DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ İRANDAN NÜVƏ SAZİŞİ İLƏ BAĞLI AÇIQLAMA

İran Avropa İttifaqı (Aİ) tərəfindən nüvə sazişini yenidən canlandırmaq üçün təqdim etdiyi və danışıqlarda yekun yol xəritəsi kimi qəbul edilən saziş mətni layihəsinə ABŞ-ın verdiyi cavaba dair fikirlərini açıqlayıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi yazılı açıqlamada ABŞ-ın saziş layihəsi mətninə verdiyi cavabın Tehran tərəfindən müxtəlif səviyyələrdə araşdırıldığını və hazırlanan cavabın danışıqların koordinatoruna göndərildiyini bəyan edib.

Mətbuat katibinin sözlərinə görə, təqdim olunan mətndə danışıqları yekunlaşdırmaq üçün konstruktiv yanaşma mövcuddur.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mövzu ilə bağlı verdiyi yazılı açıqlamada bildirib: “Biz İranın cavabını aldığımızı təsdiqləyə bilərik. Bunu araşdırırıq, cavab verəcəyik, lakin təəssüf ki, bu, konstruktiv deyil”.

 

ALMANİYA POLŞANIN TƏZMİNAT TƏLƏBİNİ QƏBUL ETMƏYIB

Almaniyanın Xarici İşlər Nazirliyi İkinci Dünya müharibəsində təzminatla bağlı məsələnin həll olunduğunu açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

“Almaniya hökumətinin mövqeyi dəyişməzdir, təzminat məsələsi həll olunub. Polşa 1953-cü ildə əlavə təzminatlardan imtina edib və bu imtinanı bir neçə dəfə təsdiqləyib. Bu, hazırkı Avropa nizamının fundamental əsasıdır. Almaniya İkinci Dünya müharibəsi ilə bağlı siyasi və mənəvi məsuliyyət daşıyır”, - deyə XİN-in açıqlamasında qeyd olunur.

Xatırladaq ki, sentyabrın 1-də Polşada İkinci Dünya müharibəsində Almaniyanın hücumu nəticəsində ölkəyə dəymiş hərbi itkilərin ödənilməsi barədə hesabat təqdim olunub. Polşa öz itkisini 6,2 trilyon zloti (təxminən 1,3 trilyon dollar) qiymətləndirib və gələcəkdə bu məbləği Almaniyadan tələb etməyi planlaşdırır.

Məlumat üçün qeyd edək ki, Polşa Almaniya ilə dialoqda dəfələrlə İkinci Dünya müharibəsinə görə kompensasiyaların ödənilməsi məsələsini qaldırıb. Almaniya hökuməti isə təzminat məsələsinin bağlandığını vurğulayır.

 

LİTVA QORBAÇOVA QARŞI CİNAYƏT İŞİNƏ XİTAM VERİB

Vilnüs Rayon Məhkəməsi keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun 1991-ci ilin yanvarında teleqülləyə ölümlə nəticələnən basqında məsuliyyət daşıması ilə bağlı mülki iddianı rədd edib. “Report”un verdiyi xəbərə görə, bu barədə “Delphi” agentliyi məlumat yayıb.

Məhkəmənin nümayəndəsi Aurim Jukauskas qeyd edib ki, iddia konkret şəxsə, Sovet İttifaqının keçmiş prezidentinə qarşı qaldırılmışdı, lakin onun vəfatından sonra bu, qeyri-mümkündür.

Xatırladaq ki, 1991-ci il yanvarın 12-dən 13-nə keçən gecə sovet hərbi bölmələrinin Vilnüs teleqülləsinə, eləcə də Radio və Televiziya Yayımları Komitəsinin binasına basqını zamanı 14 nəfər həlak olub.

Litvada 1991-ci ilin yanvar hadisələrində həlak olanların yaxınları SSRİ-nin keçmiş prezidentini məhkəməyə verib. Onlar sübut etmək niyyətində idilər ki, o vaxt SSRİ Silahlı Qüvvələrinin ali baş komandanı olan Qorbaçov orduya nəzarət edib, lakin Litvada təcavüzün qarşısını almaq üçün tədbirlər görməyib və bununla da cinayətin həyata keçməsinin qarşısını almayıb.

