Sağlam həyat
Maraqlı

Sağlam həyat

Virusların "qənimi", ürəyimizin "dostu"

Payız mövsümünün ən faydalı meyvələrindən biri hesab edilən əncir artıq piştaxtalarda öz yerini almağa başlayıb. Xoş dadı və şirinliyi ilə seçilən bu meyvənin ta qədimdən xalq təbabətində istifadə olunduğu məlumdur. Araşdırmalar zamanı onun düşündüyümüzdən daha  çox xəstəliklərə müsbət təsir etdiyi ortaya çıxıb.

Kaliumla zəngin olan əncir ürək əzələsinin gücünü artıraraq  bizi infarktdan qoruyur. Zərərli xolesterin səviyyəsini də  qısa zamanda aşağı saldığı üçün onu ürəyimizin "dostu" adlandıra bilərik. Bundan əlavə,  immuniteti gücləndirərək  yoluxucu xəstəliklər zamanı hərarəti aşağı salır  və tərləmənin qarşısını alır. Tərkibindəki "fenol" adlı maddə bağırsaqlarda parazit  mikroorqanizmləri məhv edir. Bu səbəbdən də, əncirdən lyambliya kimi mikroorqanizmlərin törətdiyi xəstəliklərin müalicəsində istifadə olunur. Əncirin tərkibindəki benzaldehid adlı maddə  xərçəng hüceyrələrin böyüməsinin qarşısını alır, pektin isə  toxumaların cavanlaşmasına və kapilyarın möhkəmlənməsinə effektiv təsir edir.

Arıqlamaq istəyənlər üçün də əncir ideal  seçimdir. Tərkibində yağ olmadığı üçün bağırsaqların işini asanlaşdıran bu meyvə onu  toksinlərdən təmizləyir, piylənmənin qarşısını alır. Əncir bütün meyvələrin içərisində ən çox minerala sahibdir. 50 qram əncirdə 280 mq kalium, 60 mq kalsium, 1.5 qram isə dəmir mövcuddur. Bu səbəbdən də, uzun sürən xəstəliklərdən sonra orqanizmin bərpasında və müqavimətinin artmasında böyük rol oynayır. Əncirin təzəsi kimi, qurusu da mineral tərkibini və faydalı xüsusiyyətlərini özündə saxlayır.

Yuxarı tənəffüs yollarının bronxit, bəlğəmli öskürək kimi xəstəlikləri və səs tutulması zamanı geniş istifadə edilən əncir həmçinin,  ana südünü artırır, əzələ qıcolmalarını aradan qaldırır, yüksək qan təzyiqini aşağı salır. Bu baxımdan da, mütəxəssislər belə problemləri olan insanlara daha çox quru əncirdən  istifadə etməyi tövsiyə edirlər.

İnformasiya "Appetite" jurnalında yayımlanıb.

 

Hazır qidalardakı "ağ zəhər"

Mütəxəssislər son zamanlar hazır qidaların tərkibindəki orqanizmimiz üçün  təhlükəli hesab edilən  Çin duzu adlı qatqının həm asılılıq yaratdığını, həm də piylənmə və diabetdən  tutmuş bir sıra ciddi xəstəliklərə yol açdığını söyləyirlər.

Bu gün elmi adı "mono sodium glutamate", yəni MSG adlandırılan, ancaq xalq arasında Çin duzu kimi tanınan maddə dünyada ən çox istifadə edilən dadlandırıcılar sırasındadır. Qeyd edək ki, MSG adi halda ağ rəngli toz şəklindədir.

Çin duzunun insan orqanizminə zərərləri barədə fikirlər getdikcə daha geniş yayılır. Belə ki, aparılan araşdırmalar tərkibində bu maddə olan qidalardan çox istifadənin doymaq hissinin pozulmasına səbəb olaraq  piylənməyə yol açdığını göstərir. Həmçinin,  böyümə hormonuna da təsir göstərərək uşaqların inkişafına mane olur. Bununla yanaşı, böyrək və qaraciyərdə ciddi fəsadlara səbəb olur. Hamilə qadınlara tərkibində bu maddənin olduğu yeməklərdən istifadə tövsiyə edilmir. Çünki bu zaman ana ilə bərabər dünyaya gələcək körpə də mənfi təsirlərə məruz qala bilər.

Çin duzuna daha çox hansı qida maddələrində rastlandığına gəlincə isə bu siyahı çox uzundur. Ancaq hamının, xüsusən də uşaqların  yaxşı tanıdığı və çox sevdiyi çipslərin, ət suyu tabletlərinin, rəngli yoqurtların, hazır kotletlərin və  şorbaların  tərkibində olur.

