Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Ağdam

Ağdamın Sarıcalı kəndində rayon icra hakimiyyətinin təşəbbüsü ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Təhsil proqramı layihəsi əsasında tikilən kitabxananın açılışı olub.

Açılış mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Təhsil proqramı üzrə koordinatoru Karla Huver, təhsil işçiləri, kitabsevərlər və kənd sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov tədbirdə çıxış edərək bilik mənbəyi olan kitabların cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirindən danışıb, kitabxananın ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib. Qeyd edib ki, kitabxana ərazidə yaşayan əhalinin maarifləndirilməsində mühüm rol oynayacaq. Sonra tədbir iştirakçıları kitabxanada yaradılan şəraitlə tanış olublar.

 

 

Ağcabədi

Kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılığın bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla, hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.

Rayonda baramaçılıqla məşğul olan kümçülər bu il yüksək məhsuldarlığa nail olublar. İpəkçilik sənayesində mühüm yer tutan keyfiyyətli yaş barama tədarükü artıq yekunlaşır.

Cari mövsümdə rayonun 44 inzibati ərazi dairəsi üzrə fəaliyyət göstərən 363 nəfər kümçü tərəfindən 884 qutu ipəkqurduna yüksək aqrotexniki qaydada qulluq göstərilib və bol barama yetişdirilib. Rayon baramaçıları iyun ayının əvvəlindən tədarükə başlayıblar. Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, kümçülər qəbul məntəqəsinə 32 min 702 tondan çox məhsul təhvil veriblər. Barama təhvilində Poladlı, Təzəkənd, Şahsevən, Rəncbərlər kəndlərindən olan kümçülər daha çox məhsul istehsal ediblər. Poladlı kəndi 1200, Təzəkənd kəndi 845, Rəncbərlər kəndi 797 və Şahsevən kəndi üzrə 690 kiloqram barama istehsal olunaraq tədarük məntəqəsinə təhvil verilib.

Rayonda barama tədarükü davam edir.

***

Torpağı münbit, adamları zəhmətə bağlı olan Hacıbədəlli kəndində cari təsərrüfat ilində yüksək məhsuldarlığa nail olan fermerlər və xüsusi mülkiyyətçilər taxıl və barama istehsalında yaxşı nəticələr əldə ediblər.

Əkin sahələrində keyfiyyətli taxıl yetişdirilib, gələcək pambıq məhsulunun möhkəm bünövrəsi qoyulub. Böyük zəhmət hesabına bol taxıl yetişdirən kənd sakini Maarif Muradov 2,20 hektar sahədən 9 ton buğda tədarük edib. Hər hektardan 45 sentner məhsul əldə edən Maarifin bərəkətli çöllərdə "sarı kəhrəba" istehsalını artırmaq əzmindədir. Kənd sakini Toğrul İbrahimov isə 1,5 hektar pay torpağından 6 tondan çox məhsul götürməyə nail olub. Qeyd edək ki, onlar torpağa yaxşı qulluq göstərdiklərinə, növbəlilik əsasında əkin işləri apardıqlarına görə yüksək məhsuldarlığa nail olurlar və hazırda kövşənlərdə təkrar əkin işlərinə başlanılıb.

***

Rayonun idman həyatında əlamətdar hadisə baş verib. Belə ki, 18-19 iyun 2022-ci il tarixində Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərində Taekvondo idman növü üzrə keçirilən "Croatia Open" beynəlxalq turnirində ağcabədili idmançılar yüksək nəticəyə nail olublar.

Respublikamızın milli yığma komandasının tərkibində həmin yarışda iştirak edən ağcabədili taekvondoçular xüsusilə fərqləniblər. Ölkəmizin adını ucaldan Vasif Səlimov 53 kiloqram çəki dərəcəsində I yerə, Səfər Behbudzadə isə 33 kq dərəcəsi üzrə II yerə layiq görülüb. İdmançılar doğma rayona qürur hissi ilə qayıdıblar. Qarşıda isə idmançıları daha mötəbər yarışlar gözləyir.

 

Salman ALIOĞLU,

"Respublika".