DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN VƏ PUTİN ARASINDA TELEFON DANIŞIĞI BAŞ TUTUB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında sentyabrın 3-də telefon danışığı olub. “Trend” agentliyinin məlumatına görə, prezidentlər iki ölkə arasında münasibətlərlə yanaşı, taxıl ixracı, Ukraynadakı vəziyyət, birgə enerji layihələri kimi məsələləri müzakirə ediblər.

Məlumata əsasən, avqustun 5-də Soçidə keçirilən görüşlərdə əldə olunmuş razılaşmalar çərçivəsində Rusiya ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Bundan başqa, tərəflər Türkiyədə inşası davam etdirilən “Akkuyu” atom elektrik stansiyası ilə bağlı işlərin plana uyğun şəkildə davam etməsini vurğulayıblar. Türkiyə lideri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin “Zaporoje” atom elektrik stansiyasına missiyasının təşkilində Rusiyanın konstruktiv roluna diqqət çəkib.

Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin təmasları davam etdirmək barədə razılığa gəliblər.

Bununla yanaşı, ölkə liderlərinin sentyabrın 15-16-da Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində görüşəcəyi gözlənilir.

 

ABŞ NÜVƏ SİLAHI DAŞIYAN BOMBARDMANÇINI POLŞAYA GÖNDƏRDİ

ABŞ Silahlı Qüvvələrinin “B-52” strateji bombardmançı təyyarəsi Polşaya çatıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak məlumat verib.

“Polşa-Amerika əməkdaşlığı daha da güclənir. “B-52” bombardmançı təyyarəsi artıq Polşaya çatıb. NATO-nun şərq cinahını qorumaq üçün imkanlarımız artır”, - deyə nazir vurğulayıb.

Qeyd edilir ki, “B-52” səkkiz mühərrikli, uzaqmənzilli strateji bombardmançıdır. Təyyarə bir neçə ton müxtəlif növ adi yük, bomba, raket və nüvə silahı daşımaq gücündədir.

Eyni zamanda, verilən xəbərə əsasən, son vaxtlar Amerika bombarmdançılarının Cənub-Şərqi Avropa üzərində uçuşlarının sayı artıb.

Polşa hökuməti bu ilin aprelində ölkənin NATO-nun nüvə silahlarına ev sahibliyi etməyə açıq olduğunu bildirib. Polşa hökumətinə görə, bu, Rusiyadan mümkün təhlükənin qarşısını almağa kömək edəcək.

 

PAKİSTAN ƏRAZİSİNİN TƏXMİNƏN ÜÇDƏ BİRİ SU ALTINDA QALIB

Avropa Kosmik Agentliyinin peyk görüntülərinə görə Pakistan ərazisinin üçdə birindən çoxu daşqınlar səbəbindən su altında qalıb. Bu barədə “Report” agentliyi “CNN” telekanalına istinadən xəbər verib.

Məlumata əsasən, bölgədə artıq qida çatışmazlığı yaranıb. Daşqınlar milyonlarla hektar əkin sahəsini və yüz minlərlə mal-qaranı məhv edib. Humanitar təşkilatlar yoluxucu xəstəliklərin artacağı ilə bağlı xəbərdarlıq ediblər.

Milli Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına görə, ölkədə təbii fəlakət nəticəsində ölənlərin sayı 1208 nəfər təşkil edir. Ölkədə 33 milyondan çox insan sel fəlakətindən zərər çəkib.

Ümumilikdə ölkə üzrə 5 min kilometrdən çox yol zədələnib, 243 körpü və 173 mağaza dağılıb. Həmçinin daşqınlar nəticəsində bir milyondan çox evə ziyan dəyib.

 

BÖYÜK BRİTANİYADA HƏR ON MÜƏSSİSƏDƏN ALTISI BAĞLANA BİLƏR

Böyük Britaniyada hər on müəssi

sədən altısı elektrik enerjisinin qiymətlərinin artması səbəbindən bağlana bilər. “Report”un verdiyi xəbər görə, bu barədə “Bloomberg” agentliyi Böyük Britaniya istehsalçılarının maraqlarını təmsil edən “Make UK” qrupunun araşdırmasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, ölkə istehsalçılarının təxminən yarısı üçün elektrik enerjisi ödənişləri son bir ildə 100 faizdən çox artıb. Bildirilib ki, mövcud böhran istehsalçıları istehsalı azaltmaq və ya kömək edilmədiyi təqdirdə fəaliyyəti tamamilə dayandırmaq kimi ciddi seçim qarşısında qoyub.

Qrupun məlumatına görə, fabriklərin 13 faizi artıq iş saatlarını azaldıb, 7 faizi isə istehsalı daha uzun müddətə dayandırıb.

