb. Bu cür öpüş qeyri-rəsmi adını da alıb: "Brejnev öpüşü". Hətta deyilənə görə, Marqaret Tetçerin SSRİ-yə səfərinin ləngiməsinin səbəblərindən biri də xanım siyasətçinin bu öpüşlərdən yayınmaq istəməsi olub.

Brejnev gənclik illərində alkoqola qarşı çox meyilli olmasa da, Kremldə birinci kürsüyə sahib olduqdan sonra qədəhi həkimlər belə onun əlindən ala bilməyiblər. Deyirlər, "Zubrovka" arağının həvəskarı olub. Səhhətindəki problemlərə görə tütün məmulatlarından uzaq durmaq tövsiyə edilsə də, siyasətçi baş mühafizəçisini siqaret çəkməyə və tüstüsünü onun üzünə üfürməyə məcbur edib.

SSRİ-nin siyasi liderləri öz xatirələrində, müsahibə və çıxışlarında şəxsi həyatları, ailələri haqqında çox nadir hallarda fikir söyləyiblər. Brejnev isə əvvəlkilərdən və sonrakılardan fərqli olaraq bu mövzuda danışmaqdan çəkinməyib. Onun öz həyat yoldaşı haqqında söylədiyi ən populyar ifadə isə belə olub: "Viktoriya Petrovna qulpu olmayan çamadana bənzəyir, nə götürmək olur, nə də atmaq...".

Brejnev hələ çox gənc yaşlarından siyasi fəaliyyətindəki durğunluqdan fərqli olaraq qadınlarla münasibətdə daha çılğın və həvəsli olub. Baş katibi bu həvəs ömrünün son günlərinə qədər tərk etməyib. İddiaya görə, baş katib bağ evində tibb bacısı Nina Korovyakova ilə ailəsinin xəbəri olduğu halda aşiq-məşuqə kimi yaşayıb. Hətta bu münasibət onun ən ağır xəstə olduğu dövrdə də davam edib.

Məclislərdə şənlik yaratmaq bacarığı, oxumağı, rəqsi ilə fərqlənən Brejnev həm də geyiminə, səliqəsinə, saç düzümünə xüsusi diqqət yetirib. Həmişə şık formada olan siyasətçinin yaraşığı, hətta Stalinin də diqqətindən yayınmayıb.

Brejnev əyləndiyi qadınlara qarşı həm də çox səxavətli olub. İstənilən xahiş baş katib tərəfindən dərhal həllini tapıb, hətta mənzilin verilməsi belə. Onun səxavəti təkcə mənzillə yekunlaşmayıb. O, sevdiyi qadınların ailələrindəki problemləri də həll edib. Birinin ərinin çiyinlərinə general rütbəsi taxıb, digərinin qızını səfirlikdə işə təyin edib, bir başqasının oğlunun ali təhsil almasına köməklik göstərib.

Siyasətçinin əsas şakərlərindən biri də ov etmək olub. Ömrünün son illərində, ov silahını güclə qaldırdığı vaxtlarda belə ondan xəbərsiz çöl heyvanlarını tutub baş katibin qarşısına buraxırlarmış ki, rəhbər ov zövqündən məhrum olmasın.

Baş katib bir dəfə kliniki ölüm keçirib sonradan həyata dönsə də, səhhətindəki problemlər daha ciddi şəkildə özünü büruzə verməyə başlayıb və 75 yaşında infarktdan vəfat edib.

 

Oskar Uayld

"Dünyada ehtirasdan vacib heç nə yoxdur", - deyən məşhur irlandiyalı yazıçı Oskar Uayld hələ on altı yaşı olarkən təhsil aldığı məktəbdə yaxın dostuna qarşı içində baş qaldıran sevgi hisslərindən xəbərdar olduğu gündən öz yolunu seçdi...

