DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİDƏN RUSİYAYA DANIŞIQLARLA BAĞLI XƏBƏRDARLIQ

“Mariupol şəhərində Rusiya tərəfindən məhkəmə baş tutsa, danışıqlar aparılmayacaq”. “Report” agentliyinin verdiyi xəbərə görə, belə bir xəbərdarlıqla Ukrayna prezidenti Volodimir Zelenski son videomüraciətində çıxışı zamanı bəyan edib.

Məlumata əsasən, dövlət başçısının sözlərinə görə, indi mediada Rusiyanın Mariupolda əsir düşmüş ukraynalı əsgərlərin məhkəməsini təşkil etmək istəməsi barədə getdikcə daha çox xəbərlər yayılır.

Eyni zamanda, prezident qeyd edib ki, düşmənin planları nə olursa-olsun, Ukraynanın reaksiyası tamamilə başa düşüləndir.

“Əgər həmin iyrənc məhkəmə baş tutarsa, xalqımız bütün razılaşmalara, bütün beynəlxalq qaydalara zidd olaraq bu mənzərəyə sürüklənsə, bu, istehza olacaq. Bu, heç bir danışığın mümkün olmadığı xətt olacaq”, - deyə Volodimir Zelenski vurğulayıb.

 

İMRAN XANA İTTİHAM İRƏLİ SÜRÜLÜB

Pakistan polisi ölkənin keçmiş baş naziri İmran Xana qarşı ittiham irəli sürüb. “APA”nın “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, polis İmran Xanı dövlət rəsmilərini təhdid edərək ölkənin antiterror aktını pozmaqda günahlandırır.

Bildirilir ki, İmran Xan polis və ədliyyə orqanlarını onun köməkçisinin hakimiyyətə qarşı iğtişaş törətmək ittihamı ilə həbs edərək ona işgəncə verməkdə günahlandırıb. Belə ki, o, avqustun 20-də çıxışında İslamabadın polis rəisini və bir hakimi həbsdə olan Şahbaz Gillə qarşı pis rəftar edildiyinə görə tənqid edib.

Bununla yanaşı, keçmiş baş nazirin yüzlərlə tərəfdarı ona qarşı istintaqın başladılacağı barədə xəbərlər yaydıqdan sonra onun İslamabaddakı evinin qarşısına toplaşaraq, polis onu saxlamağa cəhd edəcəyi təqdirdə paytaxtı “ələ keçirəcəklərini” bildiriblər.

 

ALMANİYA İQTİSADİYYATI TƏNƏZZÜLLƏ ÜZLƏŞƏ BİLƏR

Almaniya iqtisadiyyatı bu qış tənəzzüllə üzləşə bilər və payızda ölkədə inflyasiyanın ikirəqəmli səviyyəyə çatma ehtimalı mövcuddur. “Report” agentliyinin xəbərinə görə, bu fikri Almaniya Mərkəzi Bankının rəhbəri Yoahim Nagel “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.

Məlumata əsasən, Yoahim Nagelin sözlərinə görə, bu, enerji böhranı kəskinləşəcəyi təqdirdə baş verəcək. O, həmçinin Almaniyada inflyasiyanın 10 faizi keçə biləcəyinə əminliyini ifadə edib. Belə göstəricilər isə sonuncu dəfə 70 il öncə müşahidə olunub.

Eyni zamanda Almaniya Mərkəzi Bankının rəhbəri əlavə edib ki, Almaniya hökumətinin yüksək inflyasiyanın nəticələrini azaltmaq üçün gördüyü tədbirlər, o cümlədən benzinə endirim tədricən ləğv edilir.

 

RUSİYA ÇİN VALYUTASININ İSTİFADƏSİNƏ GÖRƏ DÜNYADA ÜÇÜNCÜDÜR

Rusiya beynəlxalq ödənişlərdə iyul ayında Çin yuanından istifadə edən ölkələr arasında üçüncü yeri tutaraq qlobal valyuta bazarındakı payını cəmi üç ayda 6,3 dəfə artırıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Forbes” nəşri “SWIFT” ödəniş məlumat mübadiləsi sisteminin statistik məlumatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, “Forbes” nəşrinin istinad etdiyi “SWIFT” hesabatına əsasən, iyulda yuan əməliyyatlarının 3,9 faizi Rusiyanın payına düşüb (iyunda 1,42 faizə qarşı). Böyük Britaniya daha yüksək göstəricilərə malikdir (6,35 faiz).

