İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

V İslamiada: Rafiq Hüseynov möhtəşəm geridönüşlə qalib gəlib

Üçqat Avropa və dünya çempionu, yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Qızıl medal uğrunda mübarizədə təmsilçimiz Qırğızıstan idmançısı Kalidin Asikeyev ilə üz-üzə gəlib.

İlk hissədə hesabda geri olan güləşçimiz sonradan 6:3 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Eldəniz Əzizlidən qızıl medal

Yunan-Roma güləşçimiz Eldəniz Əzizli V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat Avropa və dünya çempionumuz Özbəkistan təmsilçisi Jasurbek Ortikboyevi 10:1 hesabı ilə məğlub edərək qızıl medala layiq görülüb.

Daha bir güləşçimiz gümüş medal qazanıb

Yunan-Roma güləşçimiz Ülvi Qənizadə (72 kq) V İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub.

Güləşçimiz həlledici görüşdə İran idmançısı Mahmud Rüstəmi ilə qarşılaşıb. Gərgin keçən görüşdə Ülvi Qənizadə 8:9 hesabı ilə məğlub olub və turniri ikinci pillədə başa vurub.

 

Qadın güləşçimiz Elis Manolova ikinci olub

Qadın güləşçimiz Elis Manolova (65 kq) V İslam Həmrəyliyi Oyunlarını ikinci pillədə yekunlaşdırıb.

O, çempionluq uğrunda mübarizədə qazaxıstanlı Yelena Şaliginaya məğlub olub və gümüş medalla kifayətlənib.  Qeyd edək ki, güləşçimiz 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı.

Elnurə Məmmədova da bürünc medal alıb

Qadın güləşçimiz Elnurə Məmmədova V İslamiadada bürünc medala sahib olub.

Turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz üçüncü yer uğrunda görüşdə tunisli Faten Hammamiyə 11:0 hesabı ilə qalib gəlib.

 

Taekvondoçularımız yarışları beş medalla başa vurublar

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında üç taekvondoçumuz yarışa qatılıb.

Turnirdə 74 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Məhəmməd Məmmədov ilk görüşündə qabonlu Mussa Amar Sisseye qalib gəlib. Ancaq dörddəbir finalda idmançımız Özbəkistan təmsilçisi Casurbek Casurova məğlub olaraq mübarizəni dayandırıb.

Millimizin digər üzvləri Fatimə Məcidova (62 kq) və Radik İsayev (+87 kq) ilk görüşdə məğlub olublar. Beləliklə, Azərbaycan taekvondoçuları V İslamiadanı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Minayə Əkbərova (46 kq), Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) isə bürünc medallara yiyələniblər.

 

Finalda məğlub olan idmançımız gümüş medalla kifayətlənib

Azərbaycanın qadın güləşçisi Gözəl Zutova V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

İdmançımız finalda türkiyəli Buse Çavuşoğluya "tuşe" ilə məğlub olub və İslamiadanın gümüş medalını qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".