Ömrü faciələrlə dolu olan bu yazıçı əlinə düşən bütün imkanlardan imtina edərək öz bildiyi, sevdiyi həyatı seçib. Azacıq yalan uydurmaqla, prinsiplərindən müəyyən qədər dönməklə hamı tərəfindən qəbul oluna bilərdi. Lakin o, buna qaçmayıb. Onun yerinə kim olsaydı bu qədər dərin istedadla, necə deyərlər, dizini qatlayıb gecə-gündüz hey yazardı, amma o, buna da getməyib. Yazmağa da həyatı kimi əyləncə, keflə yanaşıb. Buna baxmayaraq, XIX əsrin ən böyük yazıçılarından biri kimi tarixdə qalıb.

Yazıçının anası şairə idi. Atası Ser Uilyam Uayld isə həm göz, həm qulaq sahəsində tanınmış həkim idi. Onun həyata keçirdiyi əməliyyatlar tibdə qəbul olunmuşdu. Mastoid əməliyyatı zamanı aparılan kəsik yazıçının adı ilə "Uayld kəsiyi" adlanır. Böyük Uayld da oğlu kimi məhkəməlik olmuşdu. İddiaya görə əməliyyat elədiyi qadın xloroformun təsirində ikən ona təcavüz edibmiş...

Gözəllik aşiqi olan yazıçı deyilənə görə, otağının mebellərini tez-tez dəyişdirməyi xoşlayırmış. Buna xeyli pul xərcləyən Uayld hətta beşinci dəfə otağının mebellərini dəyişdikdən sonra gündəliyinə belə yazıbmış: "Bu mavi çini qablarla yaşamaq getdikcə çətinləşir".

Tələbə olduğu illərdə Uayldın həyatı təkcə tez-tez bəzədiyi otağında deyil, əxlaqsızlıq yuvalarında da keçirdi. Elə buradaca dəhşətli bir xəstəliyə də yoluxmuşdu. O dövrdə bu xəstəliyin müalicəsi üçün civə qəbul edirdilər. Civə xəstənin dişlərini qaraltmaqdan başqa bir işə yaramırdı. Bu isə Uayld kimi bənzərsiz estet üçün faciə hesab olunurdu. Odur ki, ömrünün axırına qədər söhbət edəndə əli ilə ağzını tuturdu.

Haqqında cinsi azlığın nümayəndəsi olması barədə şayiələr dolaşmağa başlayanda Uayld anlayır ki, bir qadın tapıb evlənməsə insanların dilindən qurtula bilməyəcək. Bu səbəbdən də heç sevmədiyi biri ilə evlənmək məcburiyyətində qalmışdı.

Sonralar Alfred Duqlasa təcavüz etməkdə günahlandırılan Oskar Uayld ikiillik həbs cəzası da almışdı. Yalnız ən yaxın dostlarının sayəsində həbsxanadan çıxmağa müvəffəq olan Oskar adını dəyişdirib, yenidən həyata davam etsə də, yazıçıya ömrü də vəfalı olmur. Həyatının son illərində Uayld alkoqolla yanaşı, kokainə də qurşanmışdı. Pulu olmadığından dilənən yazıçı ömrünün son üç ilini xəstəlik və səfalət içində keçirərək 46 yaşında meningitdən dünyasını dəyişir.

Ən təsirlisi və maraqlısı bilirsinizmi nədir? Haqqında ciddi ittiham irəli sürülən yazıçının məzarı illər keçdikcə boyalı qadın dodaqlarının öpüşündən, az qala dağılmaq üzrəymiş. Ömrünün böyük hissəsini qadın məhəbbəti ilə dolduran, yalnız bircə "tərəddüd"ü ilə qınanan və bu yolda da həyatını itirən yazıçı yenə qadın öpüşlərinə qərq olur. Necə? Parisdəki qəbiristanlıqda yerləşən məzarının üstünə sfinks heykəli qoyulmuşdu. Qəsdənmi edilmişdi, ya təsadüfdü, amma nəticə gözlənilən olur. Yəni inanclara görə sfinks heykəlini öpən qızları daimi ailə səadəti gözləyirmiş. Gənc qızlar da hər dəfə məzarlığa ölənlərini ziyarətə gələndə, fürsətdən istifadə edib Uayldın məzarındakı sfinksi öpürlərmiş. Bu öpüşlərin ucbatından heykəl zədələrə məruz qaldığından yazıçının 111 illiyində sfinks qoruyucu şüşə altına salınır. Başqa sözlə, o, yenə qadınlardan uzaq düşür. Özü bir vaxtlar dediyi kimi: "Dünya məni başa düşə bilmədi"...

