Əbədiyyətə qovuşan ömür
Sosial həyat

Əbədiyyətə qovuşan ömür

Vətən müharibəsi Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha  tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı,  şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Şəhidlərimizin keçdikləri qısa, keşməkeşli yollar göstərir ki, onlar bu şərəfli zirvəyə güclü iradəsi, əqidəsi, xarakteri ilə yüksəliblər. Odur ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu bu gün hər kəsə örnəkdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun sıralarında Həmdəm də Vətən müharibəsində iştirak edib, doğma torpaqlarımızı düşmən işğalından azad edərkən qəhrəmancasına şəhid olub. Polkovnik-leytenant Həmdəm Ağayev 44 günlük Vətən müharibəsinin ilk günündən öndə olub. Döyüş yoldaşları ilə bərabər misli görünməmiş şücaət göstərərək Şanlı Zəfərimizə dəyərli töhfələr verib. Ölkəmizin ərazi bütövlüyü məhz Həmdəm kimi oğullarımızın canı-qanı bahasına təmin edilib.

Həmdəm Mayıl oğlu Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Həmdəm 1993-1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə savaşıb. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm 1999-cu ildə ali hərbi təhsilini bitirir və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayır.

O, 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başlayıb. 2003-cü ildə Baş leytenant, 2004-cü ildə Kapitan, 2006-cı ildə Mayor, 2012-ci ildə isə Polkovnik-leytenant hərbi rütbəsi alıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 2010-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən “N” saylı hərbi hissənin komandir müavini - Qərargah rəisi vəzifəsində xidmət edib. 2018-ci ildən isə 4-cü Ordu Korpusunun Qərargah rəisi vəzifəsində çalışırdı.

Polkovnik-leytenant H.Ağayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 9-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib və paytaxdakı II Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidimizin vətənə əmanət bir oğul və bir qız övladı qalıb.

O, hələ sağlığında bir sıra təltiflərlə 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə",  "İgidliyə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Hərbi xidmətlərə görə", 1-ci və 2-ci dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi", "Azərbaycan Silahlı Qüvvələri Veteranı"  medalları ilə təltif olunub. Döyüş zamanı rəhbərlik etdiyi bölməni geri çəkərək düşmən postuna təkbaşına girərək, onlara qan udduran və qəhrəmancasına şəhid olan, polkovnik-leytenant Həmdəm Ağayevin adı Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 1 May küçəsinə verilib.

Həmdəm Ağayev şəhadətindən sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Torpaqlarlarımızın azadlığı və müstəqilliyi naminə canlarından keçən Həmdəm kimi şəhidlərin torpağıdır Vətən. Ölümü özünə şərəf sanan, öz əqidəsi, cəsarəti ilə şəhidlik zirvəsinə ucalan Həmdəmin adı torpaqlarımıza azadlıq gətirənlərin siyahısında ön sıradadır.

Vətən uğrunda canından, qanından keçən Həmdəm Ağayevin ailəsi üçün ən böyük təsəlli odur ki, artıq heç bir şəhidin qanı yerdə qalmayıb. İşğal olunan torpaqlarımız geri alınıb və o torpaqlarda yeni həyat başlayıb. 

M.MİRZƏ,

“Respublika”.