Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Robot məsul vəzifəyə təyin olundu

Çinin onlayn oyunlar hazırlayan məşhur şirkəti "NetDragon Websoft" ilk virtual CEO-nu (Chief Executive Officer") təqdim edib. Şirkət süni intellektlə işləyən virtual insanabənzər robotu - "xanım" Tang Yunu icraçı direktor vəzifəsinə təyin etdiyini açıqlayıb.

Hazırda insanabənzər robotlar üzərində çalışmalar davam etməkdədir. "Tesla" şirkəti Optimus adlı insanabənzər robotun ilk prototipini yaxın zamanda ictimaiyyətə təqdim etməyi planlaşdırır. Ağıllı cihazları ilə tanınan "Xiaomi" şirkəti isə insanabənzər robotunun prototipini bir qədər əvvəl artıq mətbuata təqdim etmişdir. Qabaqcıl xüsusiyyətləri ilə seçilən bu robotlar bir çox üstün bacarıqlara sahib olsalar da, onlar hələ insanlara çata bilmir. Lakin virtual robot Tang Yu bu baxımdan daha əhəmiyyətli bir yol qət edib. Şirkətdən verilən açıqlamaya görə, Tang Yu iş tapşırıqlarının keyfiyyətinin yaxşılaşdırılması, proses axınının tənzimləməsi, sürətlənməsi və idarəetmə sistemində daha mükəmməl nəticələr göstərə bilər. O, həmçinin gündəlik əməliyyatlarda rasional qərarların dəstəklənməsi və daha effektiv idarəetmə sistemini təmin etmək üçün real vaxt rejimində məlumat mərkəzi və analitik qurğu kimi xidmət göstərəcəkdir. Bundan əlavə, robotun bacarıqların inkişaf etdirilməsi, bütün işçilər üçün ədalətli və məhsuldar iş yerinin təmin edilməsində mühüm rol oynayacağı gözlənilir.

Süni intellektin korporativ idarəetmənin gələcəyini təmin edəcəyinə inanan şirkətin prezidenti dr. Dejian Liu, gələcəkdə açıq, interaktiv və son dərəcə şəffaf idarəetmə modeli yaratmaq üçün Tang Yunun alqoritmlərini təkmilləşdirəcəklərini bildirib.

İnformasiya "Forschung und Wissen" jurnalında dərc edilib.

 

Android istifadəçiləri, diqqətli olun!

Kibertəhlükəsizlik mütəxəssisləri mobil telefonların "Android" əməliyyat sistemində 35 zərərli proqram aşkar ediblər. Bu proqramların telefona yükləndikdən sonra simvol və ad dəyişdirərək gizli şəkildə istifadəçilərin şəxsi məlumatlarını mənimsədiyi məlum olub.

Təhlükəsizlik araşdırma şirkəti "Bitdefender" tərəfindən aparılan bir sıra təhlillərdən sonra "Google Play Store"da yer alan 35 proqramın təhlükəli olduğu ortaya çıxıb. Xəritələrdən tutmuş divar kağızı, emoji, fotoredaktəyə qədər müxtəlif kateqoriyalarda olan bu proqramların "Android" istifadəçilərinin şəxsi hesablarına girərək məlumatlarını oğurladığı və eyni zamanda onların cihazlarına zərərli proqramlar yüklədiyi bildirilib.

Qeyd edək ki, "Google Play Store" "Android" istifadəçilərinin rəsmi proqramlar mağazası olsa da, "Google"un təhlükəsizlik şəbəkəsindən qaçmağı bacaran onlarla zərərli proqram mövcuddur. Mütəxəssislər Walls light -Wallpapers Pack, Big Emoji - Keyboard, Grad Wallpapers - 3D Backdrops, Engine Wallpapers - Live & 3D, Stock Wallpapers - 4K & HD, EffectMania - Photo Editor, Art Filter - Deep Photoeffect, Fast Emoji Keyboard, Create Sticker for Whatsapp, Smart Wifi, Camera Helper, Photopix Effects - Art Filter, GPS Location Finder, Art Girls Wallpaper HD, Image Warp Camera kimi təhlükəli proqramların reklamlar vasitəsilə istifadəçiləri cəlb etdiyini söyləyirlər. Hesablamalara görə, bu proqramlar artıq 2 milyondan çox istifadəçi tərəfindən yüklənilib.

İnformasiya "Sözcü" qəzetində yayımlanıb.