 

 

Artur Şopenhauer

Alman fəlsəfəsinin məşhur simalarından biri olan filosof Artur Şopenhauer yazırdı: "Dahilər təkcə dözülməz deyillər, həm də əxlaqsız və zalımdırlar, onlar üçün dost tapmaq çətindir. Fikir ənginliyində tənhalıq hökm sürür". Bununla belə filosofun özü bir qarını ölümünədək döydüyü üçün məhkəmənin hökmü ilə ona ömürlük təqaüd ödəmişdi...

Avropanın məşhur subaylarından olan filosof zəngin tüccar Henrix Şopenhauerin oğlu olub. Həyatı boyu subay qalan filosofun evlənməməsinin səbəbi anası və sevdiyi qızın timsalında qadınlara olan nifrəti ilə əlaqəli olub. Belə ki, atasının intihar etməsində anasını günahlandıran Şopenhauer ömrünün sonuna qədər onu bağışlamayıb.

Sevgilisinə gəlincə isə, bu daha çox onun daim özündən şübhəli olmasından irəli gəlib.

Deyilənlərə görə, o İtaliyada olarkən gözəl, təhsilli və zəngin bir qıza vurulubmuş. Ancaq filosof xatirələrində Tereza adlı bu qızın heç vaxt adını çəkməyib. Şopenhauer pessimist, narazı, inadkar olmaqla yanaşı, həm də çirkin olduğu üçün gənc qızın ona qarşı soyuq davranışından şübhələnib. Alçaq boyu, böyük başı ilə gülməli görünüşə sahib olan filosof, bu qızla evlənməyi planlaşdırsa da, ona bir şey mane olur. Yadına düşür ki, bir dəfə qızla şəhərdə gəzərkən şair lord Bayronu görürlər. Tereza bu məşhur "Don Juan"la görüşdən o qədər xoşbəxt olur ki, bütün gün onun təsirindən çıxa bilmir. Filosof qorxur ki, gələcəkdə sevgilisi onu asanlıqla aldada bilər. Beləcə, Terezaya olan sevgisindən imtina edən filosof, gününü yüngül xasiyyətli qızlarla keçirməklə ondan intiqam almağa başlayır. Kobud şəkildə qızları aldadaraq atan Şopenhauer qadın düşməninə çevrilir.

Nəinki qadınlara, bütünlükdə insanlara nifrət edən dahinin yeganə dostu köpəyi idi. Heç nəyə inanmayan, şübhələr içində yaşayan Şopenhauer insanların ona pislik edəcəyini düşünürdü.

Sonralar Drezdenə qayıdan filosof, dostlarına deyir ki, o, ailə həyatı üçün yaradılmayıb, daha sevmək istəmir. Çox illər sonra isə deyirdi ki, İtaliyada olanda qeybdən bir səs eşidib. Bu səslə ona heç vaxt evlənməmək barədə məsləhət verilib. İtaliyaya səyahətdən sonra utancverici bir xəstəliyə tutulan filosofun onsuz da zəif olan səhhətinə daha bir zərbə də dəyir.

Tafofobiyadan əziyyət çəkən dahi həm də qəribə hərəkətləri ilə ətrafdakıları təəccübləndirirmiş. O, alman romantizmi və mistika ilə maraqlanar, dünyaya Buddizm nəzəriyyəsi ilə baxarmış. Fikirlərinə görə, dünya Buddizm qaydaları ilə idarə olunmalıymış. Artur Şopenhauer Markiz de Sad və Qoqol kimi öləndən sonra meyitinin 5 gün sonra dəfn olunmasını istəmişdir. Bu səbəbdən də dəfnetmə mərasiminə gələnlər meyitin qoxusuna dözə bilməyib öz narazılıqlarını bildirmişdilər (Hərçənd meyitə çoxsaylı ətirlər vurulmuşdu).

Yeri gəlmişkən qeyd edək ki, filosof 72 yaşında pnevmaniya, ağciyər sətəlcəmindən dünyasını dəyişib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".