Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Dünyanın ən "təhlükəli" smartfonları

Telefon alarkən adətən onun xüsusiyyətləri, dizayn və ya qiyməti ilə maraqlanırıq. Lakin bu cihazların sağlamlığımıza zərər vermə ehtimalını isə nəzərə almırıq. Xüsusilə simsiz rabitə xüsusiyyətinə sahib olan bütün elektron cihazlar ətrafa intensiv şəkildə elektromaqnit dalğaları yayır. Bu dalğaların bizə müəyyən bir səviyyəyə qədər zərər vermədiyini bilirik. Ancaq həddi keçdikdən sonra isə radioaktiv dalğaların bədənimizə uzunmüddətli təsiri heç də xoş nəticə vermir. Elə bu səbəbdən də  "BanklessTimes"  veb saytı ən yüksək SAR (elektromaqnit enerjisinin udma əmsalı) dəyərlərinə malik olan  smartfonların siyahısını tərtib edib. Bəs hansı cihazlar daha çox radiasiya yayır?

 Tərtib edilmiş reytinqə müxtəlif brendlərə sahib 10 smartfon daxil olub. Reytinqdə olan cihazların 1/3 hissəsi "Google" şirkətinə məxsusdur.

Beləliklə, tərtib edilmiş reytinqdə birinci yeri Motorola Edge smartfon modeli tutub. Bu smartfonun SAR göstəricisi 1.79 vatt/kq təşkil edir. Bu göstərici isə ABŞ-ın FDA adlı nizamlayıcı orqanı tərəfindən təyin edilmiş 1.6 vatt/kq göstəricidən daha yüksəkdir. Reytinqin ikinci pilləsində ZTE Axon 11 5G (1.59 vatt/kq) smartfonu qərarlaşıb. Üçüncü yeri isə OnePlus 6T (1.55 vatt/kq) modeli tutub.

Reytinqin ilk beşliyində dördüncü yeri Sony Xperia XA2 modeli, beşinci yeri isə Google Pixel 3 XL modeli tutub. Bundan əlavə olaraq, reytinqə Google Pixel 4a, OPPO Reno 5 5G, Sony Xperia XZ1 Compact, Pixel 3 və OnePlus 6 smartfonları da daxil olublar.

Qeyd edək ki, lokal bazarlar üçün maksimal SAR göstəricisi müxtəif regionlarda fərqlidir. Bununla belə, radiotezlikli şüalanmanın insan səhhətinə təsiri ilə bağlı hələ ki, heç bir elmi sübut mövcud deyil. 

İnformasiya "Cumhuriyet" qəzetində dərc edilib.

 

Ölümsüzlük xəyalı gerçəkləşə bilər?..

Kembric Universitetinin alimləri  gəmiricilərin kök hüceyrələrindən istifadə edərək, süni embrion yetişdiriblər. Bəs elm adamlarını  bu addımı atmağa nə vadar edib, yoxsa məqsədləri yeni bir insan növü yetişdirməkdir?..

Laboratoriya şəraitində məməlilərin erkən inkişafında iştirak edən  üç növ kök hüceyrəsinin inkişaf prosesini təqlid edən alimlər nəticədə döyünən ürək və funksional beyin quruluşu yetişdirməyi bacarıblar. Lakin araşdırmaların əsas məqsədi rüşeym yaratmaqla  yeni növ insan yetişdirmək deyil. 10 ildən artıqdır ki, kök hüceyrələr üzərində işləyən alimlərin əsl məqsədi ölümsüzlüyə nail olmaqdır. Bu yolla onlar kök hüceyrələrinin inkişaf prosesini öyrənərək insan ömrünü uzatmaq  istəyirlər. Digər hədəfləri isə ölümlə üz-üzə gələn  insanların həyatını xilas etmək, orqana ehtiyacı olan birinə uyğunsuzluq ehtimalı olmayan, süni yetişdirilmiş ürək nəqli və  yaxud hansısa bir səbəbdən zədələnmiş beyin toxumasını bərpa etməkdir.

"Siçan embrionu modelimiz yalnız beyni deyil, eyni zamanda vücudu təşkil edən bütün komponentləri və döyünən ürəyi inkişaf etdirir. Bu qədər yolu qət etməyimiz həqiqətən inanılmazdır. Uzun illərdir ki, bəşəriyyətin arzuladığı ən böyük xəyalını gerçəkləşdirmək üzrəyik",-deyə Kembric Fiziologiya, İnkişaf Departamentində məməlilərin inkişafı və kök hüceyrə biologiyası üzrə professor Zernicka-Goetz öz təəssüratlarını bölüşüb.

Lakin bu araşdırmalar təbii ki, tez bir zamanda nəticə verməyəcək. Alimlər bunun üçün uzun  illər lazım gəldiyini söyləyirlər. Belə çıxır ki, sevinməyimizə  hələ çox var...