 

NASA bu dəfə Aya "qoyun" göndərəcək

Milli Aeronavtika və Kosmos İdarəsi (Nasa) 53 ildən sonra Aya yenidən insan göndərməyi planlaşdırdığını açıqlayıb. Lakin insanın uçuşundan əvvəl Yerin peykinə sınaq məqsədilə cizgi film personajlarından birinin göndəriləcəyi nəzərdə tutulur. Agentliyin bu addımı ictimaiyyət arasında böyük maraq doğurub.

"TechXplore" veb saytında yayımlanan məlumata görə, bu ilin sonunda Aya pilotsuz missiyasına başlayacağını bəyan edən Avropa Kosmik Agentliyi (ESA), animasiya studiyalarından biri "Aardman Animations" şirkəti ilə ortaqlıq imzalayıb. Belə ki, cizgi filmlərindən birinin qəhrəmanı "Shaun the Sheep" (qoyun Şaun) Agentliyin pilotsuz həyata keçiriləcək Artemis 1 missiyasının uçuş modeli seçilib.

Uçuş modeli Şaun orbitə Orion kosmik gəmisi ilə buraxılacaq. O, canlı olmasa da, texniki olaraq Aya göndərilən ilk astronavt olacaq. Hər şey qaydasında gedərsə, gəminin kosmosda təxminən 39-42 gün qalacağı nəzərdə tutulur.

Kosmik gəmi sürət qazanmaq və Aya 70 min kilometrdən çox yaxınlaşmaq üçün planetin cazibə qüvvəsindən istifadə edəcək və onun ətrafında uçuş həyata keçirəcək. ESA-nın açıqlamasına görə, bu, bəşəriyyətin indiyə qədər çata biləcəyi ən uzaq Ay nöqtəsi olacaq.

"Bu sınaq agentlik üçün çox maraqlı olacaq. Şaunun bu vəzifəyə seçilməsinə çox şadıq. Bu, insanlar üçün kiçik bir addım olsa da, qoyunlar üçün nəhəng bir irəliləyiş olacaq", - deyə ESA-nın İnsan və Robototexnika Kəşfinin direktoru Devid Parker yarızarafat, yarıciddi öz fikirlərini bölüşüb.

 

Xərçəngi aşkarlayacaq yeni metod

Elm adamları xərçəng xəstəliyinin diaqnozunu qoymaq üçün yeni bir üsul hazırlayıblar. Kontakt linzalar sayəsində göz yaşlarının analiz edilməsilə xərçəngi aşkar etmək mümkün ola bilər.

Məlumdur ki, xərçəngin diaqnozu olduqca çətin, çox zaman və xərc tələb edən prosedurdur. Bu səbəbdən də tədqiqatçılar xəstələr üçün daha rahat, yeni prosedurlar hazırlamağa çalışırlar.

"MedicalXpress" veb saytında yer alan xəbərə görə, Kaliforniyanın qeyri-kommersiya təşkilatı, Terasaki Biotibbi İnnovasiya İnstitutunun alimləri tərəfindən hazırlanan kontakt linzalar istifadəçinin göz yaşlarını analiz etməklə xərçəngi aşkar edə bilər. Tədqiqatçılar, hətta bu metodun gələcəkdə xəstəliyin müalicəsində də istifadə edilə biləcəyini söyləyirlər.

Biomühəndis Yangzhi Zhu tərəfindən hazırlanmış üsul yalnız laboratoriya şəraitində hüceyrələr üzərində sınaqdan keçirilsə də, komanda gələcəkdə bu metodun xərçəngin erkən aşkarlanması ilə onun müalicəsini daha da asanlaşdıracağını düşünür.

Yeni metod qan testi, biopsiya və ya CT-dən (kompüter tomoqrafiyası) daha sürətli və daha az xərc tələb etdiyi üçün diaqnozun qoyulmasında həkimlərin vaxtına qənaət edəcəyi gözlənilir. Test prosesinin ağrısız olacağı və 30 dəqiqədən az çəkəcəyi bildirilir.

Elm adamları gələcəkdə müxtəlif növ xərçəng şişləri tərəfindən ifraz olunan maddənin göz yaşlarına çatıb-çatmadığını və bu metodun daha çox şiş növünü müəyyən etmək üçün necə istifadə oluna biləcəyini öyrənməyə çalışırlar.

Mütəxəssislər yaxın günlərdə linzaları göz quruluşları insanlarınkı ilə bənzər olan dovşanlar üzərində sınaqdan keçirməyi planlaşdırırlar. Əgər hər şey qaydasında gedərsə, yaxın bir neçə il ərzində insanlar üzərində də sınaqdan keçirilməsi nəzərdə tutulur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".