Çin duzunun zərərləri təsbit edilsə də, hələlik bu maddədən istifadə qadağan edilməyib. Dünya Qida Kodeksi Komissiyası bu dadlandırıcının müasir texnologiyanın lazımi miqdarda istifadəsinə icazə verir. Bu isə o deməkdir ki, qida məhsullarında Çin duzu istifadəsində heç bir ölçü məhdudiyyəti yoxdur. Avropa Birliyi də MSG- nin "E 621" kodu ilə qidalarda istifadəsinə icazə verir. Ancaq bir çox mütəxəssislər zərərlərini göz önünə alaraq bu maddədən istifadənin qadağan edilməsini tələb edirlər.

İnformasiya "Sözcü" qəzetində dərc edilib.

 

COVID-19 demans xəstəliyi ilə əlaqələndirilir

Oksford Universitetinin COVID-19-la bağlı araşdırma aparan alimləri koronavirusa yoluxan insanlarda  təxminən  2 ildən sonra dalğınlıq, demans kimi psixi xəstəliklərin ortaya çıxma ehtimalının yüksək olduğunu söyləyirlər.

"The Lancet" jurnalında dərc edilən araşdırmaya görə, koronavirusa yoluxan milyonlarla insan digər respirator infeksiyalara yoluxanlarla müqayisədə bir neçə il  sonra daha çox nevroloji və psixiatrik pozğunluq riski ilə üzləşir. Bu pozğunluqlara demans və psixoz da daxildir. Bundan əlavə,  tədqiqat zamanı  həmçinin koronavirusa yoluxan insanlarda  depressiya riskinin  də yüksək olduğu, lakin bu problemin  xəstəlik keçirdikdən  qısa müddət sonra  aradan qalxdığı məlum olub.

Pandemiyanın başlanğıcından bəri dünyada təxminən 600 milyon insanın  COVID-19-a  yoluxduğu qeydə alınıb. Sağ qalanların böyük bir qisminin nevroloji pozğunluqlarla üzləşdiyinə dair  məlumatlar var.

Qeyd edək ki, əvvəlki tədqiqatlarda insanların bu virusa yoluxduqdan  6 ay sonra  müxtəlif nevroloji və psixi xəstəliklərlə üzləşdiyi aşkar edilmişdi. Lakin indiyə qədər  risklərin uzun müddət sonra artacağı barədə məlumat yox idi.

Oksford Universitetinin Psixiatriya Departamentinin tədqiqat qrupundan olan prof. Paul Harrison COVID-19-dan 2 il sonra belə, demansın meydana gəlməsini potensial təhlükə kimi qiymətləndirib.

 

Xərçəngin dərmanı bu meyvədə "gizlənibmiş"

İngiltərədə aparılan 20 illik araşdırmanın nəticələrinə görə, yetişməmiş yaşıl banan bəzi xərçəng növlərinin inkişaf riskini 60 faizə qədər azalda bilər.

Newcastle və Leeds Universitetlərinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı yetişməmiş, yaşıl halda olan bananın tərkibindəki nişastanın xüsusilə aşkarlanması çətin olan xərçəng növlərinin  azalmasında mühüm  rol oynadığı məlum olub.

"Yaşıl bananın tərkibindəki nişastanın bir sıra xərçəng növlərini 60 faizdən çox azaltdığını aşkar etdik. Bu təsir  bağırsaqların yuxarı hissələrində daha çox  özünü göstərdi. Bananın tərkibindəki nişasta meyvə tam yetişmədən və yumşalmadan öncə  parçalandığı  üçün bağırsaqlara tez çatır. Bağırsaqlara çatdıqdan sonra isə orada yaşayan bakteriyaların növünü dəyişə bilir. Onu da qeyd edim ki, nişastanın gündəlik miqdarı gün ərzində orta ölçülü yetişməmiş bir banana bərabərdir", - deyə Newcastle Universitetinin professoru John Mathers qeyd edib.

"Cancer Prevention Research" tibb jurnalında dərc edilən araşdırmaya görə, sınaq iştirakçılarına uzun illər ərzində yetişməmiş banan, yulaf, taxıllar, makaron, düyü, noxud və lobyanın təkibində olan  xüsusi nişasta növü verilib. Müxtəlif növ xərçənglərin inkişaf riskini artıran irsi xəstəlik olan Lynch sindromuna sahib 1000 nəfər iştirakçı iki il ərzində mütəmadi olaraq nişasta dozaları qəbul edib. Lakin yetişməmiş bananın qida borusu, mədə, öd yolları, mədəaltı vəzi və onikibarmaq bağırsaq kimi hissələrdə meydana gələn xərçəng növlərinə daha təsirli olduğu aşkar edilib. Qeyd edək ki, nişastanın təsiri xəstələr onu qəbul etməyi dayandırdıqdan 10 il sonra ortaya çıxıb.

Hazırladı: 

Elenora HƏSƏNOVA,

"Respublika".