DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NATO-nun BAŞ KATİBİNDƏN ALYANS ÜZVLƏRİNƏ XƏBƏRDARLIQ

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada müharibənin kritik mərhələyə daxil olduğunu bəyan edərək, hərbi alyansın üzvləri üçün çətin keçəcək qışla bağlı xəbərdarlıq edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Yens Stoltenberqin sözlərinə görə, qışda işıqların kəsilməsi, fasilələr və hətta mülki iğtişaşlar da baş verə bilər.

“Bizim birliyimiz və həmrəyliyimiz ciddi şəkildə sınaqdan keçiriləcək, çünki vətəndaşlar və bizneslər enerji qiymətlərində kəskin artım və yaşayış xərclərinin bahalaşması ilə üzləşəcək. Ukraynanın gələcəyi və gələcəyimiz naminə, biz bu vəziyyətə hazırlaşmalıyıq”, - deyə NATO-nun baş katibi vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə Yens Stoltenberq qeyd etmişdi ki, NATO ölkələri Rusiya ilə müharibə aparan Ukraynaya illər boyu dəstək olmağa hazırdırlar.


TÜRKİYƏDƏN YUNANISTANLA BAĞLI BEYNƏLXALQ TƏŞKİLATLARA MƏKTUB

Türkiyə Yunanıstanla bağlı beynəlxalq təşkilatlara məktub ünvanlayıb. “Report” agentliyinin xəbərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun imzaladığı məktubda Yunanıstanla Egey dənizindəki mübahisəli məsələlərdən bəhs edilir.

Məlumata əsasən, məktubda Egey dənizində ərazi sularının və milli hava məkanının eni, kontinental şelf və ərazi sularının məhdudlaşdırılması, şərq adalarının qeyri-hərbi statusunun pozulması kimi bir sıra problemlərin olduğu bildirilir. Həmçinin Egey dənizində Yunanıstanın suverenliyinə daxil olmayan adalar və qayaların olduğu vurğulanır.

Bununla yanaşı, sənəd Avropa İttifaqının 25 üzv ölkəsinə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, NATO-nun baş katibi Yens Stoltenberqə, BMT-nin baş katibi Antonio Quterreşə göndərilib.

Türkiyə hesab edir ki, Egey dənizi ilə bağlı məsələlər iki ölkənin əsas hüquq və qanuni maraqlarının qarşılıqlı tanınması ilə beynəlxalq hüquq çərçivəsində həll edilə bilər.


ABŞ-da EKSTREMAL İSTİLƏR DAVAM EDİR

ABŞ-ın təxminən 52 milyon əhalinin yaşadığı altı ştatında ekstremal istilərlə əlaqədar xəbərdarlıqlar edilib. “Trend” agentliyinin məlumatına görə, ölkənin qərbində yerləşən Kaliforniya, Vaşinqton, Vayominq, Kolorado, Nevada və Yuta ştatlarında rekord səviyyədə istilər qeydə alınıb.

Verilən xəbərə əsasən, bəzi şəhərlərdə temperatur artıq 47 dərəcəyə çatıb. Eyni zamanda, şiddətli istilər meşə yağınlarının artmasına yola açır. Hazırda ABŞ ərazisində 53 iri meşə yanğını ilə mübarizə davam edir.

Bir sıra mütəxəssislər qeyd edirlər ki, hazırda ABŞ-da “ekstremal isti qurşağı” formalaşmağa başlayıb. 2053-cü ilədək bu bölgə 107 milyon əhalinin yaşadığı ərazini əhatə edə bilər.


AVROPA İTTİFAQI KORONAVİRUSUN YENİ DALĞASINA HAZIRLAŞIR

Avropa İttifaqı payızda “COVID-19”un yeni dalğası gələnədək öz vətəndaşlarını koronavirus infeksiyasından qorumaq niyyətindədir. “Report”un məlumatına görə, Avropa Parlamentində əczaçılıq sənayesinin nümayəndələri deputatlarla ikinci nəsil peyvəndlərin istehsalını müzakirə ediblər.

Verilən xəbərə əsasən, bir neçə gün öncə Avropa Dərman Agentliyi “BioNTech/Pfizer” və “Moderna” vaksinlərinin yeni versiyalarının tətbiqinə razılıq verib.

