Xalqımızın tarixi nailiyyəti
Siyasət

Xalqımızın tarixi nailiyyəti

30 avqust 1991-ci ildə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev Ali Sovetin sessiyasında Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir

XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Belə ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və "soyuq müharibə"nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı. Dövlət müstəqilliyi haqqında Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Ulu öndər Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu obyektiv yanaşmalarla əsaslandırıb: "1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı".

Parlament, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun - Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. Xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Məhz həmin şəxsiyyətlər xilaskarlıq missiyasını uğurla həyata keçirib zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək milli maraqları təmin edir, müdrik ideyaların millətin strateji inkişaf konsepsiyasına çevrilərək onun dünya miqyasında özünəməxsus yer tutmasına yol açır. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də insanları öz ideya və baxışları ətrafında toplayaraq zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanmışdır.

1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış və həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi də Azərbaycanın müstəqilliyinin əsasını qoymuşdur. "Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm", - deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas edərək, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atdı. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı.

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. O vaxt ulu öndərin təklifi ilə "sovet sosialist" sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etmədi. Bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi.

Türk dünyasının böyük oğlu Heydər Əliyev Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olundu. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradıldı, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırıldı, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyuldu. O illərdə də ulu öndər qətiyyəti, cəsarəti ilə xalqına və millətinə nə qədər bağlı olduğunu göstərmiş və bir daha təsdiq etmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür.

XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti, şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Məhz bu müddət ərzində Azərbaycan xalqı öz müstəqil dövlətinin Konstitusiyasını qəbul etmiş, qanunvericiliyini, hakimiyyətin bölünmə prinsiplərini, hüquq normalarını dünya standartlarına uyğunlaşdıraraq digər dövlətlərlə hərtərəfli əməkdaşlığa hazır olduğunu nümayiş etdirmişdir. Bu illər ərzində yaşayışımızın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmişdir. Azərbaycan öz milli neft strategiyası və konsepsiyasını həyata keçirməyə başlamış, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələr bağlayaraq dünya iqtisadiyyatına qovuşmasını təmin etmişdir.

Mustafa KAMAL,

"Respublika".