İnformasiya "Forschung und Wissen" jurnalında dərc edilib.

 

İqlim dəyişikliyinə qarşı yeni metod

Bir qrup elm adamı Yer kürəsində yaşanan iqlim dəyişikliyinin qarşısını almaq üçün ağlasığmaz bir üsul barədə düşünürlər. Belə ki, alimlər Yerə çatan Günəş şüalarını müəyyən qazlar sayəsində  azaltmaqla planetimizi xilas etməyi hədəfləyiblər.

Kornell Universitetinin tədqiqatçıları günəş geomühəndisliyi texnologiyasından  istifadə edərək  Yerin stratosferinə sulfat aerozollarını inyeksiya etməklə,  atmosferə yayılan  artıq günəş şüalarını geri qaytarmağı planlaşdırırlar. Alimlər bu  yolla  həddindən artıq istiləşmənin qarşısını ala biləcəklərini söyləyirlər.

Lakin ekspertlərin fikrincə, belə bir  strategiyanın həyata keçirilməsi  üçün  son dərəcə ciddi və sistemli bir şəkildə plan hazırlanmalıdır. Çünki iqlimin sulfat aerozolları kimi məlum çirkləndirici ilə soyudulmasının mənfi tərəfləri də nəzərə alınmalıdır. Bu ssenarinin  sonu yağıntıların tərkib hissəsinin  dəyişməsinə qədər gedib çıxa bilər.

"Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan araşdırma Cornell Atkinson və Milli Elm fondları tərəfindən dəstəklənmişdir. Lakin digər variantlar və yeni iqlim modelinin simulyasiya nəticələri təqdim ediləcək.

Kornell Mühəndislik Kollecinin baş tədqiqatçısı və müəllimi Doug MacMartin mövzu ilə bağlı açıqlama verib: "İqlim dəyişikliyinə qarşı aqressiv tədbirlər həyata keçirsək, bu vəziyyət daha da pisləşəcək. Önümüzdəki illərdə bundan da çətin qərarlarla üzləşə bilərik...".

 

Robot texnologiyasında görünməmiş hadisə

İndiyə qədər yalnız ətrafdakı obyektləri tanıyan və yönləndirilməyə ehtiyacı olan robotlar mövcud idi. Lakin Kolumbiya Universitetinin alimləri robot texnologiyası tarixində bir ilkə imza ataraq, öz “varlığını” hiss edə bilən robot hazırlayıblar.

İnsanlar dünyaya gəldiyi ilk andan etibarən ətrafını və özünü tanımağa başlayır. Bu ərəfədə də sobanın isti, buzun soyuq, hansı yeməklərin dadlı, yaxud dadsız olduğunu, nələrin ona zərər verib-verməyəcəyini  öyrənir və buna uyğun olaraq hərəkət edir. Məlumdur ki, bütün bu xüsusiyyətlər yalnız canlılara məxsusdur. Lakin bundan sonra robotlar  da təkcə ətrafını deyil, həm də özlərini dərk, hətta "xəyal" belə edə biləcəklər.

"Science Robotics ” jurnalında dərc olunan məqalədə insan köməyi olmadan öz bədənini tam öyrənə və modelləşdirə bilən robotun buna necə nail olduğu  açıqlanıb. Bundan əlavə, məqalənin digər diqqətçəkən tərəfi isə  robotun bədəninə dəyən zərəri avtomatik olaraq aşkarlaması və korreksiya etməsidir.

Sınaq zamanı görünüşü ilə  indiyə qədər hazırlanan robotlara bənzəyən robot 5 dairəvi şəkildə düzülmüş kamerada özünü izləyib. Sərbəst hərəkət edən robot  güzgülərə baxaraq özünü ilk dəfə kəşf edən körpə uşaq kimi müxtəlif motor əmrləri altında bədəninin necə dəyişdiyini öyrənib. Qısa müddətdən sonra isə özünü tamamilə kəşf edib. Tədqiqatçılar robotun özünü dumanlı şəkildə gördüyünü deyirlər.

“Biz həqiqətən robotun özünü necə təsəvvür etdiyinə təəccüb etdik. Ancaq  bir neyron şəbəkəsinə baxmaq mümkün deyil, çünki o, qara bir qutudur”,-Columbia Creative Machines Laboratoriyasının direktoru Hod Lipson qeyd edib.

Alimlərin fikrincə, bu yenilik özünü idarə edən robotlar üçün mühüm bir irəliləyiş olacaq. Bu yolla robotlar problemlərini təkbaşına həll edə, özlərini anlaya, nasazlıqlarını və ya zədələrini təmir edə biləcəklər. 

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".