İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Çimərlik güləşi üzrə millimiz dünya çempionu olub

Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib. Mundialda ölkəmizi dörd idmançı təmsil edib. Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) uğurlu çıxış ediblər. Belə ki, güləşçilərimiz bütün rəqiblərinə qalib gələrək 100 xalla komanda hesabında dünya çempionu olublar.

Güləşçimizdən qızıl medal

Rumıniyanın Konstantsa şəhərində keçirilən çimərlik güləşi üzrə U-20 dünya çempionatında Azərbaycan idmançısı Fərid Cabbarov (90 kq) qızıl medal qazanıb. Digər təmsilçimiz Zəfər Əliyev (+90 kq) gümüş medalla kifayətlənib, Rübail İbrahimli (70 kq) isə bürünc mükafata sahiblənib.

Millimiz 68 xal qazanaraq çempionatda ikinci olub.

Komandamızın üzvləri uğurlu çıxış ediblər

İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında paracüdo idman növü üzrə keçirilən oyunlarda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin idmançıları  bürünc medal qazanıblar: Namiq Abaslı (-73 kq, J2) və İsmayıl Muradov (-60 kq, J1).

Boksçularımız beynəlxalq turniri üçüncü yerdə başa vurub

Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub. Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) üçüncü yeri tutublar.

Ruslan Qədirov yarımfinalda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gəlib. Rəqib finala yüksəldiyindən boksçumuz bürünc mükafata layiq görülüb.

Rauf Rəhimov isə özbəkistanlı Nusratbek Tohirovla qarşılaşıb. Rəqibinə uduzan Azərbaycan boksçusu fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".