 

PAKİSTANDA TƏBİİ FƏLAKƏT NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 1200 NƏFƏRİ ÖTÜB

Pakistanda iyun ayının ortasında davam edən daşqınlar nəticəsində ölənlərin sayı artıb. “Trend” agentliyinin Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinə istinadən verdiyi xəbərə görə, daşqınlar nəticəsində ölənlərin sayı 1208 nəfərə çatıb, 6082 nəfər isə xəsarət alıb. Həyatını itirənlərdən 244-ü qadın, 416-sı uşaqdır.

Məlumata əsasən, təbii fəlakət 5 min kilometrdən artıq avtomobil yolunu yararsız hala salıb, 1,1 milyondan artıq ev dağılıb, onlardan 436 minə yaxınını bərpa etmək qeyri-mümkündür. Həmçinin 733 min başdan çox mal-qara tələf olub.

Zərər çəkmiş bölgələrdə xilasetmə əməliyyatlarına Pakistan Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbçiləri, həmçinin ordu aviasiyası və hərbi mühəndislik texnikası cəlb olunub.

 

ƏFQANISTANDA MƏSCİDDƏ BAŞ VERƏN PARTLAYIŞDA ÖLƏNLƏRİN SAYI ARTIB

Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə  sentyabrın 2-də törədilmiş partlayış nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb. “Trend”in məlumatına görə, hadisə Quzara şəhərində baş verib.

Son məlumatlara görə, yaralananların sayı 80 nəfərə yüksəlib. Bundan əvvəl 28 nəfərin öldüyü, 45 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Verilən xəbərə əsasən, partlayış məscidin çıxışında cümə namazından sonra baş verib.

Qeyd edək ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Ölənlər arasında məscidin 38 yaşlı imamı Mövləvi Mücib Rəhman Ənsairi də var.

 

RUSİYA VƏ ÇİNƏ ÇİP SATIŞI ILƏ BAĞLI QADAĞA

ABŞ administrasiyası “Nvidia” və “AMD” şirkətlərinə süni intellekt tədqiqatlarında istifadə edilən qabaqcıl çiplərin Çin və Rusiyaya satışını dayandırmaq barədə göstəriş verib. “Teleqraf.com”un xəbərinə görə, “Nvidia”nın ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına verdiyi izahatda hökumətin şirkətə “A100” və “H100” çiplərinin Çin və Rusiyaya ixracı üçün yeni lisenziya tələbinin tətbiq edildiyi barədə bildirib.

Sözügedən açıqlamada, yeni lisenziya tələbinin A100 və H100 çiplərini ehtiva edən bütün sistemləri əhatə etdiyinə diqqət çəkilib, hökumətin yeni tənzimlədiyi məhsulların Çində hərbi məqsədlər üçün istifadə riskini hədəflədiyi qeyd edilib. Həmçinin bildirilib ki, yeni tənzimləmə Çinə planlaşdırılan təxminən 400 milyon dollarlıq satışı risk altına qoyur.

ABŞ-da yerləşən başqa bir çip istehsalçısı olan “AMD” inkişaf etmiş süni intellekt çiplərinin Çinə ixracının dayandırılması barədə hökumət rəsmiləri tərəfindən məlumatlandırıldıqlarını bildirib. Digər tərəfdən, hər iki şirkət hazırda Rusiyaya heç bir məhsul satmadıqlarını vurğulayıblar.

 

UKRAYNADAN DAHA 6 TAXIL YÜKLÜ GƏMİ YOLA DÜŞÜB

Ukrayna limanlarından taxıl yüklənmiş daha 6 gəmi yola düşüb. “Trend”in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

Nazirliyin açıqlamasına görə, hazırda Ukrayna limanlarından taxıl daşınması planlaşdırıldığı kimi davam edir.

Qeyd olunub ki, gəmilərin yola düşməsi İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzi tərəfindən razılaşdırılıb.

Xatırladaq ki, Ukrayna limanlarında qalan taxıl və digər ərzaq məhsullarının çıxarılması üçün Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri tərəfindən Birgə Koordinasiya Mərkəzi işə salınıb.

Məlumat üçün qeyd edək ki, avqustun 1-dən bugünədək Ukraynadan yola düşən gəmilərin sayı 150-ni keçib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.