Verilən xəbərə əsasən, siyahının lideri Honq-Konqdur (iyundakı 73,82 faizə qarşı 70,93 faiz). Bununla yanaşı, SWIFT reytinqində Rusiyadan sonra Sinqapur (3,77 faiz) və ABŞ (2,98 faiz) gəlir.

 

CƏNUBİ KOREYA VƏ ABŞ KXDR-Ə QARŞI ƏN BÖYÜK HƏRBİ TƏLİMLƏR KEÇİRİR

Cənubi Koreya və ABŞ artan Şimali Koreya təhlükəsinə qarşı müdafiə sahəsində əməkdaşlığı yaxşılaşdırmaq üçün son illərin ən böyük hərbi təlimini keçirirlər. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, on minlərlə əsgər, döyüş təyyarələri və gəmilərin iştirak etdiyi hərbi təlimlər sentyabrın 1-dək davam edəcək. İlk dörd gündə mülki müdafiə təlimi, birgə hücum və cəbhə bölgəsində təchizat məşqləri keçiriləcək. Limanlara, aeroportlara və sənaye zonalarına qarşı hücumlarda pilotsuz uçuş aparatları və yeni nəsil döyüş texnologiyalarından istifadə ediləcək.

Məlumata əsasən, sözügedən təlimlərin Şimali Koreya tərəfindən reaksiya ilə qarşılanacağı gözlənilir.

 

DARYA DUQİNAYA SUİ-QƏSDİN TƏFƏRRÜATLARI AÇIQLANIB

Moskva vilayətində qətlə yetirilən Darya Duqinanın avtomobilinin məsafədən idarə olunan bomba ilə partladıldığı məlum olub. “APA” agentliyinin xəbərinə görə, bu barədə Rusiya hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilib.

Məlumata əsasən, Duqinanın avtomobilində olan partlayıcı qurğunun gücü 400 qram tratil ekvivalenti təşkil edib. Partlayıcı qurğunun bir hissəsinin ekspertizaya göndərildiyi vurğulanıb.

Qeyd edək ki, Darya Duqina Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızıdır.

Xatırladaq ki, jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində hərəkətdə olarkən yanıb. İlkin versiyaya əsasən, avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb.

 

ÇİNDƏ QURAQLIQ SƏBƏBİNDƏN SÜNİ YAĞIŞ YAĞDIRILACAQ

Çinin hakimiyyət orqanları anomal istilər fonunda məhsulları quraqlıqdan qorumaq üçün kimyəvi maddələrlə süni yağış yaratmağı qərara alıblar. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” agentliyi Çinin Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, Çin bu cür təbiət hadisələrinin müşahidə olunmağa başladığı 61 ildən bəri ən isti yayı yaşayır. Siçuan və Hubey əyalətlərinin hakimiyyət orqanları bildiriblər ki, isti hava min hektarlarla əkin sahəsini məhv edib və milyonlarla hektarda məhsula ziyan vurub.

Eyni zamanda, Hubey əyalət administrasiyası fövqəladə vəziyyət elan edib və humanitar yardım verilməsinə başlayıb. Siçuan əyalətində isə 820 minə yaxın insan içməli su böhranı ilə üzləşib. Bununla yanaşı, əyalətdə günəş panelləri, mikroçip və digər sənaye məhsulları istehsal edən müəssisələrin işi su çatışmazlığı səbəbindən altı gündür dayandırılıb.

Ekspertlərin fikrincə, Çində məhsulun azalması qlobal əhəmiyyət kəsb edəcək, o cümlədən ABŞ və Avropada inflyasiyanı gücləndirəcək.

 

ƏN BAHALI DƏRMAN İSTİFADƏYƏ VERİLİB

ABŞ-da 2,8 milyon dollar dəyərində dünyanın ən bahalı dərmanı istifadə üçün təsdiqlənib. “Report”un “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Qida və Dərman Preparatlarına Nəzarət İdarəsi tərəfindən nadir anemiya növlərindən birinin gen terapiyası üçün “Zynteglo” adlı məhsulun istifadəsinə icazə verilib.

Məlumata əsasən, ABŞ-da 2022-ci ilin sonuna qədər “Zynteglo” ilə müalicəyə başlayacaq 1500-ə yaxın talassemiya xəstəsi var. Bu preparat sayəsində xəstəliyin simptomlarını tamamilə aradan qaldırmaq mümkündür.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.