Oktyabrın 1-dən Böyük Britaniyanın enerji tənzimləyicisi qazın qiymətinin kəskin artması fonunda elektrik enerjisinin qiymətini 80 faiz artıraraq rekord məbləğə - ildə 3549 funt-sterlinqə çatdırıb. Ekspertlərin fikrincə, gələn ilin aprel ayına qədər bu qiymətlər 7,7 min funt-sterlinqə çata bilər.

 

BORİS CONSONUN YERİNƏ NAMİZƏDİN SEÇİMLƏRİ BAŞA ÇATDI

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının yeni lideri və istefasından sonra Boris Consonu əvəz edəcək yeni baş nazir üçün səsvermə başa çatıb. “Teleqraf.com”un verdiyi xəbər verir ki, bu barədə “BBC” agentliyi məlumat yayıb.

Eyni zamanda, bildirilir ki, qalibin adı sentyabrın 5-də elan olunacaq. Kraliçanın təsdiqindən bir gün sonra yeni baş nazir vəzifəsinin icrasına başlayacaq. Bundan sonra Nazirlər Kabinetinin formalaşdırılmasına start veriləcək.

Məlumata əsasən, yeni baş nazir pustu uğrunda seçki yarışı iki namizəd - ölkənin xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak arasında keçirilib.

Agentlik qeyd edir ki, Rişi Sunak parlamentdə önəmli dəstəyə malik olsa da, Liz Trassın ümumilikdə Mühafizəkarlar Partiyasının üzvləri arasında daha çox tərəfdarı var.

Bukmeker kontorları da öz növbəsində Xarici İşlər Nazirliyinin rəhbərinin qələbəsinə 95, eks-maliyyə nazirinə isə 5 faiz verir.

 

ÇİNDƏ VERGİ İLƏ BAĞLI XÜSUSİ KONVENSİYA QÜVVƏYƏ MİNİB

Çində baza aşınması və mənfəətin köçürülməsi (BEPS) ilə mübarizə üçün vergi müqavilələri ilə bağlı tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya qüvvəyə minib. “Report” agentliyinin xəbər verdiyi kimi, bu barədə Rusiyanın Çindəki Ticarət Nümayəndəliyinin yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, bu konvensiya 2013-cü ildə  “G20” sammitində qəbul olunmuş beynəlxalq vergi islahatının bir hissəsidir. Gözlənilir ki, konvensiyanın qüvvəyə minməsi Çin və digər ölkələr arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair ikitərəfli sazişlərdə nəzərdə tutulan vergidən yayınmaya qarşı tədbirlərin gücləndirilməsinə təkan verəcək.

Eyni zamanda, açıqlamada o da qeyd olunur ki, Çin Xalq Respublikasının Baş Vergilər İdarəsinin məlumatına görə, Çinin bağladığı 47 vergi sazişi artıq konvensiyaya tabedir. Gələcəkdə konvensiyaya yeni dövlətlər qoşulduqca, Çinin iştirakı ilə ona tabe olan ikitərəfli vergi sazişlərinin sayı 100-ə qədər arta bilər.

 

ABŞ SİLAH TƏDARÜKÜNÜ SÜRƏTLƏNDİRMƏYİN YOLLARINI AXTARIR

ABŞ-ın Müdafiə Nazirliyi  Rusiya və Çinlə daha yaxşı rəqabət aparmaq və müttəfiq ölkələrin ehtiyatlarını artırmaq üçün Amerika silahlarının satışını sürətləndirmək niyyətindədir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Qeyd edilir, Pentaqon bu məqsədlə xarici ölkələrə milyardlarla dollar həcmində səmərəsiz silah satışını yoxlamaq üçün nazirliyin yüksək vəzifəli şəxslərindən ibarət xüsusi işçi qrupu yaradıb.

Pentaqondan nəşrə bildirilib ki, işçi qrupu partnyorlara və müttəfiqlərə dron, döyüş texnikaları, helikopterlər və tanklar da daxil olmaqla müxtəlif silahların çatdırılmasını sürətləndirmək üçün optimal yollar axtaracaq.

Məlumata əsasən, ABŞ-ın xaricə hərbi texnika satışı sistemi sülh dövrü üçün nəzərdə tutulub və Ukrayna kimi aktiv irimiqyaslı hərbi əməliyyatlar aparan ölkələr üçün uyğunlaşdırılmayıb. Bu cür satışlarda əsas məqsəd ABŞ-ın milli təhlükəsizlik maraqları naminə onun tərəfdaşları və müttəfiqlərini hərbi cəhətdən gücləndirməkdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.