DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

DMİTRİ PESKOV: TÜRKİYƏ RUSİYA ÜÇÜN MÜHÜM TƏRƏFDAŞDIR

“Türkiyə Rusiya üçün mühüm tərəfdaş ölkədir”. “TRT” telekanalının verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində Rusiya-Türkiyə münasibətləri ilə bağlı açıqlaması zamanı bəyan edib.

Dmitri Peskovun sözlərinə görə, xüsusilə Ukrayna mövzusunda fikir ayrılıqlarının olduğuna baxmayaraq, Rusiya Türkiyəni mühüm tərəfdaş olaraq görür. “Türkiyə bizim üçün şübhəsiz dost ölkədir. Türkiyə beynəlxalq siyasət, ticarət və iqtisadi əməkdaşlıq baxımından bizim üçün çox vacib tərəfdaşdır”, - deyə mətbuat katibi vurğulayıb. Eyni zamanda, D.Peskov Türkiyənin Rusiyaya qarşı sanksiyalarda iştirak etmədiyinə diqqət çəkib. O deyib: “Türkiyə özünün suveren müstəqil siyasətini həyata keçirir. Rusiya və Türkiyənin siyasət və iqtisadiyyat sahəsində əməkdaşlıqda ciddi potensialı var. Bu potensialın tam reallaşdırılması üçün hələ çox sahə mövcuddur. Türkiyə və Rusiya ikitərəfli münasibətlərini qarşılıqlı hörmət və fayda prinsipləri əsasında qurmuşdur”.

Bununla yanaşı, Kremlin mətbuat katibi əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin də Türkiyənin Ukrayna ilə bağlı vasitəçilik səylərini yüksək qiymətləndirib.


ÇİNDƏ BAŞ VERƏN ŞİDDƏTLİ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTIB

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində baş verən şiddətli zəlzələ nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilir ki, Qardze-Tibet muxtar rayonunda dağıntılar altından 37 nəfərin meyiti çıxarılıb, daha 12 nəfər isə itkin düşmüş sayılır.

Bununla yanaşı, Yaan və Qardze-Tibetdə 248 nəfər xəsarət alıb. Onların 60-dan çoxunun vəziyyəti ağırdır. Həmçinin qeyd edilir ki, Yaan və Qardze-Tibetdən 50 min nəfər təxliyə edilib. Çin hökuməti təbii fəlakətin nəticələrini aradan qaldırmaq və xilasetmə işləri üçün 7,25 milyon dollar ayırıb. Qeyd edək ki, sentyabrın 5-də Çinin Qardze-Tibet muxtar rayonunun Ludin qəsəbəsində 6,8 bal gücündə zəlzələ baş verib. Bölgədə 1,1 milyondan çox sakin yaşayır. Yeraltı təkanların ocağı 16 kilometr dərinlikdə yerləşir.


AVROPA KOMİSSİYASI RUSİYA QAZI İLƏ BAĞLI TƏKLİF İRƏLİ SÜRÜB

Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrə Rusiyadan qazın qiymətini məhdudlaşdırmaq üçün iki variant təklif edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Financial Times” qəzeti müvafiq sənədə istinadən xəbər verib.

Nəşrin qeyd etdiyinə görə, birinci variant ya Rusiya Federasiyasından idxal olunan qaz üçün maksimum qiymət həddinin tətbiqini, ya da yanacağın qiymətləri ilə bağlı danışıqlar aparacaq Rusiya qazının vahid alıcısının yaradılmasını nəzərdə tutur.

İkinci variant qaz tədarükündə fasilələr riskinin dərəcəsindən asılı olaraq Avropa İttifaqı ölkələrinin qırmızı və yaşıl zonalara bölünməsini nəzərdə tutur. Qırmızı zonada qiymətlər məhdudlaşdırıla bilər, yaşıl zonada isə qiymətlər qırmızı zona ölkələrinə qaz axınını asanlaşdırmaq üçün kifayət qədər yüksək qala bilər.


ŞƏRİƏT ÖLKƏSİ ÖLÜM HÖKMÜNÜ LƏĞV ETMƏYƏ HAZIRLAŞIR

2023-cü ildə Malayziyada ölüm və şallaq cəzaları ləğv edilə bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, ölkənin ədliyyə naziri Van Junaidi Tuanku Jafar müvafiq qanun layihəsinin oktyabrda parlamentə təqdim ediləcəyini açıqlayıb.