Eyni zamanda, Avropa Komissiyası isə üzv dövlətlərdən təcili olaraq milli peyvənd strategiyalarını hazırlamağı xahiş edib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin proqnozuna görə, kifayət qədər sakit yaydan sonra bir neçə ölkədə yoluxma halları ilə bağlı artım müşahidə edilə bilər.


BAYDEN BMT-də ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİ MÜZAKİRƏ ETMƏK NİYYƏTİNDƏDİR

ABŞ prezidenti Cozef Bayden BMT Baş Assambleyasının 77-ci sessiyasında digər məsələlərlə yanaşı, ərzaq təhlükəsizliyi mövzusunu da müzakirə etmək üçün ümumi siyasi müzakirələrdə iştirak edəcək. “Trend” agentliyinin xəbərinə görə, bunu jurnalistlərə  brifinq zamanı Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi açıqlayıb.

“Prezident BMT Baş Assambleyasında çıxışı səbirsizliklə gözləyir. Təbii ki, BMT-nin gündəliyində ərzaq təhlükəsizliyi də daxil olmaqla bir çox məsələ var. Ərzaq təhlükəsizliyi təbii ki, prezidentin danışacağı məsələlərdən biri olacaq", - deyə Con Kirbi vurğulayıb.

Qeyd edək ki, Cozef Bayden sentyabrın 18-də Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında ümumi siyasi müzakirələrə qoşulacaq. Əsas tədbirlərin sentyabrın 19-20-də baş tutacağı planlaşdırılır.


ALBANİYA İRANLA DİPLOMATİK ƏLAQƏLƏRİ DAYANDIRDI

Albaniya Nazirlər Kabinetinin bəyanatında intensiv kiberhücumlara cavab olaraq İranla diplomatik əlaqələrin dayandırılmasına qərar verildiyi açıqlanıb. “Teleqraf.com”un xəbərinə görə, Albaniyanın baş naziri Edi Rama hökumətin İranla diplomatik əlaqələri kəsmək qərarı ilə bağlı açıqlama verib.

Baş nazir aparılan araşdırmaların ölkəsinə qarşı kiber-təcavüzün məhz İran tərəfindən həyata keçirildiyi və dəstəkləndiyinə dair təkzibedilməz sübutların olduğunu bildirib.

“İyulun 15-də ölkəmiz Albaniya hökumətinin rəqəmsal infrastrukturunu məhv etmək, dövlət xidmətlərini iflic etmək, dövlət sistemlərindən məlumat və elektron əlaqə məlumatlarını oğurlamaq məqsədi daşıyan kütləvi kiberhücumun hədəfi olub. Hücumda məqsədə nail olunmayıb. Təcavüzkarın hədəflədiyi ilə müqayisədə zərərlər kiçik hesab edilə bilər”, - deyə Edi Rama vurğulayıb.

Albaniya Nazirlər Kabinetinin İranla diplomatik əlaqələri dərhal kəsmək qərarına gəldiyini qeyd edən Edi Rama bunun İran səfirliyinə rəsmi nota ilə çatdırıldığını, təhlükəsizlik işçiləri də daxil olmaqla, bütün diplomatik və texniki personalın 24 saat ərzində Albaniyanı tərk etməsinin tələb olunduğunu diqqətə çatdırıb.


YEN DOLLAR QARŞISINDA SON 24 İLİN MİNİMUMUNA DÜŞÜB

ABŞ dolları Yaponiyanın milli valyutası olan yen qarşısında son 24 ilin zirvəsinə qalxıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, Tokioda sentyabrın 7-də keçirilən hərraclarda 1998-ci ilin avqustundan bəri ilk dəfə 1 dollar 144 yeni keçib. Yenin ucuzlaşmasının əsas səbəblərindən biri ABŞ-ın makroiqtisadi göstəricilərinin proqnozları üstələməsidir.

ABŞ-ın xidmət sektorunda işgüzar fəallıq indeksi iyulda 56,7 faizdən avqustda 56,9 faizədək yüksəlib. Analitiklər isə bunun əksini gözləyirdilər. Nəticədə dollar ABŞ Federal Ehtiyatlar Sisteminin monetar siyasəti ilə bağlı gözləntiləri dəstəkləməkdə davam edir.

Bundan əlavə, yenin ucuzlaşması fonunda ABŞ və Yaponiya mərkəzi banklarının monetar siyasətə yanaşmasında güclü fərq var. ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırmağa davam edir, Yaponiya Bankı isə onu mənfi səviyyədə saxlayır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.