Məlumata əsasən, nazir yeni tənzimləmə ilə edam və şallaq cəzalarının hakimlərin ixtiyarına veriləcəyini qeyd edib. “Qarşıdan gələn büdcə müzakirələrində heç bir ləngimə olmasa, 2023-cü ildə bizdə artıq ölüm cəzası olmayacaq. Sözügedən cəzalar hakimlərin ixtiyarına veriləcəyi üçün tənzimləmə şallaq cəzasına da şamil olunacaq”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, Malayziya hökuməti iyunun 13-də ölüm hökmünün ləğvi və məhkəmələrin qərarına uyğun olaraq başqa cəzalarla əvəz edilməsi barədə razılığa gəlib.

Məlumat üçün qeyd edək ki, Malayziyada ölümlə cəzalandırılan cinayətlər arasında qətl törətmək, narkotik ticarəti, terrorizm, insan oğurluğu və odlu silah saxlama da var.


BÖYÜK BRİTANİYANIN YENİ BAŞ NAZİRi VƏZİFƏSİNİN İCRASINA BAŞLAYIB

Böyük Britaniyanın yeni seçilmiş baş naziri Liz Trass sentyabrın 6-da vəzifəsinin icrasına başlayıb. Kraliça II Elizabet ölkənin yeni baş nazirini qəbul edib. “Trend”in məlumatına görə, ənənəyə uyğun olaraq görüş zamanı kraliça Liz Trassa ölkənin yeni hökumətini formalaşdırmağı tapşırıb.

Eyni zamanda, bildirilir ki, sabiq baş nazir Boris Conson sentyabrın 6-da II Elizabetlə görüşü zamanı istefasını kraliçaya təqdim edib. Kraliçanın Boris Consonla görüşünün təxminən 40 dəqiqə davam etdiyi vurğulanır. Məlumat üçün qeyd edək ki, II Elizabet sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq ilk dəfə yeni baş naziri Bukingem sarayında deyil, Şotlandiyanın Balmoral qəsrində qəbul edib.

Xatırladaq ki, Liz Trass sentyabrın 5-də hakim Mühafizəkarlar Partiyasında səsvermə nəticəsində qalib gələrək Böyük Britaniyanın yeni baş naziri seçilib. O, Boris Conson hökumətində xarici işlər naziri idi.


TÜRKİYƏ BU ÖLKƏ İLƏ VİZA REJİMİNİ SADƏLƏŞDİRİR

Türkiyə Bosniya və Herseqovina ilə viza rejimini sadələşdirir. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sarayevoda keçirilən mətbuat konfransında çıxışı zamanı bəyan edib.

Dövlət başçısının sözlərinə görə, iki ölkə vətəndaşları şəxsiyyət vəsiqələri əsasında qarşılıqlı səfərlər edə biləcəklər. O bildirib ki, Türkiyə və Bosniya və Herseqovinanın Xarici İşlər nazirliklərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, Ərdoğan məlumat verib ki, oxşar razılaşmanın sentyabrın 7-də Serbiya ilə də bağlanması planlaşdırılır.

Verilən xəbərə əsasən, Türkiyə prezidenti qeyd edib ki, Ankara ilə Sarayevo arasında əməkdaşlığın prioritet istiqamətlərindən biri qarşılıqlı ticarətin inkişafıdır və iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ildə 876 milyon dollara çatıb.


RUSİYA YAPONİYADAN QİSASINI BU ŞƏKİLDƏ ALDI

Rusiya-Ukrayna müharibəsi başlayandan Qərb ölkələrinə tərəf olan və rəsmi Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edən Yaponiyaya Rusiyanın cavabı özünü çox gözlətmədi.

“TRT” telekanalının verdiyi xəbərə görə, rəsmi Moskva əvvəldən Kuril adalarında yaşayan Yaponiya sakinlərinə Hokkaydo yaxınlığındakı adalara vizasız gediş-gəliş imkanı verən razılaşmanı ləğv etdiyini açıqlayıb.

Bildirilir ki, qərar barədə danışan Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri Leonid Slutski deyib: “Qərar Yaponiya hökumətinin qeyri-qanuni sanksiya təzyiqinə və rəsmi Tokionun Qərbin anti-Rusiya siyasətini dəstəkləməsinə cavab olaraq qəbul edilib”.

Xatırladaq ki, İkinci Dünya müharibəsinin son günlərində Rusiyanın ilhaq etdiyi Kuril adalarını Yaponiya Şimal əraziləri adlandırır. Hər iki ölkənin iddia etdiyi və strateji əhəmiyyətə malik adalar Rusiyanın nəzarətindədir.

Yaponiya aralarında Kunaşir adasının da olduğu Kuril adalarının ona geri qaytarılmasını, İkinci Dünya müharibəsinin sonunda Yaponiya ilə Rusiya arasında imzalana bilməyən sülh müqaviləsinin imzalanması üçün şərt irəli sürür.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.